Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün türk dünyasını və sözsüz ki, ilk növbədə Azərbaycanı sarsıtdı. Bir millət, iki dövlət amalı ilə yaşayan Azərbaycan və Türkiyə hər iki dövlətin, xalqın istər pis, istər yaxşı günlərində hər zaman bir-birinin yanında olublar, bir-birinin sevincini də, kədərini də bölüşüblər. Əlbəttə ki, təbii fəlakət səbəbilə əsl faciə yaşanan bu günlərdə də Azərbaycan Türkiyənin yanındadır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan dövləti zəlzələnin baş verdiyi ilk gündən qardaş Türkiyəyə yardım göstərilməsi ilə bağlı tədbirlər görməyə başlayıb.
Dövlət başçısının göstərişi ilə FHN-in xilasetmə briqadalarını, o cümlədən tibbi heyəti aparan təyyarələr dərhal Türkiyəyə, fəlakət zonasına göndərildilər. Qardaş ölkəyə humanitar yardım kampaniyasının tərkib hissəsi olaraq, Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Səninləyəm, Türkiyə!" adlı kampaniya elan edib. Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər.
Azərbaycan dövlətinin qardaş Türkiyəyə dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu da zəlzələdən zərərçəkmiş insanlara yardım göstərilməsi istiqamətində intensiv tədbirlərini davam etdirməklə bu işə misilsiz töhfələr verməkdədir. Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır. Fəlakətdən dərhal sonra Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Bununla yanaşı, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Mehriban xanım Əliyevanın göstərişinə əsaslanaraq, həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına start vermişdir. Kampaniya çərçivəsində 8-14 fevral tarixlərində Türkiyənin zəlzələ olan regionlarında ehtiyac duyulan ləvazimatlar toplanaraq təbii fəlakət zonasına yola salınmışdır. Qürurverici haldır ki, Bakıda və rayonlarda sərt hava şəraitinin olmasına baxmayaraq, kampaniya keçirilən məkanda əsl izdiham yarandığını görmək mümkündür. Eyni zamanda Azərbaycanın bütün bölgələri də Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Bu gün hər bir azərbaycanlı qardaş Türkiyəyə yardım etməyi özünün mənəvi borcu hesab edir.
Azərbaycan dövlətinin qardaş Türkiyəyə yardımı həqiqətən də çoxşaxəlidir. Bilavasitə, fəlakət zonasında axtarış-xilasetmə işlərində iştirak edən mütəxəssislərdən, səhra şəraitində yaralılara ən yüksək səviyyədə tibbi yardım göstərən peşəkar həkim və tibbi personaldan, Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllülərindən başqa, bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox səhiyyə müəssisələrində də Türkiyədən yaralıların qəbulu üçün hazırlıqlar görülüb. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi üçün bütün şərait var. Bu məqsədlə artıq həm Bakıda, həm də digər şəhərlərdə müvafiq tədbirlər görülüb, xəstəxanalarda çarpayılar ayrılıb. Bütün bunlar Türkiyə-Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.
Novruzəli ASLANOV,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı.