Uğurlu islahatlar yeni iş yerlərinin yaradılmasına təkan verir
Sosial həyat

Uğurlu islahatlar yeni iş yerlərinin yaradılmasına təkan verir

Son illərdə düşünülmüş və çevik siyasətin reallaşdırılması nəticəsində milli iqtisadiyyatın dinamik  inkişafı təmin edilmişdir. Ölkənin gələcək inkişafı üçün güclü istehsal, maliyyə potensialı, infrastruktur və institusional baza yaradılmış, digər vacib problemlərlə yanaşı, regionların sosial-iqtisadi inkişafı istiqamətində ciddi irəliləyiş əldə olunmuşdur.

Ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Bir sıra ölkələrin iqtisadi böhran yaşadığı hazırkı dönəmdə Azərbaycan iqtisadiyyatı sabit addımlarla irəliləyir. Bu da sosial proqramların uğurla reallaşdırılmasına təminat verir. Respublikamızda iqtisadi sferada inkişafı göstərən vacib cəhətlərdən biri sosialyönümlülük faktorunun daim ön planda olmasıdır. Belə ki, reallaşan sosial siyasətin əsas fəlsəfəsi hər bir vətəndaşın yüksək rifahının təmin olunmasıdır. Bu baxımdan aparılan məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.

Əlverişli sosial şəraitin yaradılması, bütün ölkə miqyasında iqtisadi inkişafın sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun təmin edilməsi vətəndaşlarımızın davamlı gəlirləri üçün əsas təşkil edir. Bu, dövlətin sosial siyasətinin başlıca məqsədləridir. Prezident İlham Əliyevin dediyi kimi, “layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq”.

Avqustun 12-də İsmayıllı  rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev demişdir: “Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır”.

Ölkə başçısı bildirib ki, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb. İş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki əhali artır, iş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm layihələrin icrası,  eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur.

Ümumiyyətlə, bu gün Azərbaycanda gündəmdə olan əsas məsələlərdən biri budur ki, insanlar işlə təmin edilsinlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari  ilin altı ayı ərzində ölkədə 33,5 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92 faizi qeyri-dövlət sektorunda yaradılıb.Yeni açılmış iş yerlərinin 81,1 faizi Bakı şəhərinin, 0,4 faizi Naxçıvan Muxtar Respublikasının, 18,5 faizi digər regionların, o cümlədən 3,9 faizi Abşeron-Xızı, 2,6 faizi Şəki-Zaqatala, 2,1 faizi Gəncə-Daşkəsən, 2 faizi Quba-Xaçmaz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 1 faizi Qarabağ, 1 faizi Qazax-Tovuz, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Mil-Muğan, 0,6 faizi Dağlıq Şirvan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Ölkəmizin sosial-iqtisadi inkişafına yönəldilən Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsinə, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına, yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.

Artıq xeyli vaxtdır dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində də Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini qətiyyən zəiflətməmişdir. Ümumiyyətlə, koronavirusun sosial-iqtisadi sahəyə vurduğu ziyanın minimum olması üçün hələ pandemiyanın əvvəlindən ölkədə genişmiqyaslı qabaqlayıcı tədbirlər görülmüşdür. İqtisadi inkişafın təmin olunması üçün bir sıra əsaslı proqramlar işlənib hazırlanmışdır və onlar həyata keçirilməkdə davam edir.

Ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

Prezident İlham Əliyevin ilk fərmanlarından biri məhz “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” olmuşdur. 2008-ci ilə qədər olan 4 il ərzində 600 minə yaxın yeni iş yerləri yaradılmış, onun da çox hissəsi daimi iş yeri olmuşdur. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş  məqsədyönlü tədbirlər nəticəsində isə ölkədə 766 mindən çox yeni, o cümlədən 547,5 min daimi iş yeri açılmışdır. Bu proqram nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da 40 faizə qədəri regionlarda fəaliyyət göstərir. Yeni yaradılmış müəssisələrin 88 faizdən çoxunu xüsusi mülkiyyətli müəssisələr təşkil etmişdir.

 Ümumiyyətlə, Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Odur ki, Dövlət proqramlarının uğurlu icrası görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Beləliklə, respublikamızda həyata keçirilən məqsədyönlü tədbirlər sahibkarlığın inkişafına, yeni müəssisələrin yaradılmasına və iş yerlərinin açılmasına insanların rifah halının yüksəlməsinə və yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olub.                                        

                                                           M.MİRZƏ,

                                                                                                      “Respublika”.