Şərqi Zəngəzurun qapısı Zəngilan yeni növrağını yaşayır
Sosial həyat

Şərqi Zəngəzurun qapısı Zəngilan yeni növrağını yaşayır

30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azad edilib. Bu ərazilər ölkə başçısının da dediyi kimi, cənnətə çevriləcək. Qarabağın əvvəlki şöhrəti özünə qaytarılacaq. Ötən üçillik müddətdə artıq bu istiqamətdə böyük işlər görülüb. Əgər bir zamanlar dağıdılıb viran qoyulan ərazilərdə vəhşi toplumun səsi gəlirdisə, bu gün o yerləri qarabağlı uşaqların gülüşləri bəzəyir. Bizi düşməndən fərqləndirən başlıca amillərdən biri qurub yaradan xalq olmağımızdır. Düşmənin isə əməlləri göz önündədir. Çünki işğal olunmuş kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsi, yağmalanması, təbiətimizə qəsd edilməsi düşmənin barbarlığının, vəhşiliyinin sübutudur. Onlar xalqımıza məxsus maddi mədəniyyət abidələrini, yaşayış binalarını dağıtmaqla bərabər, müqəddəs dini abidələrimizi, məscidlərimizi təhqir etməkdən belə çəkinməyiblər. Hayların həyasızlığı məscidlərimizdə donuz saxlanmasına kimi gəlib çatmışdı. Bildiyimiz kimi, ermənilər Zəngilan rayonunda olan məscidimizdə uzun illər donuz saxlamışdılar. Rayonun özü kimi ərazisində olan bütün məscidləri də dağıdılıb, xarabalığa çevrilmişdi.

Zəngilan 1993-cü il oktyabrın 30-da ermənilər tərəfindən işğal edilmişdi. 30 illik işğal dövründə Zəngilan şəhəri də düşmən tərəfindən darmadağın edilmiş, burada yerləşən tarixi və dini abidələrimiz xüsusi qəddarlıqla məhv edilmişdir. İşğaldan əvvəl rayon 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadratkilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilanın əhalisi ölkənin 43 rayonunda müvəqqəti məskunlaşmışdı. Rayonun ərazisi arxeoloji və memarlıq abidələri - Məmmədbəyli türbəsi, XIV əsrə aid Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan və XVII-XVIII əsrə aid məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və sadalamaqla qurtarmayan tarixi nümunələrlə zəngin olmuşdur. Onlardan ən böyüyü "Şəhri Şərifan" adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. Vəhşi erməni barbarlığı nəticəsində bu möhtəşəm abidələr dağıdılmış və şəhər xarabalığa çevrilmişdir. Rayon ərazisində bir dənə də salamat bina qalmamışdı.

Şükürlər olsun ki, Zəngilan rayonu da Azərbaycan Silahlı Qüvvələrinin şücaəti və qəhrəmanlığı sayəsində azad edildi. Onu da qeyd edək ki, Zəngilan da gərgin döyüşlərlə azad olunan rayonlarımızdandır. Bu rayonun işğaldan azad edilməsi vacib idi, çünki qarşıda Qubadlı kimi mühüm strateji əhəmiyyətə malik rayonumuz vardı. Düşmənin Qubadlıda qurduğu çox möhkəm müdafiə xətlərini sarsıtmaq üçün Zəngilanın alınması başlıca məsələ idi. Beləcə, 44 günlük Vətən müharibəsi zamanı 20 oktyabr tarixində Zəngilan rayonu qəhrəman oğullarımız tərəfindən öz azadlığına qovuşdu. Möhtəşəm qələbəmizlə bitən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər etdilər. Bu isə sadəcə sıradan bir səfər deyildi. İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi işğaldan azad etdiyi rayonlarımıza tarixi səfəri idi. Ölkə başçısı qalib ordunun qalib komandanı kimi azad torpaqlarımızda müqəddəs bayrağımızı ucaltmağa gəlmişdi.

Dekabrın 23-ü əraziyə gələn ölkə başçısı gördüyü mənzərədən təəssüflənərək demişdi: "Qubadlı, Zəngilan rayonlarında olarkən bir daha gördük ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Otuz il ərzində işğal altında olan torpaqlar öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah". Bəli, bu gün Zəngilan və digər ərazilərimizdə həyat qaynayır, öz əzəli, əbədi görkəmini alır.

Ölkə başçısının növbəti səfəri isə 26 aprel 2021-ci ildə oldu. Prezident İlham Əliyev rayonun Ağalı kəndinə gələrək aparılan tikinti-quruculuq işləri ilə tanış olmuşdu. O vaxt Zəngilan rayonunun Ağalı kəndi Qarabağda inşa ediləcək ilk "Ağıllı kənd" layihəsinin müjdəçisi idi. Kənddə qızğın işlər gedirdi. "Ağıllı kənd" ilə başlanğıcı qoyulan Ağalının ayağı sayalı, uğurlu oldu desək, yanılmarıq. İndi nəinki Ağalıda, Şuşada, Talışda, Laçında, Füzulidə və digər ərazilərimizdə yeni həyat, daha parlaq dünya yaşanır. Bunlarla yanaşı, Zəngilan da özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Artıq bütün dünya bu ərazilərdə yaradılan misilsiz yeniliklərin şahididir. Aparılan irimiqyaslı tikinti işləri ilə yanaşı, yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, "ağıllı" şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması olduqca qürurvericidir. Şərqi Zəngəzurun qapısı adlanan Zəngilan yeni, daha gözəl görkəm alır. Böyük Qayıdışın ilk addımları olan Zəngilanın tarixi kifayət qədər qədimdir. Ağalı kəndindəki kahalar ən qədim insan məskənlərindən hesab edilir. "Ağıllı kənd" layihəsinin də məhz ilk insan məskənlərinin olduğu məkandan başlaması heç də təsadüfi deyil. Zəngilan Beynəlxalq Hava Limanı dünya üçün də böyük əhəmiyyət kəsb edir.

Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin yenidən Zəngilan rayonuna səfəri bölgə üçün daha böyük imkanlar yaradılacağından xəbər verir. Səfər zamanı ölkə başçısı Zəngilan şəhərində 4-cü yaşayış kompleksinin təməlini qoydu. Ərazisi iki hektar olan kompleksdə şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Prezident həmçinin rayonda 160 yerlik uşaq bağçasının, Zəngilan və Əlibəyli kəndlərinin təməlqoyma mərasimlərində, eyni zamanda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin "Cahangirbəyli" Su Elektrik Stansiyasının, Konqres Mərkəzinin açılışında iştirak edib.

Təməli qoyulan Zəngilan kəndi şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçuçayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Kənddə 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Daha sonra inşa ediləcək kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsinin də tikilib istifadəyə verilməsi planlaşdırılır. 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçasının inşası da öz həllini tapacaq.

Digər təməli qoyulan Alıbəyli kəndində isə 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Həmçinin kənddə inzibati bina, klub icma mərkəzi, idman sağlamlıq mərkəzi, məktəb binası, iaşə obyektləri və digər müəssisələr də fəaliyyət göstərəcək. Alıbəyli kəndində sakinlərin tələbatına uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası və 160 yerlik iki uşaq bağçası da inşa olunacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".