Qlobal tərəfdaşlığa açılan qapı
Siyasət

Qlobal tərəfdaşlığa açılan qapı

Bu gün Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair müqavilənin imzalanmasının 24-cü ildönümü tamam olur. Müqavilə 1999-cu il noyabr ayının 18-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb. Məhz bu tarixdə üç ölkənin dövlət başçıları Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin ixracına dair üçtərəfli sazişi razılaşdırıblar. BTC Azərbaycanı dünyaya və dünyanı isə Azərbaycana açmışdır. Qeyd etmək lazımdır ki, yeni dəhlizin inşası ilə bağlı danışıqlar "Əsrin müqaviləsi" çərçivəsində başlamışdır.

Azərbaycanın beynəlxalq bazara çıxışı, çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşıda duran vəzifə kifayət qədər konkret idi. Həmin dövrdə Bakı-Novorossiysk və Bakı-Supsa əsas ixrac kəmərləri hesab olunurdu. Əsas mənbə isə Azəri-Çıraq-Günəşli yatağı idi. Neftçıxarmanın həcmi artdıqca Azərbaycan yeni boru kəmərləri inşa edərək istismara verməyə başladı. Nəticədə 1997-ci ildə ilk öncə Bakı-Novorossiysk, daha sonra Bakı-Supsa və nəhayət, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismarına başlanıldı.

2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Fevral ayında Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə başlanıldı. Bakı-Tbilisi-Ceyhanın Gürcüstan hissəsi isə 2005-ci ilin oktyabrında istifadəyə verildi. Bakı-Tbilisi-Ceyhan ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən biridir. Qeyd etmək lazımdır ki, Azəri-Çıraq-Günəşli layihəsinin uğurlu BTC-nin olmasında xüsusi rolu var. Çünki resurslar nə qədər çox olsa da, dünya bazarlarına çıxarılması mümkün deyilsə, təbii ki, o resursların iqtisadi əhəmiyyəti bir o qədər böyük olmur. Nəzərə alsaq ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir və bu nöqteyi-nəzərdən neft ehtiyatlarımızın bazarlara çıxarılması üçün mövcud dəmir yolu ixrac marşrutu ilə yanaşı, digər vasitələrdən də istifadə etmək gərəkdir. Azərbaycanın qlobal enerji layihələrinin reallaşmasında fəallığı təkcə ölkəmizin deyil, həm də bütövlükdə Avrasiya regionunun, Avropa Birliyinin və dünyanın enerji təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində uğurlu beynəlxalq tərəfdaşlıq münasibətlərinin yaradılmasında xidmət etmişdir. Xəzər bölgəsinin iqtisadi rolunu artıran layihələrlə ölkəmiz Avropa Birliyinin müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutaraq transmilli layihələrin həyata keçirilməsində etibarlı tərəfdaşa çevrilmişdir. Avropanın üzləşdiyi enerji çatışmazlığının aradan qaldırılması bilavasitə Azərbaycanın adı ilə bağlıdır. Ölkəmizin qoca qitənin bu xüsusda təminatçısı olması yüksək nüfuzun, etimadın və etibarlı tərəfdaşlığın göstəricisidir.

Bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə Qazaxıstan, Türkmənistan və Rusiya nefti də ixrac olunur. Bu layihə həm də Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığın uğurlu nümunələrindən biri kimi qiymətləndirilir. Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi, TANAP və əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan çoxvektorlu əlaqələrdə vacib rola sahibdir. Bu layihə Avropanın və bütövlükdə dünyanın enerji xəritəsini dəyişmişdir. Onun reallaşmasından sonra Azərbaycan neft bazarında qlobal oyunçulardan birinə çevrilib.

2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əməliyyat xərclərinə təxminən 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait xərclənib. BP-nin dərc etdiyi hesabata görə, 1768 kilometr uzunluğunda olan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək ümumilikdə təqribən 546 milyon tondan çox xam neft nəql edilib və bu neft 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. İlk altı ay ərzində Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixrac olunmuş təqribən 15 milyon ton xam neft və kondensat Ceyhan terminalında 158 tankerlə yola salınıb.

Nurlan ABDALOV,

"Respublika".