UNESCO-nun dini təəssübkeşliyi
Siyasət

UNESCO-nun dini təəssübkeşliyi

UNESCO (Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu) missiyası Azərbaycanın işğaldan azad olunan Qarabağ bölgəsinə səfər etmək üçün müraciət edib. Rəsmi Bakı buna razılıq verib, lakin Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ağdamdakı dağıntıları da qeydə almağı təklif edib.

Qarşı tərəf isə bununla razılaşmayıb və birbaşa Xankəndiyə getmək, oradakı erməni abidələrinin vəziyyətini görmək istədiklərini bildirib. Qurumun bu mövqeyindən aydın görünür ki, ermənilərin 30 il ərzində Qarabağda törətdikləri vandalizm faktları UNESCO-nu maraqlandırmır. Tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş təşkilat ötən 3 il ərzində bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərməyib. Halbuki baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq sözügedən qurumun vəzifəsidir.

UNESCO-nun ikili standartlarını daha yaxşı anlamaq üçün əvvəlcə onun məramına nəzər salaq. Təşkilatın əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Qurum millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığı aradan qaldırmaq kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir. UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizəsidir. Amma Azərbaycana münasibətdə fərqli standartların şahidi oluruq. Bu mənada, düşünmək olar ki, qurum fərqli güclərin, dairələrin maraqlarına xidmət edərək əsl həqiqətlərin üzə çıxmasında, erməni vandalizminin dünyaya tanıdılmasında maraqlı deyil.

Halbuki işğaldan azad edilən ərazilərdə UNESCO-nun diqqətini çəkəcək  xeyli məqam var. Belə ki, Azıx mağarası Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal edən ermənilərin hərbi sursat anbarına çevrilib. Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən siliblər. İşğal altında saxladıqları məscidlər, türbələr və qəbiristanlıqları dağıdıblar, alban-xristian abidələrini isə erməniləşdiriblər. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng, Gəncəsər məbədinin albanlara məxsusluğunu göstərən elementlər silinib. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Keçmiş SSRİ-də yeganə Ağdamda olan Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib, dünyaşöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun evinin 300-dən çox əşyası talan olunub. Azərbaycan vokal sənətinin əsasını qoymuş Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin fondları erməni təcavüzkarları tərəfindən qarət edilib.

Azərbaycana məxsus tarixi, mədəni, dini abidələrin dağıdılması, yer üzündən silinməsi, bütöv bir xalqın mədəni irsinə qarşı vandalizm, vəhşilik deyil?  Bəs onda nəyə görə UNESCO bunlara göz yumub, baş verənləri sükutla qarşılayıb, vandallığa səsini çıxarmayıb, vəhşilərə dur deməyib? Üstəlik, Azərbaycanın tarixi abidələrinin dağıdılması barədə rəsmi Bakı daim UNESCO-nu və digər beynəlxalq qurumları məlumatlandırıb. Hələ 2007-ci ildə "Azərbaycana qarşı müharibə - mədəni irsə hücum" adlı kitab hazırlanıb və UNESCO-ya təqdim edilib. Bu kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer alıb. Amma qurum adekvat cavab verməyib, bir dəfə də olsun Ermənistana və erməni terrorçularına qarşı hər hansı bəyanatla çıxış etməyib. Yəni UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Bütün bunlar siyasi riyakarlığın və ikili standartların bariz nümunəsidir. Bunun səbəbi isə anlaşılandır. Görünür, 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində regionda formalaşan yeni geosiyasi reallıq bir çox siyasi dairələri narahat edir. Buna görə də bəzi qüvvələr Cənubi Qafqazda destruktiv siyasət yürütməyə, ikili oynamağa başlayıblar. Fəaliyyətini mandatına uyğun olaraq obyektiv, qərəzsiz həyata keçirməli olan UNESCO da bu prosesə cəlb olunub. Amma sözügedən qurum hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu, onun imicinə, müstəqilliyinə çox böyük bir zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır.

Azərbaycan bütün dinlərə aid abidələrə böyük hörmətlə yanaşır, onları mühafizə edir. Bütün dünya da buna şahiddir. Əgər UNESCO ədalətli mövqe sərgiləyər və regionda balansı qoruyarsa, o zaman beynəlxalq hüquqa, humanitar fəaliyyətə, multikulturalizmə böyük əhəmiyyət verən Azərbaycan qurum ilə səmərəli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır.

Jalə QASIMZADƏ,

"Respublika".