Qərbin
Siyasət

Qərbin "demokratiya" ixracı müxtəlif regionlarda baş verən fəlakətlərin əsas mənbəyidir

Müasir beynəlxalq münasibətlər sistemində Qərb ölkələri müxtəlif regionlara öz geosiyasi və imperialist maraqlarından yanaşır və insan haqları, demokratiya, söz və fikir azadlığı, siyasi plüralizm kimi dəyərləri önə çəkərək milli geosiyasi ambisiyalarını tətbiq etməyə çalışırlar.

XX əsrdə və indiki çağırışlarda da görürük ki, Qərb demokratiya haqqında daha çox danışanda, bu barədə fikirlər irəli sürüləndə böhranlar, fəlakətlər, dağıntılar, milyonlarla qaçqın əmələ gəlir. Bu vəziyyəti biz Yaxın Şərqdə, Ukraynada, bir qədər irəli getsək, Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və digər bölgələrdə müşahidə etmişik. Əsas məqsəd əlbəttə ki, zəngin təbii resursları ələ keçirmək, onları vandalcasına istismar etmək və milyardlarla sərvət qazanmaqdan ibarətdir. Ona görə də insan haqları və demokratiya anlayışları nisbidir, müxtəlif marginal maraqların təminatı üçün vasitədir, təsir alətidir və hazırda bu siyasət bir rıçaqa çevrilərək getdikcə geniş vüsət alır. Yəni Qəzza zolağında insanlıq və bəşəriyyət əleyhinə hadisələr baş verəndə bunu özünümüdafiə hüququ və beynəlxalq hüquq çərçivəsində baş verən proseslər kimi dəyərləndirməyə cəhd göstərilir. Digər regionlara və xalqlara isə tamamilə başqa münasibət sərgilənir. İkili standartlara, qərəzli münasibələrə dair çoxsaylı misallar çəkə bilərik. Məsələn, Bayraqdar TB2 Qarabağ səmasında beynəlxalq hüquq, ədalət naminə Azərbaycan torpaqlarının işğaldan azad olunmasında iştirak edəndə Almaniyanın "Bild" nəşri onu Ərdoğanın "qatil dronu" adlandırmışdı. Lakin Ukraynada eyni proses baş verəndə biz Bayraqdarın sülh göyərçini və Ukrayna torpaqlarının azadlığı istiqamətində vasitə kimi qiymətləndirildiyini gördük. Bütün bunlar qərəzli yanaşmaların və münasibətin təzahürüdür. Ona görə də sülhə çağırış sabitlik və demokratiya, liberal dəyərlərin təşəkkül tapması anlayışları hər zaman yazıldığı və deyildiyi kimi olmur, burada müxtəlif siyasi məqsədlər güdülür.

İlyas HÜSEYNOV,

politoloq.