Sülh Ermənistan üçün yeganə yoldur
Digər xəbərlər

Sülh Ermənistan üçün yeganə yoldur

Erməni barbarları tərəfindən işğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir olunub və talan edilib. Səbri tükənən ölkəmiz İkinci Qarabağ müharibəsində zorla əlindən alınmış torpaqlarını geri qaytarmaq əzmində olduğunu nümayiş etdirdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla Ermənistan yeni reallığı qəbul eedib və sülhə razılaşıb. Lakin o vaxtdan bəri Ermənistan Laçın yolundan sui-istifadə edərək Qarabağdan mineral ehtiyatlarını qanunsuz yolla ixrac edir. Qarabağda öz hərbi qüvvələrini quraraq, yeni istehkamlar tikərək üçüncü ölkə vətəndaşlarını cəlb edir, eyni zamanda azərbaycanlılara qarşı terrorunu davam etdirmək məqsədilə mina daşıyır. Bunlar sülhə hazırlaşan ölkənin hərəkətləri deyil və Azərbaycan bu taktikalarla çox yaxşı tanışdır.

2023-cü il 27-29 iyun tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqlar aparılmışdır. Azərbaycanla Ermənistan arasında "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında" ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırkı regional vəziyyəti müzakirə ediblər. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, davamlı və dayanıqlı sülhün əldə olunması, təkcə Cənubi Qafqaz regionu üçün deyil, bütövlükdə daha böyük coğrafiyada mühüm və bəlkə də həyati əhəmiyyət daşıyır. Bu proses real görünsə də, Nikol Paşinyan hər dəfə ümid verən açıqlamalarla çıxış etsə də, müqavilə hələ də imzalanmayıb.

Vaşinqton görüşünün davamı olaraq iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidentinin Brüsselə səfəri, keçirilən görüşlər Azərbaycanın xarici siyasətində növbəti mühüm uğur kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığında işgüzar səfərdə oldu. Avropa İttifaqı Şurasının mənzil-qərargahında birbaşa Şarl Mişel özü dövlətimizin başçısını qarşıladı. Ardınca isə Prezident İlham Əliyevin Şarl Mişellə görüşü baş tutdu. Görüş çərçivəsində Prezident İlham Əliyev işgüzar səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını bildirdi. Bununla yanaşı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğuladı. Söhbət zamanı üçtərəfli danışıqlar, həmçinin Ermənistan və Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıldı.

Brüssel sülh gündəliyi Azərbaycan və Ermənistan arasındakı sülhü mümkün edə biləcək ən konstruktiv vasitədir. Müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparıldı. Buna baxmayaraq, Ermənistan növbəti "sülh" mesajını verərək sıradakı təxribatların planını qurdu. Azərbaycan isə Brüssel Sülh Gündəliyinə sadiq qaldığını davamlı göstərməyə davam edir.

Şarl Mişel Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra mətbuata verdiyi açıqlamada bildirib ki: "Bugünkü görüşümüz məhsuldar oldu. Bu görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksək səviyyəli görüşlər silsiləsinin davamıdır". Bununla yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib ki, hər iki lider sərhədlərin delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi"nə birmənalı bağlılıqlarını bir daha təsdiqlədi. Qeyd etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən həmişə dəstəklənib.

Sülh müqaviləsinin imzalanması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söylədiyi fikirlər bunu bir daha təsdiqləyir: "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər".

Röya RÜSTƏMLİ,

"Respublika".