Sülhə yaxınlaşmada yeni impulslar
Gündəm

Sülhə yaxınlaşmada yeni impulslar

Azərbaycanın təklifi ilə danışıqlar Gürcüstanda keçirilə bilər

"Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib.

Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı deyib ki, biz Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüş keçirə bilərlər. Bu baxımdan, regionda sabitliyin qorunub saxlanması və davamlı inkişafın təmin edilməsi məsələsi yeni çalarlar alır. Baş nazir İrakli Qaribaşvili bildirib ki, Gürcüstan hər zaman qərəzsiz mövqedə olub, məsələyə töhfə verməyə bu gün də hazırdır. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.

Prezident İlham Əliyevin Gürcüstana növbəti səfəri maraqlı və əlamətdar hadisələrlə yadda qaldı. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında reallaşan səfər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda strateji əlaqələrin yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Səfər həm siyasi, həm də iqtisadi cəhətdən də önəm kəsb edir. Dost, strateji tərəfdaş ölkədə qarşılanmanın ən yüksək səviyyədə təşkil olunması bu səfərə qarşı tərəfin verdiyi önəmi göstərir. Azərbaycan Prezidentinin bütövlükdə regionun gələcəyi üçün çox vacib olan ideyalar irəli sürməsi və rəsmi Tbilisi ilə mühüm razılıqların əldə edilməsi ekspertlərin marağına səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri və Baş nazir İrakli Qaribaşvili ilə görüşü, dövlət və hökumət başçılarının mətbuata açıqlamaları Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub. Yayılan materiallarda dövlət başçısının Cənubi Qafqazda sülhün bərqərar olması, eləcə də Gürcüstanın vasitəçilik rolu barədə fikirlərinə geniş yer verilib. Bakı və Tbilisi yaranmış situasiyada lazımi dərəcədə konstruktiv addımlar atmağa hazır olduqlarını nümayiş etdiriblər. Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlandığı təqdirdə, Cənubi Qafqazda yeni bir siyasi vəziyyətin yaranacağını bildirib. Gürcüstanın həm Ermənistan, həm də Azərbaycanla həmsərhəd olan unikal mövqeyi vurğulanır ki, bu da onu bu qonşu ölkələr arasında dialoqun təşviqi səylərində perspektivli vasitəçi edir.

Regionda mövcud vəziyyət, Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan yaradır. Politoloqlar vurğulayırlar ki, biz qonşuyuq, hər zaman milli və strateji məsələlərdə, müstəvilərdə eyni mövqedən çıxış etmişik, dünyada gedən qlobal proseslərlə bağlı fikirlərimizi, sözümüzü həmrəy şəkildə demişik və ən əsası tarixin bütün mərhələlərində bir-birimizə dəstək göstərmişik. Regionun sabitliyi və davamlı inkişaf perspektivi bu iki ölkə arasındakı əlaqələrdən birbaşa asılıdır. Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayan dövlət başçısı bildirib ki, bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb.

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Onu da qeyd edək ki, bu Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada), bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizdə (Qəbələyə) işgüzar səfərlərdə olub. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstanın Baş nazirinin görüşlərinin müntəzəmliliyini artırıb, səfərlərin paytaxtlarda deyil, bölgələrdə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. Ölkələrimiz arasında mütəmadi səfərlərin həyata keçirilməsi ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Tarixi İpək Yolu üzərində yerləşən ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Azərbaycan və Gürcüstan tərəfindən həyata keçirilən layihələr təkcə iki ölkə üçün deyil, Avropa üçün də böyük əhəmiyyətə malikdir. Eyni zamanda humanitar sahədə də regionlararası əməkdaşlıq yüksələn xətlə davam edir.

Bunlar belə deməyə əsas verir ki, Gürcüstan səfəri ilə İlham Əliyev Cənubi Qafqaza yeni geosiyasi ab-hava gətirməklə Azərbaycan dövlətinin mövqeyini əsaslandırılmış şəkildə bütün dünyaya çatdırdı. Göstərdi ki, Azərbaycan müstəqil dövlət kimi regionda kifayət qədər mühüm rol oynaya bilir, bunun üçün ölkə rəhbərliyinin lazımi səviyyədə siyasi iradəsi vardır. Dövlət başçısı Azərbaycanın strateji maraqlarına uyğun addımları çəkinmədən atır. Yürütdüyü regional siyasət göstərir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qonşuları - Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Türkmənistanla ikitərəfli, həmçinin müxtəlif iqtisadi və siyasi təşkilatlar çərçivəsində mehriban münasibətlər qurmaqda maraqlıdır. Ölkəmiz İrəvana sülh təklif edir, əməkdaşlıq qurmaq niyyətini gizlətmir. Ermənistan hələ ki, Azərbaycanın sülh təkliflərindən müxtəlif bəhanələrlə yayınır. Həmçinin Bakının maraqlarına qarşı çıxmağa çalışır. Proseslər göstərir ki, Azərbaycanın mehriban qonşuluq siyasətinə adekvat cavab verməyən ölkələr "dalan dövlət"ə çevrilir. 30 ilə yaxındır ki, beynəlxalq layihələrdən kənarda qalan Ermənistan buna bariz nümunədir.

Mustafa KAMAL,

"Respublika".