Sülhü təşviq edən Azərbaycan
Siyasət

Sülhü təşviq edən Azərbaycan

Ölkəmizin münasibətləri normallaşdırmaq istiqamətində səyləri davam edir

"Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik". Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda bildirib.

"Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur", - deyən dövlətimizin başçısı vurğulayıb ki, bəzən əsassız olaraq bizi bunda ittiham edirlər. Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Azərbaycan Prezidenti deyib: "Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam".

İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlət başçısı qeyd edib ki, otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq. Sülh müqaviləsinin prinsiplərinin tərtib edilib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu deyən Prezident İlham Əliyev bildirib: "Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil".

Ölkəmizin münasibətlərin normallaşdırılması istiqamətində səyləri davam edir. Yeni reallıqlar, son danışıqlar, baş verən mühüm hadisələr regionda sülhün əldə olunması üçün böyük ümid yaradır. Azərbaycan tezliklə sülh sazişinin bağlanması məqsədilə Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Hər iki ölkə gələcək münasibətləri ilə bağlı birgə qərar verməlidir. Bu günlərdə Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax rayonunda sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası keçirilib. Azərbaycan və Ermənistan Sovet İttifaqı dağılandan və Qarabağ münaqişəsi başlayandan bəri ilk dəfə birgə bəyanat imzalayıb. Bəyanat heç bir vasitəçi və ya üçüncü tərəf olmadan, Azərbaycan və Ermənistanın əsas siyasi qurumları tərəfindən verilib.

Belə ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Azərbaycan və Ermənistan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Aparılmış danışıqlar nəticəsində etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini, Ermənistan Respublikası 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. Yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan və Ermənistan müzakirələri davam etdirəcək və iki ölkə arasında qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller sosial media hesabında bildirib ki, bu, tərəflərin sülh sazişini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üçün çalışdığı bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Cənubi Qafqaz xalqlarının dinc və firavan gələcəyi üçün zəmin yaratmaq səylərinə görə alqışlayırıq. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Azərbaycanla Ermənistanın birgə bəyanatını müsbət qiymətləndirib. Aİ Azərbaycan və Ermənistanda saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə bəyanatını alqışlayır. Bu, mühüm siyasi addımdır. Sülhə nail olmaq üçün tarixi şansın olduğunu və bu səyləri dəstəkləməyə sadiqliyini ifadə edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu barədə "X" sosial hesabında yazıb: "Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin başçılıq etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. Mən indi liderləri Azərbaycan-Ermənistan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün siyasi iradənin nümayişidir.

Mustafa KAMAL,

"Respublika".