Şəhid ailələrinə medallar təqdim olunub
Region

Şəhid ailələrinə medallar təqdim olunub

Torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçular Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif ediliblər.

Şirvan Şəhər İcra Hakimiyyətində şəhər icra hakimiyyəti başçısı İlqar Abbasovun, icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədovun, İcra Hakimiyyəti aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhidlərin ailələrinə medalların və vəsiqələrin təqdim edilməsi mərasimi keçirildi.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan söz açdı. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini qeyd etdi.

Tədbirdə şəhidlərimizin döyüş yolundan danışıldı, onların əsl vətənpərvər, qorxmaz, cəsur hərbçi olduqları bildirildi. Qeyd edildi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların xatirəsi qəlbimizdə daim yaşayacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş 8 nəfər Şirvan şəhidinin medalları və vəsiqələri ailə üzvlərinə təqdim olundu. Bağırov Süleyman Loğman oğlu, Zülfüqarlı Zeynal Alim oğlu, Hüseynov Nicat Ziyafət oğlu, Mənəfli Əli Əflan oğlu, Məmmədli Cavid Natiq oğlu, Şıxəliyev Elvin Sarvan oğlu "Füzulinin azad olunmasına görə", Rustamov Ruslan Nüsrət oğlu "Suqovuşanın azad olunmasına görə", Zülfüqarlı Zeynal Alim oğlu "Şuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", Əliyev Elçin Ramil oğlu "Vətən uğrunda" medalları ilə təltif ediliblər.

T.HÜSEYNOV,

"Respublika".