“Qisas
Digər xəbərlər

“Qisas" əməliyyatı: terrora qarşı effektiv cəza tədbiri

Bir il öncə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdi. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhidlik zirvəsinə ucaldı. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edildi.

"Qisas" əməliyyatı ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu bildirib ki, "Qisas" əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan heç bir zaman qeyri-qanuni erməni hərbi birləşmələrinin Qarabağ ərazisində rahat nəfəs almasına imkan verməyəcək və cavab tədbirləri sərt olacaq: "2020-ci ilin sentyabrında erməni təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və torpaqlarımızı işğaldan azad etdi. Amma bundan sonra Ermənistanın təxribatları yenə də davam edirdi. Bu da qanunsuz erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindəki fəaliyyəti ilə bağlı olan məsələdir. Halbuki, 10 noyabr üçtərəfli Bəyanatına əsasən onlar suveren torpaqlarımızı tərk etməlidirlər.

Müharibədən sonra yenə də qarşıdurmalar baş verib. Bunun da əsas səbəbi söylədiyim kimi, Qarabağ ərazisində erməni əsgərlərinin mövcudluğu və separatizmdir. Digər tərəfdən də Ermənistanla şərti sərhəddə də toqquşmalar olurdu. Uzun illər torpaqlarımızın işğal altında qalması, sərhədlərin müəyyənləşdirilməməsi və Laçın yolundan sui-istifadə edilməsi ermənilərin əl-qolunun açılmasına şərait yaratmışdı. Onlar Laçın postu qurulana qədər bu yol vasitəsilə Qarabağa silah-sursat, mina daşıyırdılar. Müharibədən sonra Azərbaycan şərtləri diktə edən tərəfə çevrilsə də, sülh sazişinin imzalanması yolunda ilkin addım atan tərəf oldu. Lakin buna baxmayaraq, erməni hərbçiləri 2022-ci ilin avqust ayında atəşkəsi pozaraq bir hərbi qulluqçumuzu şəhid etdi. Buna cavab olaraq Azərbaycan Ordusu dərhal antiterror əməliyyatına başladı.

"Qisas" adlandırılan əməliyyat qısa zaman ərzində öz effektini göstərdi. Qeyri-qanuni erməni hərbçiləri və texnikası məhv edildi. Bu da onu göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bu kimi təxribatlara hər an sərt cavab verəcək. Elə bu yaxınlarda biz bir daha bunun şahidi olduq. Cari il iyunun 27-də eyni hal təkrarlandı və "Qisas 2" adı altında döyüş əməliyyatları keçirildi. Bu antiterror əməliyyatı nəticəsində də beş terrorçu zərərsizləşdirildi. Ermənistan əgər sülh istəmirsə, biz "Qisas" əməliyyatında olduğu kimi, yenə də öz sözümüzü deyəcəyik. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz sülh tərəfdarıyıq, mümkün qədər buna tez bir zamanda nail olmağa çalışırıq. Ancaq onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz də onların ərazi bütövlüyünü tanımayacağıq".

Musa BAĞIRLI,

"Respublika".