Qərbin riyakar siyasəti
Siyasət

Qərbin riyakar siyasəti

Azərbaycanın sentyabr ayında Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra xunta rejimi tarixin arxivinə gömüldü.

Ölkəmizin suverenliyi tam təmin olundu. Dövlətimizin regionda yaratdığı geosiyasi reallığı beynəlxalq aləm, hətta Ermənistan belə qəbul etmək məcburiyyətində qaldı. Çünki Hayastan və onun havadarları başa düşürlər ki, başqa çıxış yolu yoxdur. Lakin Qərbin bir sıra ermənipərəst qüvvələri öz xain əməllərindən əl çəkmək niyyətində deyil. Məlum olduğu kimi, Ermənistanın baş nazirinin bu yaxınlarda Avropa Parlamentinin iclasına gəlişi təmtəraqla qarşılandı.

Ən əsası Paşinyanın iclasda səsləndirdiyi saxta fikirlərə heç kim etiraz etmədi. Əksinə, Qərb, xüsusən də Fransa kimi dövlətlərin "ermənidən daha çox ermənilik etdiyinin" şahidi olduq. Çünki onların əsas məqsədi Ermənistanı silahlandırmaqla regionda yeni müharibəyə təhrik etmək, bununla da Cənubi Qafqaza müdaxilə imkanı qazanmaqdır. Bu gün Paşinyan hakimiyyətini sülh yolundan çəkindirən qüvvələr Ermənistandan "günah keçisi" kimi istifadə edirlər. Sülhə və sabitliyə əngəl törədən dövlətlər Azərbaycanı etnik təmizləmə kimi sərsəm məsələlərdə ittiham edirlər. Makron hakimiyyəti ölkəsi barədə ağır korrupsiya ittihamlarına cavab vermək əvəzinə, artıq arxivə atılan Qarabağ münaqişəsini yenidən alovlandırmağa çalışır.

İkinci Qarabağ savaşında Azərbaycanın qazandığı qələbədən sonra Avropa Parlamenti daha "aktiv" fəaliyyət göstərir. Hazırda korrupsiya yuvası kimi tanınan Avropa Parlamentində ötən ilin dekabrında baş verən rüşvət qalmaqalı böyük əks-səda doğurmuşdu. Hətta qurumun vitse-prezidenti Yeva Kayli milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edilirdi. Bütün bunları nəzərə alsaq, korrupsiyalaşmış deputatlardan ibarət Avropa Parlamentindən ədaləti və beynəlxalq hüququ ayaqlar altına salan istənilən addımı görmək təsadüfi deyil. Qurumun ikiüzlülüyünün ən pik nöqtəsi isə oktyabrın 17-də Ermənistanın baş naziri Nikol Paşinyana çıxışında qeyri-ciddi bəyanatlar səsləndirməsinə geniş imkanlar yaratması idi. Bu isə Avropanın selektiv yanaşmasını ifşa edir.

Fransa ifrat azərbaycanofob və ermənipərəst mövqe ortaya qoymaqla bu məsələdə mərkəz rolunu oynayır. Fransanın bu cəhdləri isə işə yaramayacaq. Bundan əvvəl rəsmi Parisin təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının "sivil" missiyası da heç nəyə nail ola bilmədi. Hazırda isə Fransa hərbi missiya kimi oyunlarla gündəmə gəlməyə can atır. Fransanın Ermənistanı silahlandırmaqla başlayan bu xain siyasəti əslində, Cənubi Qafqaza neomüstəmləkəçilik gətirməklə əlaqəlidir. Bu gün dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti və onun qazandığı uğurlar əksər hallarda qısqanclıqla qarşılanır. Məhz bu səbəbdən, Fransa kimi erməni himayədarları bir sıra qurumları və dövlətləri azərbaycanofob fəaliyyətə təhrik edir. Təsadüfi deyil ki, bu gün bir sıra Avropa ölkələri də Ermənistanın silahlandırılmasına dəstək göstərir. Bu yaxınlarda Hollandiya parlamentində də anti-Azərbaycan siyasəti özünü büruzə verdi. Belə ki, parlamentdə keçirilən son müzakirənin nəticəsində qəbul edilmiş qərar Hollandiyanın ali qanunverici strukturunun tarixinə bəlkə ən absurd, qərəzli və saxtakar sənəd kimi düşdü. Sözügedən sənədin qəbuluna səs vermiş niderlandlı deputatlar "Azərbaycana qarşı cəza sanksiyalarının tətbiqini, Ermənistana təcili və genişmiqyaslı hərbi yardımların göstərilməsini, habelə Dağlıq Qarabağda ermənilərin etnik təmizləmələrə məruz qalmasının qətiyyətlə pislənməsini" tələb ediblər. Parlamentarilər, hətta Avropa İttifaqının digər ölkələrini də Ermənistana təcili hərbi yardımlar göstərməyə çağırıblar. Şübhəsiz, bu cür qərəzli siyasətin arxasında Fransanın izləri görünür. Bu baxımdan, Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşılmaması heç də təəccüb doğurmur.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Fransa və onun təsiri altında olan qurumların islamofob, irqçi və müstəmləkəçi siyasətini məharətlə ifşa etdi. Ölkə başçımız oktyabrın 20-də "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində qeyd etdi ki, Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var: "Belə ölkələrdən biri və birincisi Fransadır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur".

Bütün bunların fonunda Fransanın, eləcə də Qərbin ermənipərəst dövlətlərinin özlərinə gün ağlaması daha məqsədəuyğundur. Çünki ölkəmizə qarşı törədiləcək hər hansı bir təxribat fiaskoya uğrayacaq, layiqli cavab alacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".