Qərəzli yanaşmalara konstruktiv mövqe ilə cavab verilir
Siyasət

Qərəzli yanaşmalara konstruktiv mövqe ilə cavab verilir

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri ölkəni müzakirə platforumuna çevirməkdir. Buna görə də son illərdə dünyamızda artan problemlərin həlli üçün nəzərdə tutulmuş tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil. Yəni Azərbaycan tək sözdə deyil, əməldə də bunu edir. Biz bu prosesə hələ 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğumuz zaman başlamışıq. Azərbaycanın sədrliyi dövründə burada dünya əhəmiyyətli məsələlər müzakirə olunub.

Daha sonrakı dövrlərdə Rusiyanın Baş Qərargah rəisi ilə Amerikanın müdafiə naziri, NATO-nun baş katibi ilə Rusiyanın müdafiə naziri Bakıda görüşüb, regional və dünyəvi məsələləri müzakirə ediblər. İndi də dünya iqlim dəyişmələri, su çatışmazlığı, qida təhlükəsizliyi və sair kimi bir çox ciddi problemlərlə qarşılaşıb.

Qarabağ işğaldan azad olunandan sonra Azərbaycan orta gücə sahib bir dövlət kimi regionda və dünyada müxtəlif məsələlərin həllində aktiv rol oynayır. Bizim istər Qoşulmama Hərəkatında, istərsə də Türk Dövlətləri Təşkilatında və digər beynəlxalq təşkilatlarda zəngin təcrübəmiz var. Düşünürəm ki, bundan sonra bu təcrübə sayəsində Azərbaycan beynəlxalq problemlərin həllində daha aktiv rol alacaq. Bu isə Azərbaycana pozitiv bir imic formalaşdıracaq.

Fransanın rəhbərliyi ilə istər Avropa Parlamentində, istər dünyanın bir çox yerində ölkəmizə qarşı qərəzli təbliğatın davam etdiyi bir dövrdə bu kimi tədbirlər əlbəttə ki, Azərbaycanın vermiş olduğu ən doğru və konstruktiv cavabdır. Yəni biz dünyanın problemlərini həll edərək onu yeni dövrə hazırlamaqla məşğuluq. Bu səbəbdən, məncə, bu tədbirlər sadəcə Azərbaycanın imicinə müsbət təsir göstərmir, eyni zamanda dünya problemlərinin həllinə də töhfə verir.       

Cavid VƏLİYEV,

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri.