“Qürurluyam, oğlum torpaq uğrunda şəhid olub”
Sosial həyat

“Qürurluyam, oğlum torpaq uğrunda şəhid olub”

Xalqımızın igid oğulları kimi 3 biləsuvarlı da Aprel döyüşlərində qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksəliblər. Onlardan biridir şəhid Hüseyn Zeynal oğlu Dəmirli. 1993-cü il avqustun 4-də Biləsuvar rayonunda anadan olub. Orta məktəbi də rayonda 2010-cu ildə bitirib. 2011-ci ilin oktyabrında Biləsuvar Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseyn nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. Hüseyn Dəmirli 2013-cü ildə xidmətini başa vursa da, 2014-cü ilin mart ayında yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayır.

2016-cı il aprelin 4-də Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

Valideyn üçün ağır itki olsa da, təsə

lliləri böyükdür: Vətən, müqəddəs torpaqlarımız yolunda şəhid olub.

Atası Zeynal Dəmirli: "Kamranla Hüseyn bir-birilərinə çox bağlı idilər. Özünüz düşünün də əkiz insanlar necə olursa, onlar da elə idilər. Hüseynin ölümü bu ailədə bəlkə də ən çox Kamranı sarsıtdı. Onlardan hansının bir yeri ağrısa, o birisi onu hiss edirdi. Məsafələr belə buna əngəl ola bilmirdi. İndi artıq o yoxdu, onun qoxusunu Kamrandan alırıq, təsəlli tapmağa çalışırıq. Amma Vətən sağ olsun. Oğlumun Vətən yolunda şəhid olması ata kimi məni qürurlandırır".

Anası Təranə xanım: "Hüseyn bizləri yox, Vətəni, torpağı seçdi və torpağa sarıldı! Mənim üçün Hüseynsiz həyat yoxdu. Ən çox əkiz qardaşına çox bağlı idi. Bir gün sual verdim ki, evimizdə ən çox kimi istəyirsən?. "Dedi, qardaşım Kamranı". İnanın, Kamran ali təhsil alır deyə ona ev almaq üçün qəpik-qəpik pul toplayırdı. "Deyirdi, qardaşım kirayədə, qohum evində əzik qalmasın. Bütün dərdini mənlə bölüşürdü".

Şəhidin əkiz qardaşı Kamran: "Mən onunla doğulub, birlikdə böyüyüb, birlikdə gülmüşəm. Bütün hər şeyi eyni anda yaşayıb, eyni anda təsirlənmişik. Daha sonra orta məktəbdə bir partada 11 il oxuyub, sonra əsgərliyə bir gedib, bir yatağı paylaşmışıq. Nəhayət, hərbi xidmət bitdikdən sonra mən ali məktəbi seçdim, o isə yenidən hərbiyə döndü. Hamımızın yükünü çiyinlərinə aldı. Torpaq uğrunda şəhid oldu".

Kiçik qardaşı Rəsul Dəmirlinin xatirələrindən: "Mən Hüseynin şəhid olduğu gün Tovuzun Muncuqlu kəndində hərbi xidmət keçirdim. Gecədən içimdə qəribə hisslər vardı. Sən demə, atam da eyni hissləri keçirirmiş. Sabah oldu xidmət davam edir, amma kimin qardaşı-qohumu atışma ərazisində idisə onlar narahatlıq keçirirdilər. Mən də qardaşım üçün narahat idim. Komandirlərimə gələn hər zəngdə qulağım vardı. "Qorxunun əcələ faydası olmaz" deyiblər. Bax, o baş verdi və komandirimə gələn zəngdə əmim danışırdı. Ancaq mən bunu eşitdim. Ondan sonrasını xatırlamıram. Özümdən getmişəm. Vətən sağ olsun!".

M.CƏFƏROV,

"Respublika".