Şərqlə Qərbi birləşdirən dostluq dənizi
Digər xəbərlər

Şərqlə Qərbi birləşdirən dostluq dənizi

Bəşəriyyətin həyat mənbəyi sudur. Onsuz nə insanlar, nə də təbiət mövcud ola bilməz. Yer kürəsinin 70 faizdən çoxu onun quru hissələrini həm bölən, həm də birləşdirən okeanlar, dənizlər, çaylar və göllərlə əhatələnir. Hələ qədimlərdə suda səyahət etmək və yük daşımaq üçün ümumi ağac gövdəsindən düzəldilmiş sadə sallardan istifadə edilib.

İllər keçdikcə, yeni kəşflər sayəsində üzmə vasitələri təkmilləşdirilib. Buna görə də, dünyada gəmiçilik tarixinin min illər əvvələ söykəndiyi düşünülür. Məşhur Qobustan qayaüstü rəsmlərində qayıq təsvirlərinin əks olunması da bunun sübutudur.

Dünya Dəniz Günü 1980-ci ilədək martın 17-də keçirilib. Daha sonra bu günün qeydolunma tarixinin sentyabrın sonuncu həftəsinə keçirilməsi qərara alınıb. 1978-ci ildən etibarən qeyd olunan bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib.

Məqsədi qanunsuz balıq ovu, suyun çirklənməsi və qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn bərpa oluna bilməyən dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkmə olan Dünya Dəniz Gününün ən böyük əhəmiyyəti isə dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır.

Dünyanın bir çox yerində yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dəniz ticarəti qlobal iqtisadiyyatın ən vacib elementlərindəndir. Bu baxımdan, Şərqlə Qərbi birləşdirən ticarət yolları üzərində yerləşən Xəzər dənizinin önəmi ortaya çıxır. Həmçinin Azərbaycanda sentyabrın sonuncu həftəsi "Xəzər həftəsi" kimi də qeyd olunur.

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi strateji və iqtisadi əhəmiyyətə malikdir. Elə bu səbəbdən, beynəlxalq bayramlardan biri olan Dünya Dəniz Günü Azərbaycanda da qeyd olunur. Xəzər dənizi beş ölkənin: Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın sərhədləri ilə əhatə olunub və bu dövlətlər üçün böyük əhəmiyyətə malikdir. Xəzər dənizi zəngin enerji resurslarına və ticarət yollarına çıxışı təmin edən qapı rolunu oynayır. Bundan əlavə, Xəzərin enerji resursları dünya enerji bazarına təsir edən mühüm amildir. Dəniz əhəmiyyətli neft və təbii qaz ehtiyatlarına malikdir, buradakı təbii ehtiyatların ixracı ölkəmizin iqtisadiyyatına böyük töhfə verir.

Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxs yaradılıb. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında formalaşıb.

İqtisadiyyatın strateji əhəmiyyətli sahələrindən biri olan dəniz nəqliyyatının inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısı ölkəmizdə iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatının da sürətlə inkişaf etdirilməsi, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin yaradılmasına xüsusi diqqət göstərir.

Azərbaycanda dəniz sahəsi üzrə inkişaf edən dövlətlərlə rəqabətədavamlı dəniz nəqliyyatının mövcudluğu və inkişafı burada yeni-yeni uğurların əldə olunacağını deməyə imkan verir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".