Transxəzər nəqliyyat dəhlizi: regionun mənzərəsi dəyişəcək
Siyasət

Transxəzər nəqliyyat dəhlizi: regionun mənzərəsi dəyişəcək

Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat infrastrukturu və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Tarixi İpək Yolu üzərində geniş iqtisadi zolağın yaradılmasını fəal şəkildə dəstəkləyən Azərbaycan həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Bu, yüklərin daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

Hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarında Şərq-Qərb marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat tranzit potensialından istifadə edilməsinin vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Ona görə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin mühüm uğurlarından sayılır. Bu marşrut 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının birgə təşəbbüsü ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Avropa İttifaqı ölkələri ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır. Statistik göstəricilər də bu fikri təsdiqləyir.

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu 2016-cı ildə Bakıda keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operator şirkətlərinin yığıncağında təsis olunmuş, Azərbaycanın "ADY Express" MMC və "ACSC Logistics" MMC, Qazaxıstanın "KTZ Express" AC, Gürcüstanın "Trans Qafqasus Terminals" MMC konsorsiuma üzv kimi daxil edilmişdir. Yığıncaqda Transxəzər Beynəlxalq Konsorsiumunun idarəetmə strukturu, Müşahidə Şurasının yaradılması məsələsi müzakirə edilmiş və bu haqda qərar qəbul olunmuşdur. Müşahidə Şurasına konsorsiuma daxil olan hər üzv şirkətin bir nümayəndəsi daxil edilmişdir.

2019-cu ilin iyununda Qazaxıstanın paytaxtı Nursultanda keçirilən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin və İşçi qrupunun iclasında lider gəmilərin iştirakı ilə Xəzər dəniz limanları (Aktau, Bakı-Ələt) arasında dəniz yolu-su nəqliyyat və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner qatarlarının təşkili zamanı yüklərin daha tez çatdırılması üçün daşıma texnologiyası müzakirə olunub.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xəttilə bu ilin aprel ayında Hövsan limanına ilk dəfə yük çatdırıb. Yükün daşınması ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə həyata keçirilib. Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TFU konteyner olub. Bu il mayın 10-da Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının açılış mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi Türkiyə üçün çox əhəmiyyətlidir. Hüquqi Şəxslər Birliyi verdiyi qərarlar və gördüyü işlərlə Transxəzər bölgəsində ticarəti asanlaşdırır, yükdaşımaları və "Orta dəhliz"in cəlbediciliyini artırır. Üzv ölkələr arasında yükdaşımalarında ortaq tarifin yaradılması, dəhlizdən keçən tranzit yüklərin həcminin artırılması ilə bərabər, həmçinin məhsul çeşidliliyinin təmini də çox mühümdür. Sərhəddən keçidin asanlaşdırılması üçün Avtomatlaşdırılmış İnteqrasiya Sisteminin tətbiqi də vacib hesab edilir.

Son vaxtlar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) əsas nöqtələrindən olan Aktau dəniz ticarət limanı, Kurın limanı və Aktau dəniz şimal terminalı daşımaların həcmini 2 dəfə artırıb. Bu ilin əvvəlindən Aktau dəniz ticarət limanında 1,2 milyon tondan çox yük aşırılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Bu il TİTR marşrutu üzrə daşımaların həcmi 6 dəfə - 3,2 milyon tonadək artırılacaq. Qeyd edək ki, TİTR, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) bir hissəsi olan Aktau dəniz şimal terminalı yükləri İran, Rusiya və Azərbaycan limanlarına göndərir.

Xatırladaq ki, Orta Dəhliz kimi də tanınan TİTR, Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə qədər uzanır və yeni İpək Yolunun bir hissəsidir. O, orta əsrlərdə Asiyanı Aralıq dənizi və Avropa ilə birləşdirən qədim İpək Yolu kimi fəaliyyət göstərir.

Mütəxəssislərin fikrinə görə, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı uzunmüddətli xarakter daşıyır və bu marşrut etibarlı və təhlükəsiz olarsa, Asiyadan Avropaya dünya yükdaşımalarının bir hissəsini öz üzərinə götürə bilər.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq".

Zümrüd QURBANQIZI,

"Respublika".