Quruculuq və abadlıq rayonun simasını dəyişir
Region

Quruculuq və abadlıq rayonun simasını dəyişir

Qax

Dövlət siyasətinə uyğun olaraq respublikamızın bütün regionlarında uğurla davam etdirilən quruculuq işləri müsbət bəhrəsini verir, rayonlar simasını dəyişir, abadlaşır. Kəndlər inkişaf edir, əhalinin yaşayış tərzi yüksəlir və məmnunluq hissi durmadan artır. Qax rayonunda da cari il ərzində aparılan təmir-tikinti və abadlıq işləri nəticəsində ərazi öz görkəmini tamamilə dəyişir. Belə ki, təmizliyi ilə diqqəti cəlb edən rayon həm də yaşıllığı ilə seçilir. Bu səbəbdən də əvəzsiz təbiəti, əsrarəngiz gözəlliyi, insana ömür bəxş edən havası və suyu ilə dillər əzbəri olan rayon yerli və xarici turistlər tərəfindən yüksək rəğbətlə qarşılanır.

Rayonda son illər həyata keçirilən məqsədyönlü proqramın nəticələri ilə tanış olmaq üçün şəhərin ərazisini yenidən gəzmək qərarına gəldik. Məlum oldu ki, cari ildə şəhərin Cəlal Məmmədov, Süleyman Həmzəyev, Dədə Qorqud, Cavanşir Rəhimov, Əziz Əliyev, Qara Qarayev, Hürü Tağıyeva, Gəray Fəzli, Yunus İmrə, Xurşidbanu Natəvan, İlfan Abdullayev, Həzi Aslanov küçələrində, o cümlədən Üzeyir Hacıbəyov, Məmmədəli Əmirov, Cəfər Cabbarlı küçələrindəki yol və səkilərdə əsaslı təmir işləri görülür. Bununla yanaşı, binaların həyətləri abadlaşdırılır. Qax-İlisu kənd yolunun işıqlandırılması üçün müvafiq işlər görülür.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhər 3 nömrəli tam orta məktəbin yararsız vəziyyətdə olan 2 korpusu sökülmüş, yerində 320 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır. Təhsil Nazirliyinin xətti ilə 2022-ci ildən tikilən 264 şagird yerlik Qum kənd tam orta məktəbinin tikintisi cari ildə başa çatdırılmışdır. Qax şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Meşabaş kəndi ərazisində çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilmişdir.

"13 nömrəli Yol istismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin xətti ilə tikintisinə 2022-ci ildə başlanılan və uzunluğu 12.5 kilometr olan Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır. Eyni zamanda Qaşqaçay çayı üzərində 44 m olan ikiaşırımlı körpünün tikintisi icra olunmuşdur.

Yaşıllığı ilə seçilən rayonda bu istiqamətdə mütəmadi işlər görülür. Kommunal müəssisələri kombinatı tərəfindən Qax şəhərinin 39,2 hektar ərazisində yaşıllaşdırma işləri davam etdirilir. Həmin əraziyə Heydər, Şəhər, Gənclik, Nizami, Nəsimi, Sahil parkları, Şəhidlər Xiyabanı və Səməd Vurğun bağı, şəhər qəbiristanlığının girişi, Bayraq meydanı və yol kənarı yaşıllıqlar da daxildir.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, son bir ildə rayonda 1015 ədəd sərv, 2498 ədəd sarağan, 250 ədəd tut, 241 ədəd cökə, 75 ədəd Lənkəran akasiyası, 30 ədəd tozağacı, 197 ədəd şam, 70 ədəd palıd, 150 ədəd göyrüş, 153 ədəd tuya,15 ədəd Hind yasəməni və 120 ədəd Ligustrum ağac tingləri əkilmişdir.

Beləliklə də ilin bütün fəsillərində gözəlliyi və təmizliyi ilə seçilən rayonda quruculuq və yaşıllaşdırma işləri durmadan davam etdirilir.

M.NƏRİMANOĞLU,

"Respublika".