Regionda sülhün qarantı
Digər xəbərlər

Regionda sülhün qarantı

Prezident İlham Əliyevin siyasi kursu regionda sülhün və təhlükəsizliyin qarantıdır. Ölkəmizin başçısı, müdrik dövlət xadimi, uzaqgörən siyasətçi, Prezident İlham Əliyev rasional düşüncəli, intellektual və vətənpərvər liderdir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti milli məzmun və qloballıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusi qeyd etmək lazımdır ki, İlham Əliyevin çoxşaxəli və mütərəqqi xarici siyasət kursu çağdaş dünyada çoxtərəfli əməkdaşlığın inkişafında və beynəlxalq dialoqda əvəzsiz rola malikdir. Dövlətimizin başçısının strategiyası, təklif və təşəbbüsləri regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi ilə yanaşı, qlobal xarakterli problemlərin həllinə də dəyərli töhfələr verir.

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Həmin reallıqlardan biri də Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi məsələsidir. Xatırladaq ki, dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər sözügedən reallığı qəbullanaraq Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər. Dövlətimizin başçısı regional güc balansını dəyişmək iqtidarında olan ölkə liderləri ilə görüşlərində, beynəlxalq tədbirlərdə və konfranslardakı çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə Azərbaycanın öz əzəli torpaqlarının bir qarışını belə ermənilərə güzəştə getməyəcəyini bəyan edib. Bu məsələdə ölkəmiz haqqın, ədalətin və sülhün tərəfdarı olduğunu açıq şəkildə bildirib. İşğalçı Ermənistan isə bu kimi layihələrin reallaşmasında maraqlı deyil. Haylar bütün imkanlarından istifadə edərək ölkəmizə qarşı təxribatlar törədirlər. Çünki Hayastan Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin reallaşmasının bütün region, o cümlədən Ermənistanın özü üçün böyük dividendlər gətirəcəyini dərk etmir. Ermənistan bunun əvəzində siyasi şoulara əl atır, müxtəlif manipulyasiyalarla sülh prosesinə mane olur. Ölkə başçımızın 2021-ci ildə İspaniyanın "El Pais" qəzetinə müsahibəsi zamanı müxbirin "Cənab Prezident, Sizcə Ermənistanla atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?" sualına cavabında Azərbaycanın Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazır olduğunu bildirməsi bunun təzahürü idi. Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həlli istiqamətində siyasət həyata keçirir. Dövlətimizin başçısının bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını diqqətə çatdırması tarixi reallığın təcəssümüdür. Müxbirin Qarabağın statusu və Azərbaycanın mədəni irsinə qarşı soyqırımı törətməsi ilə bağlı verdiyi suallarına cavabında isə İlham Əliyev - Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdışın olmayacağını qəti şəkildə bəyan etmişdir. Bu gün də heç bir şey dəyişməyib. Azərbaycan öz mövqeyində qətidir. Ölkəmiz öz haqq işini sonacan müdafiə edəcəkdir. Lakin ölkənin rəsmilərinin bir-birini təkzib edən çıxışları, siyasi hərc-mərclik, Nikol Paşinyanın sərsəm addımları Cənubi Qafqazdakı iki tərs qütb ölkənin varlığını təsdiq edir - Sözü imzası qədər dəyərli olan liderin qurub-yaratdığı əzəmətli Azərbaycan; havadarlarının ətəyindən yapışan, öz dövlətçiliyini çoxdan qərb dairələrinə satmış, propaqandist ölkə başçısına sahib, siyasi hərc-mərclik içində olan Ermənistan.

Ermənistanın baş naziri Nikol Paşinyanın sözü ilə əməli ziddiyyət təşkil edir. Belə ki, Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulasa da, şərti sərhəd boyunca təxribatlara əl atır. Bu, Moskvada baş tutan üçtərəfli görüşdən sonra da özünü bir daha nümayiş etdirdi. Danışıqlar prosesində də Nikol Paşinyanın erməni xisləti özünü açıq şəkildə bəlli edir. Ermənistanın müxtəlif bəhanələrlə sülh prosesindən yayınması artıq bütün dünyaya məlumdur.

Mövcud vəziyyəti daha dərindən təhlil etsək görərik ki, hansısa bir razılaşmaya yaxın olanda Ermənistan ya gərginliyə yol açır, ya da sərsəm bəyanatlar ilə gündəmə gəlir.

Azərbaycan hər zaman olduğu kimi, sülh təşəbbüslərinin həyata keçirilməsində maraqlıdır. Hayastan tərəfi dərk etməlidir ki, sülh müqaviləsinin imzalanması qərb qonşumuzu acınacaqlı vəziyyətdən xilas edə biləcək yeganə yoldur. Bunun üçün başlıca məqsəd danışıqlar masasında razılaşdırılmış məqamların kağız üzərində imzalarla təsdiq edilməsidir. Bu xüsusda Ermənistanın təxribatlar törətmək mövqeyindən çəkinərək konstruktiv mövqe sərgiləməsi vacibdir. Çünki haylar tərəfindən törədilən təxribatlar, eləcə də çirkin planların icrası Azərbaycanı öz haqq yolundan əsla döndərə bilməz.

Nurlan ABDALOV,

"Respublika".