Ümummilli Lider Heydər Əliyev və insan hüquqları
Siyasət

Ümummilli Lider Heydər Əliyev və insan hüquqları

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Bu gün müstəqil Azərbaycanın milli dövlətçiliyinin qorunub saxlanılması və möhkəmlənməsində, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar sahələrin, habelə məhkəmə-hüquq sisteminin inkişafında, o cümlədən insan hüquqlarının səmərəli müdafiəsi istiqamətində uğurların əldə olunmasında misilsiz xidmətləri olmuş görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 ili tamam olur.

Dərin minnətdarlıq hissi ilə xatırlatmaq istərdim ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının təmini, dövlətdaxili hüquq müdafiə vasitələrinin, həmçinin bu sahədə müstəqil məhkəmədənkənar mexanizm olan Ombudsman təsisatının yaradılması ilə bağlı atılmış addımlar müstəsna əhəmiyyət kəsb etmişdir.

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuş və bu sahədə genişmiqyaslı islahatların əsası qoyulmuşdur.

Yaşamaq hüququnun təmininə və cəza-icra siyasətinin humanistləşdirilməsinə xidmət edən islahatlar

Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi hüquqi islahatlardan biri də beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş əsas təbii hüquqlardan biri olan yaşamaq hüququnun təmini ilə bağlı olmuşdur.

1993-cü ilin iyun ayından isə ölkəmizdə ölüm cəzasının tətbiqinə faktiki moratorium qoyulmuş və sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra olunmamışdır. Bunun ardınca isə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1998-ci il 10 fevral tarixli Qanuna əsasən, ölüm cəzasına məhkum olunmuş bütün məhkumların cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir.

Bir sıra ölkələrdə ölüm cəzasının ləğvi barədə hələ də qəti qərar qəbul edilmədiyi halda, cəza-icra siyasətinin humanistləşdirilməsi nəticəsində ən ağır cəza növü olan ölüm cəzasının Şərqdə ilk dəfə məhz bizim ölkədə cinayət qanunvericiliyindən çıxarılması humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin parlaq təzahürü kimi qiymətləndirilərək dünyada böyük əks-səda yaratmışdır.

Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Buna görə də cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olmuşdur. Beləliklə, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur.

Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşmuşdur.

Əsası Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti cənab İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünun irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, 1995-2023-cü illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzalamış olduqları ümumilikdə 69 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnmişdir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Yeri gəlmişkən, əfv məsələlərinin həlli ilə də bağlı ölkə Prezidentinə təkliflər verə bilmək səlahiyyətinə malik olan Ombudsman təsisatının fəaliyyət göstərdiyi dövr ərzində qaldırdığı vəsatətlər üzrə aralarında yetkinlik yaşına çatmayanlar, qadınlar, ahıllar, əlilliyi olan şəxslər, müxtəlif xəstəliklərdən əziyyət çəkənlər də daxil olmaqla, ümumilikdə 864, 2023-cü ildə isə 59 məhkum əfv olunmuşdur.

Təbii ki, dövlətin mütəmadi olaraq davam etdirdiyi humanizm siyasəti məhkumlarda, onların ailə üzvləri və digər yaxınlarında böyük sevinc hissi doğurmuş, eyni zamanda cəmiyyətdə ciddi tərbiyəvi məzmun kəsb etmişdir.

İnsan hüquqlarının təmininə zəmanət verən əsas qanunvericilik və institusional islahatlar

Müstəqilliyini bərpa etdiyi ilk dövrlərdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılmadan ölkəmizdə demokratik hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları sahəsində davamlı islahatların həyata keçirilməsinə də nail olmaq mümkün olmazdı.

Buna görə də hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan qanunun aliliyinin, hüququn üstünlüyünün, hər kəsin hüquq bərabərliyinin təmin edilməsinə yönəlmiş hüquqi islahatlar cəmiyyət həyatının bütün sahələrini əhatə edən ictimai münasibətlərin dolğun şəkildə nizama salınması üçün olduqca vacib bir məsələ kimi qarşıda dururdu. Bütün bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev ölkəmizdə hüquqi dövlət quruculuğuna məhz müasir tələblərə cavab verən normativ-hüquqi bazanın formalaşdırılması ilə bağlı islahatlardan başlamağı qərara almışdır. Hüquqi islahatların həyata keçirilməsi üçün isə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi zərurəti yaranmışdı.

Görkəmli alimlər, hüquqşünaslar, mütəxəssislər və rəhbər işçilərdən ibarət yaradılmış Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyasının 1995-ci il iyul ayının 5-də keçirilmiş ilk iclasında geniş nitq söyləyən Komissiyanın sədri Heydər Əliyev demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".

İnsan hüquq və azadlıqları ilə bağlı müddəaların əks oldunduğu mükəmməl ali qanunvericilik aktının olması demokratik prinsiplərə əsaslanan ölkələrdə ən mühüm amillərdən biri hesab olunur. Bu mənada müstəqil dövlətimizin yeni Konstitusiya layihəsinin hazırlanması zamanı həm xalqımızın çoxəsrlik dövlətçilik ənənələri, həm də ümumbəşəri dəyərlər və dünyanın demokratik dövlətlərinin təcrübəsi nəzərə alınmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildikdən sonra insan hüquqlarının səmərəli təmini məqsədilə milli qanunvericiliyin, idarəetmənin, institusional mexanizmlərin yenidən qurulması və inkişaf etdirilməsi sahəsində genişmiqyaslı islahatların aparılması üçün hüquqi bazanın əsası qoyulmuşdur.

Mütərəqqi haldır ki, ikinci bölməsinin 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr olunmuş Konstitusiyanın 12-ci maddəsinin I hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.

Ümummilli Liderin təşəbbüsü ilə aparılmış hüquqi islahatlar sırasında 2002-ci ilin avqust ayında keçirilmiş referendum nəticəsində Konstitusiyada bir sıra mütərəqqi dəyişikliklərin edilməsi də mühüm yerlərdən birini tutmuşdur.

Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar fonunda sürətlə qloballaşmaqda olan müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibətilə müəyyən olunur. İnsan hüquq və azadlıqlarının təmini məsələlərinə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyev bu sahədə yeni qanunvericilik aktlarının qəbul edilməsi də daxil olmaqla ictimai həyatın bütün sahələrini əhatə edən hüquqi islahatların davam etdirilməsini daim diqqət mərkəzində saxlamışdır.

Bununla əlaqədar Ümummilli Lider tərəfindən imzalanmış 1996-cı il 21 fevral tarixli Sərəncamla Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyasının yaradılması hüquq sistemində Sovet ittifaqından miras qalmış prinsip, norma və institutların aradan qaldırılması, mütərəqqi inkişafa və beynəlxalq aləmə hüquqi inteqrasiya prosesinin güclənməsinə xidmət etmişdir.

Qanunların və digər normativ-hüquqi aktların hazırlanması, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin yenidən qurulması, əhalinin hüquq düşüncəsinin və cəmiyyətin hüquq mədəniyyətinin səviyyəsinin yüksəldilməsi, hüquqi informasiyanın axtarılması və istifadəsi sisteminin təkmilləşdirilməsi kimi tədbirləri özündə ehtiva edən adıçəkilən Komissiyanın beynəlxalq standartlara cavab verən bir sıra yeni qanunların, məcəllələrin və digər normativ-hüquqi aktların layihələrinin hazırlanmasında böyük rolu olmuşdur.

Bu çərçivədə "Konstitusiya Məhkəməsi haqqında" 1997-ci il 21 oktyabr tarixli ilk Qanun qəbul edildikdən bir müddət sonra - 1998-ci il 14 iyul tarixində səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan, Konstitusiyanın aliliyinin təmin edilməsi, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsi istiqamətində səmərəli fəaliyyət göstərən Konstitusiya Məhkəməsi yaradılmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl tədbirlər həyata keçirməklə yanaşı, insan hüquqlarının təmini baxımından mühüm əhəmiyyətə malik olan sosial-iqtisadi inkişafın və ictimai-siyasi sabitliyin təmin edilməsinə də daim xüsusi diqqət yetirmişdir.

Əhalinin layiqli həyat səviyyəsinin təmini məqsədilə sosialyönümlü islahatların həyata keçirilməsi daim prioritet məsələlərdən olmuş, bu isə ilk növbədə, hər il üzrə dövlət büdcəsindən sosial məsələlərin həlli üçün ayrılan vəsaitin artırılması, yeni sənaye obyektlərinin, iş yerlərinin açılması ilə məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial cəhətdən həssas əhali qruplarına aid edilən şəxslərin, o cümlədən uşaqların, əlilliyi olan şəxslərin, ahılların, qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərmişdir.

Siyasi hüquqlar sırasında özünəməxsus yerlərdən birini tutan və hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsində mühüm rola malik olan seçki hüququnun daha səmərəli təmin edilməsi Ulu Öndərin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Bu məqsədlə seçki qanunvericiliyinin və praktikasının təkmilləşdirilməsi, seçki hüququna dair təhsil və tədrisin vahid sisteminin yaradılması, seçicilərin hüquqi biliklərinin və fəallığının artırılması istiqamətində mütərəqqi addımlar atılmışdır.

Avropa Şurasının Venesiya Komissiyasının da iştirakı ilə Avropa standartlarının tələblərinə uyğun hazırlanaraq qəbul edilmiş Seçki Məcəlləsi ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin, referendumların azad, şəffaf, ədalətli və demokratik şəraitdə keçirilməsi üçün normativ-hüquqi baza rolunu oynayır.

Söz, fikir və mətbuat azadlığının təmini sahəsində islahatlar

Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilən söz, fikir və mətbuat azadlığı dedikdə vətəndaşların öz fikir və əqidələrini hər şəkildə, o cümlədən media resurslarında ifadə etmək, məlumat axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququ nəzərdə tutulur.

Ümummilli Lider tərəfindən uğurla aparılmış genişmiqyaslı islahatlar nəticəsində ölkəmiz insan hüquqları, o cümlədən onun ayrılmaz hissəsi olan söz, fikir və mətbuat azadlığının təmini ilə bağlı mövcud olan əksər beynəlxalq müqavilələrə qoşulmuş, medianın inkişafı üçün münbit şərait yaradılmışdır.

Medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, onun maddi-texniki təchizatının yaxşılaşdırılması üçün həyata keçirilmiş davamlı tədbirlər mətbuat azadlığının təmini, yeni müstəqil media subyektlərinin təsis edilməsi və inkişafı ilə bağlı süni maneələrin aradan qaldırılmasına etibarlı zəmin yaratmışdır.

Mətbuat üzərindən dövlət nəzarətinin tamamilə aradan qaldırılması üçün "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında 1992-ci il 16 aprel tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 1993-cü il 15 aprel tarixli Sərəncam qüvvədən düşmüş hesab edilmişdir.

"Kütləvi informasiya vasitələri haqqında" 1999-cu il 7 dekabr tarixli Qanun qəbul olunmuş və 20 ildən çox müddət ərzində, yəni "Media haqqında" 2021-ci il 30 dekabr tarixli yeni Qanunun qüvvəyə mindiyi günədək mövcud ictimai münasibətlərin tənzimlənməsi məhz həmin qanunla həyata keçirilmişdir. Qanunda isə xususi olaraq qeyd edilmişdir ki, kütləvi informasiya vasitələri üzərində senzuraya - vəzifəli şəxslərin, dövlət orqanlarının, müəssisələrin, təşkilatların, idarələrin, yaxud partiyaların, digər ictimai birliklərin kütləvi informasiya vasitəsi redaksiyasından hər hansı xəbər və materialı (vəzifəli şəxsin müəllif olduğu, yaxud müsahibə verdiyi hallardan başqa) onlarla əvvəlcədən razılaşdırmaq tələblərinə yol verilmir.

Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması, söz, fikir və məlumat azadlığının qorunması, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsinin təmini məqsədilə hazırlanmış "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı" ölkə Prezidentinin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş və müvafiq dövr ərzində uğurla icra edilmişdir.

Eyni zamanda Ulu Öndər tərəfindən imzalanmış "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında" 2001-ci il 20 iyul tarixli Fərmanın, "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" 2001-ci il 27 dekabr tarixli Sərəncamın icrası ilə əlaqədar bu sahədə bir sıra uğurlar əldə olunmuşdur.

Bu sırada latın qrafikasına keçidlə bağlı maddi çətinliklərin aradan qaldırılması, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük idxal rüsumunun azaldılması, özəl televiziyalar və radiolar üçün lisenziya və radio tezliklərin verilməsi işinin təkmilləşdirilməsi, ölkədə müstəqil teleradio şirkətlərinin yayım dairəsinin genişləndirilməsi, yayımın texniki vəziyyətinin yaxşılaşdırılması, özəl mətbəələrin inkişafının stimullaşdırılması, media məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələrin, media məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat-poliqrafiya fəaliyyətinin əlavə dəyər vergisindən azad olunması kimi tədbirləri də xüsusi olaraq vurğulamaq yerinə düşər.

Dövlətin ali məqsədinə xidmət edən təsisatın yaradılması və insan hüquqlarının inkişafı ilə bağlı hüquqi islahatlar

Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə başçılıq etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının müdafiə və təmin edilməsi ən çox diqqət yetirilən məsələlərdən biri olmuş, qısa müddət ərzində həyata keçirilmiş hüquqi islahatlar çoxsaylı qanunvericilik aktlarının qəbul olunması, fərman və sərəncamların imzalanması yeni hüquq-müdafiə mexanizmlərinin formalaşdırılması ilə nəticələnmişdir.

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından heç birinə aid olmayan, lakin öz mahiyyətinə, həyata keçirdiyi əhəmiyyətli funksiyalara görə dövlətin ali məqsədi olan insan hüquqlarının məhkəmədənkənar müdafiəsinə xidmət edən, bununla əlaqədar qanunvericiliyin, institusional mexanizmlərin və idarəetmənin təkmilləşdirilməsi sahəsində təkliflər irəli sürən, dövlət qurumları ilə əhali arasında bir növ "mənəvi körpü" rolunu oynayan, geniş mandata malik müstəqil bir qurum kimi tanınan Ombudsman təsisatı da məhz Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə yaradılmışdır.

Xalqın iradəsi ilə siyasi hakimiyyətdə olduğu illərdə öz əməli fəaliyyətində insan hüquqları amilini hər zaman əsas meyar kimi rəhbər tutan Ulu Öndərin ölkə Prezidenti kimi imzalamış olduğu "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanında, eyni zamanda bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq etdiyi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmışdır.

Ombudsman təsisatının yaradılması ilə bağlı hüquqi və maddi-texniki bazanın formalaşdırılması istiqamətində həyata keçirilmiş islahatlar nəticəsində 2001-ci il 28 dekabr tarixində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olunmuşdur. Daha sonra 2002-ci il 5 mart tarixində bu Qanunun tətbiq edilməsi barədə Fərman imzalanmışdır. Həmin ilin 2 iyul tarixində bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilmişdir. Bundan bir qədər sonra - 2002-ci il 28 oktyabr tarixindən isə Ombudsman Aparatında müraciətlərin qəbuluna başlanılmışdır.

Göründüyü kimi, Ombudsmanın fəaliyyətini tənzimləyən əsas qanunvericilik aktı məhz ən yüksək və birbaşa hüquqi qüvvəyə malik Konstitusiyanın ayrılmaz hissəsi olan Konstitusiya Qanunudur. Bu isə ölkəmizdə insan hüquqlarına yüksək səviyyədə verilən ali dəyərin bariz təzahürü olmaqla bərabər, həm də bir daha təsdiq edir ki, Ombudsman təsisatı insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində mühüm funksiyaları yerinə yetirən müstəqil, qərəzsiz və nüfuzlu bir qurumdur.

Müvəkkilin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olması, dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi, maddi və sosial təminatları onun müstəqilliyini şərtləndirən təminatlar sırasındadır. Həmçinin seçildiyi gün Milli Məclisin iclasında içdiyi andın mətnində də Müvəkkilin müstəqil və qərəzsiz fəaliyyət göstərməsi xüsusi olaraq vurğulanır. Bundan əlavə, hətta fövqəladə və ya hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin elan edilməsinin Müvəkkilin fəaliyyətini dayandırmadığı və ya məhdudlaşdırmadığı da Konstitusiya Qanununda təsbit olunmuşdur.

Müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi fəaliyyət göstərən Ombudsman Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxmaqla ölkəmizin yurisdiksiyası altında olan hər kəsin, eləcə də uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların, şəhid ailələrinin və müharibə veteranlarının, hərbi qulluqçuların, sosial cəhətdən həssas digər əhali qruplarının hüquqlarının müdafiəsini heç bir ayrı-seçkiliyə yol verilmədən həmişə diqqət mərkəzində saxlayır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Ombudsman təsisatı artıq 22 ildir ki, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında uğurla fəaliyyət göstərərək pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsinə, eyni zamanda insan hüquqları pozuntularının qarşısının alınmasına, o cümlədən cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına öz töhfəsini verməkdə davam edir.

Son dörd ildən artıq müddət ərzində Müvəkkilin fəaliyyətinin daha səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi nəticəsində bir sıra yeni struktur vahidlərinin yaradılmasına nail olunmuşdur.

Təqdirəlayiq haldır ki, Ombudsman təsisatının fəaliyyətinin səmərəliliyinin artırılmasına hər zaman dövlət tərəfindən yüksək dəstək göstərilir. Yeri gəlmişkən, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" münasibətilə yubiley medalının təsis edilməsi də təsisatın fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Bu medalla ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.

İnsan hüquqları sahəsində həyata keçirilən davamlı islahatlar fonunda dövlətin fəal dəstəyi ilə yeni dövrün tələbləri və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla qəbul edilmiş "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanunu ilə Ombudsmanın mandatı daha da genişləndirilmişdir.

Belə ki, Konstitusiya Qanununun əvvəlki redaksiyasında Ombudsman vəzifəsinin dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqlarının və azadlıqlarının bərpa edilməsi üçün təsis edildiyi vurğulanırdı. Son redaksiyada isə bu vəzifənin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik-hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, eyni zamanda Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edildiyi qeyd olunmuşdur.

"Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" konvensiyaların həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyətin təsbit olunması, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq etmək, bu məqsədlə müqavilələr (sazişlər) bağlamaq və beynəlxalq qurumlarda təmsil olunmaq mandatı, həmçinin müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri ilə bağlı müddəalar da Konstitusiya Qanununa daxil edilmiş son dəyişikliklərdir. Bu dəyişikliklər Ombudsmanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiq edilməsinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına yönəlmişdir.

Ümumiyyətlə, hazırda son yeniliklər də nəzərə alınmaqla, Ombudsmanın mandatına daxil olan məsələləri əsasən aşağıdakı kimi qruplaşdıra bilərik:

  • "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirmək. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkmək;
  • dövlət orqanlarının, bələdiyyələrin, publik-hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (informasiya sahiblərinin) "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirmək;
  • "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq edə, bu məqsədlə müqavilələr bağlaya, beynəlxalq qurumlarda təmsil oluna bilmək;
  • əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə Prezidentinə təkliflər verə bilmək;
  • Milli Məclisə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair, həmçinin amnistiya elan edilməsi barədə təklif verə bilmək;
  • məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, həmçinin məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq;
  • winsan hüquqları sahəsində Dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilmək;
  • insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda, onların bərpası üçün səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə ölkə Prezidentinə müraciət etmək, Milli Məclis qarşısında məruzə ilə çıxış etmək;
  • dövlət orqanının, bələdiyyənin və digər qurumun, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;
  • şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

Davamlı olaraq həyata keçirilən hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqları sahəsində çoxsaylı beynəlxalq müqavilələr ölkəmiz tərəfindən ratifikasiya edilmiş, yeni Dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, strateji yol xəritələri kimi mühüm sənədlər təsdiq edilərək icra olunmuş və bu proses hazırda da davam etdirilir.

Bu sırada Ümummilli Liderin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın məntiqi davamı olaraq, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə "İnsan hüquqlarının müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı"nın, 2011-ci ildə isə "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi ilə ötən dövr ərzində bu sahədə çoxsaylı tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyətə malik olmuşdur.

Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi 18 iyun tarixi möhtərəm Prezidentimizin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmiş və həmin tarix əlamətdar gün kimi hər il geniş qeyd olunur.

Bununla əlaqədar yaxın günlərdə tərəfimizdən ənənəvi olaraq hər il olduğu kimi 18 may - 18 iyun tarixlərinin ölkədə "İnsan Hüquqları Aylığı" elan edilməsi və bu çərçivədə müxtəlif aktual mövzulara həsr olunmuş maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı dövlət orqanlarına, bələdiyyələrə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına, media subyektlərinə, həmkarlar ittifaqlarına və digər aidiyyəti qurumlara çağırış edilməsini nəzərdə tuturuq.

Məlum olduğu kimi, ötən il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması ilə əlaqədar ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il ölkədə "Heydər Əliyev İli" elan olunmuşdur.

Bununla bağlı ötən il Ombudsman Aparatı və regional mərkəzlər tərəfindən dövlət qurumlarının, hüquq-mühafizə, yerli icra və yerli özünüidarə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Heydər Əliyev və hüquqi dövlət quruculuğu", "Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı", "Ümummilli Lider Heydər Əliyev insan hüquqları sahəsində islahatların və müasir milli hüquq müdafiə mexanizmlərinin banisidir", "Heydər Əliyev və Azərbaycanda qadın hüquqları", "Heydər Əliyev və uşaq hüquqları", "Heydər Əliyev və Azərbaycanda multikultural dəyərlər", "Heydər Əliyev və şanlı Zəfər tariximiz", "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi", habelə digər aktual mövzular üzrə maarifləndirmə tədbirləri keçirilmişdir.

Ombudsman tərəfindən ənənəvi olaraq hər il 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə elan olunan jurnalist yazı və uşaq rəsm müsabiqələri də ötən il məhz "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları" mövzusuna həsr edilmişdir.

Bununla yanaşı, ötən il Ombudsman tərəfindən Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu", "Ölkəmizdə hüquqi dövlət quruculuğu və insan hüquqları sahəsində islahatların müəllifi", 18 İyun - Azərbaycanda İnsan Hüquqları Gününə həsr edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramının təsdiqindən 25 il ötür", Ümumdünya Uşaqlar Gününə həsr olunmuş "Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi", 18 Dekabr - Beynəlxalq Miqrant Gününə həsr edilmiş "Miqrasiya və insan hüquqları: Qlobal trendlər və milli çağırışlar" adlı məqalələri dərc edilmiş, rəsmi internet səhifəsində yerləşdirilmişdir. Eləcə də Konstitusiya Məhkəməsi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Sərhəd Xidməti, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı keçirilmiş konfranslarda məruzələr edilmişdir.

Əvvəldə qeyd olunanları ümumiləşdirərək demək olar ki, Ulu Öndərin müstəqil dövlətimizə başçılıq etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının müdafiə və təmin edilməsi ən çox diqqət yetirilən məsələlərdən biri olmuş, müstəqilliyin ilk dövrlərində çoxsaylı qanunvericilik aktlarının qəbul olunması, fərman və sərəncamların imzalanması, Dövlət proqramlarının təsdiqlənməsi, yeni hüquq müdafiə mexanizmlərinin formalaşdırılması ilə bağlı geniş hüquqi islahatlar aparılmışdır. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan insan hüquqları sahəsində mühüm nailiyyətlər əldə edərək bir çox parametrlər üzrə inkişaf edən ölkələr sırasındadır.

Son illərdə insan hüquqları sahəsində əldə olunmuş uğurlar bir daha təsdiq edir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı siyasət hazırda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın isə fəal dəstəyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun olaraq uğurla davam etdirilir və bu, bizi dövlətin ali məqsədinin təmini naminə daha da əzmlə çalışmağa səsləyir.

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman),

hüquq üzrə fəlsəfə doktoru.