Sağlam həyat naminə əvəzsiz xidmətlər
Səhiyyə

Sağlam həyat naminə əvəzsiz xidmətlər

Cəmiyyətin, sağlam ictimai mühitin formalaşmasında səhiyyənin rolu böyükdür. Bu sahədə qazanılan uğurlar Ulu Öndər Heydər Əliyevin dövründən başlayıb. Ümummilli liderin həyata keçirdiyi siyasətin əsas prioriteti Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.

Problemi hər zaman kökündən həll edən Heydər Əliyev səhiyyədə olan boşluqları məharətlə təhlil edib, qaydasına qoyub. Belə ki, 1969-cu ilin dekabrında Azərbaycan Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü ilə "Sağlamlıq Məcəlləsi" adlı sənəd qəbul edib. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı olub, bununla yanaşı, səhiyyənin inkişafına əsaslı təkan verib. Daha sonra Ulu Öndər bölgələrdə olan səhiyyə boşluqlarını doldurmaq üçün yeni və o dövrün ən son texnologiyaları ilə xəstəxanalar tikdirib. Belə ki, təkcə uşaq poliklinikalarının sayı 1970-1975-ci illərdə 150-dən 185-ə çatıb. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri və s. tibb ocaqları, həmçinin Elmi-Tədqiqat Oftalmologiya və Elmi-Tədqiqat Onkologiya institutları üçün yeni binaların təməli qoyulub. Bundan sonra Heydər Əliyev səhiyyə  işçilərinin maaşını artıraraq, həyatımıza qayğı ilə yanaşan bu şəxslərin yaşam səviyyəsini ciddi mənada yüksəldib.

Ulu Öndərin adını ləyaqətlə daşıyan, Fondun rəhbəri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da ölkə səhiyyəsinə böyük töhfələr verib. Ümumiyyətlə, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub. Ümummilli lider Heydər Əliyevin zəngin irsini təbliğ edən, onun miras qoyduğu ənənələri davam etdirən Fondun əsas fəaliyyət istiqamətlərindən biri də səhiyyə və tibbi təsisatların inkişaf etdirilməsidir.

Yarandığı gündən böyük işlər görən Fond Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyindən əziyyət çəkən 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir. Bununla yanaşı, talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinə start verilib. 2005-ci il fevralın 8-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə talassemiya problemlərinə həsr olunmuş "Talassemiyasız həyat naminə" mövzusunda dəyirmi masa" keçirilib. Müxtəlif beynəlxalq səhiyyə təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, iri yerli və xarici şirkətlərin nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə Azərbaycanın bir sıra rayonlarında talassemiya geninin yayılma tezliyinin yüksək olduğu, əhalinin sayına görə talassemiya daşıyıcılarının orta nisbətinin 8 faizə bərabər olması, talassemiyanın profilaktikası lazımınca təşkil edilməsə, bu xəstəliyə düçar olmuş xəstələrin sayının 45 il ərzində 16 minə çatmaq ehtimalının mövcudluğu diqqətə çatdırılıb. Problemin ciddiliyini nəzərə alan Heydər Əliyev Fondu Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Mərkəz 2009-cu il mayın 9-da istifadəyə verilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrdən olan şəxslərin müayinələri, paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar və digər tədbirlər həyata keçirilir. Əvəzsiz işlər görən qurumun dəstəyi ilə indiyədək 50 mindən çox insan yerli klinikalarda müalicə edilib, 10 mindən çox xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunub, həmçinin onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxt və regionlarda tibb müəssisələrinin yenidən qurulması və inşası həyata keçirilir. Xəzər rayonunun Türkan qəsəbəsində poliklinika və təcili tibbi yardım stansiyası, Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Zirə qəsəbəsində Müalicə Diaqnostika Mərkəzi, Pirşağı qəsəbəsində 34 nömrəli Şəhər Səhiyyə Kompleksi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Qala qəsəbəsində 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının filialı, Bakıda Psixonevroloji Uşaq Mərkəzi, Talassemiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi inşa olunub və müasir avadanlıqla təchiz edilib. Fond dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə də davamlı olaraq əməkdaşlıq edir. Heydər Əliyev Fondunun Azərbaycanda səhiyyənin inkişafı, yeni xəstəxanaların açılması və onların müasir avadanlıqla təchiz edilməsi sahəsində gördüyü işlər dünyanın beynəlxalq qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin Cenevrədə keçirilən sessiyasının yekdil qərarı ilə Mehriban xanım Əliyevanın ana, uşaq və ailə sağlamlığının qorunması işində müstəsna xidmətlərinə görə, bu mötəbər təşkilatın mükafatına layiq görülməsi bunun sübutudur.

Bir sözlə, Heydər Əliyev Fondu ölkəmizdə səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqinə də kömək edir, təbabətin ən müasir nailiyyətlərinin Azərbaycana gətirilməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir.

Jalə QASIMZADƏ,

"Respublika".