TOVUZDA  KARTOF  İSTEHSALINDA ARTIM MÜŞAHİDƏ OLUNUR
Region

TOVUZDA  KARTOF  İSTEHSALINDA ARTIM MÜŞAHİDƏ OLUNUR

Respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunması üçün mümkün olan bütün imkanlardan istifadə edilir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində çalışanlara dövlət tərəfindən hərtərəfli dəstək davam etdirilir ki, bu da aqrar sektorda uğurlu nailiyyətlərin əldə olunmasına stimul verir. Artıq istehsal olunan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları daxili bazarlarda bolluq yaratmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur. Tovuz rayonu da bu sırada ön yerlərdə dayanır.

Tovuzun coğrafi şəraiti dağlıq və dağətəyi relyefə malikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, kartofçuluqda da bol məhsul əldə olunmaqdadır. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində ildən-ilə məhsul istehsalının həcmində artım müşahidə olunur. Demək olar ki, yay aylarından başlayaraq növbəti ilin yaz aylarına qədər Tovuzda istehsal olunan kartofun respublika bazarlarında satışı həyata keçirilir. Belə ki, rayonun Aran bölgəsində faraş kartofun bir hissəsi xarici bazarlara ixrac olunur. Eyni zamanda daxili bazarlarda da satışı həyata keçirilir.

Rayonun dağlıq zonasında əsasən dəmyə şəraitində becərilmiş kartof qış aylarında paytaxt Bakı ilə yanaşı, digər bölgələrdə realizə olunur. Göründüyü kimi hər kəsin süfrəsində ən sevimli qida məhsulu olan «ikinci çörək» sayılan kartofa tələbatın ödənilməsində tovuzlu fermerlərin rolu böyükdür. Rayonda kartof sahələrinin ərazisi hər il bir qədər də artırılır. Qeyd etmək lazımdır ki, rayonda fermerlərlə yanaşı, kartof istehsalını həyata keçirən dövlət müəssisələri də mövcuddur.

Tovuz Rayon Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdən aldığımız məlumata görə, 2022-ci ildə rayonda 5947,1 hektar sahədə kartof səpini aparılmış cəmi 173462,2 ton hər hektardan orta hesabla 291,7 sentner məhsul əldə olunmuşdur. Əhali tərəfindən 5673 hektar sahədə kartof becərilərək 162815,1 ton hər hektardan 287 sentner təşkil etmişdir.

Kartofçuluqla məşğul olan müəssisələr isə 274,1 hektar sahədən 10647,1 ton orta məhsuldarlıq 388,4 sentner olmuşdur.

Vəli VƏLİYEV,

«Respublika».