Qərbin bitməyən qətnamə şousu
Siyasət

Qərbin bitməyən qətnamə şousu

Tarixə nəzər yetirsək, görərik ki, hər bir dövlətin parladığı bir dönəm olur. Son 4 ildir ki, beynəlxalq aləmdə Azərbaycandan tez-tez bəhs edilir. Paytaxtda keçirilən mötəbər tədbirlər, sədrlik etdiyimiz təşkilatlar, dünyada mövcud olan problemlərlə daha yaxından maraqlanmağımız bir çox anti-Azərbaycan qüvvələrini narahat edir.

Yeni il başlayandan bu yana Qərb qüvvələri əllərindən gələni edirlər ki, Odlar yurdunu nüfuzdan salsınlar. Bitib-tükənmək bilməyən qətnamə şouları isə təxribatın digər növüdür. İndi də öz iqtisadiyyatlarına fayda verə bilməyib, amma avropalıları bir-bir satın alan erməni lobbiçilərinin növbəti muzdlu fəhlələri ortalığa düşüb teatr göstərirlər.

Bu dəfə də AŞPA-dakı hadisələrdən özünə stimul tapan Birləşmiş Ştatlar Konqresinin senatorları - Ed Marki və Bill Kesedi Konqresə "Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat" tələb edən qətnamə layihəsi irəli sürüblər. Belə ki, senatorlar Xarici Yardım Aktının 502 B (c) bölməsinə uyğun olaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat tələb edən ikipartiyalı qətnamə təqdim ediblər. Yalançının şahidi də elə yanında olar. Qətnamə layihəsini ABŞ-ın çoxsaylı qeyri-hökumət təşkilatları, o cümlədən "Freedom House", İnsan Haqları Fondu, Beynəlxalq İnsan Hüquqları Federasiyası, Beynəlxalq Siyasət Mərkəzi, Quincy İnstitutu və başqaları dəstəkləyib. Layihədə Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda məlumatla əlaqədar ABŞ-ın təhlükəsizlik sahəsində ölkəmizə yardımını azaltmaq və dayandırmaq çağırışı yer alıb. Hələ bu absurd tələb azmış kimi, dövlət katibi Antoni Blinkendən həm Azərbaycan daxilində, həm də guya "etnik təmizləmə ilə nəticələnən Dağlıq Qarabağa davam edən hərbi hücum zamanı insan hüquqlarının pozulması" ilə bağlı hesabat verilməsini istəyiblər. Təşəbbüsə qoşulan senatorlar isə heç də təsadüfi seçilməyib. Onlar Marko Rubio, Qari Piters, Elizabet Uorren, Şeldon Uaythaus, Piter Uelç və Bob Menendezdir. Hansı ki, papadan çox katolik olub erməni haqlarını müdafiə edirlər.

Əslində, təkcə Bob Menendezi azca araşdırsaq, hər şey aydın görünər. Həyat yoldaşı erməni olan Menendez uzun müddətdir ki, ABŞ-ın federal prokurorları tərəfindən araşdırılır. Səbəb isə müəyyən şəxslərdən rüşvət kimi hədiyyə və xidmətlər qəbul etməsidir. Bundan başqa, 2015-ci ildə Menendezə qarşı ictimai korrupsiya işində federal prokurorlar onun müəyyən kömək müqabilində Floridadan olan oftalmoloq Salomon Melgendən şəxsi təyyarə uçuşları və tətillər də daxil olmaqla, təqribən 1 milyon dollarlıq hədiyyə aldığını iddia ediblər. Erməni lobbiləri ilə sıx əlaqədə olan Menendez 1995-ci ildən ABŞ Konqresinin Erməni İşləri üzrə Qrupunun ən fəal funksionerlərindən biridir. "New York Post" nəşri isə amerikalı senatorun erməni əsilli həyat yoldaşı Nadin Arslanyanın qaranlıq maliyyə fəaliyyətini ifşa edən araşdırma yayıb. Arslanyan bir neçə il əvvəl girovla üzləşməsinə baxmayaraq, 400.000 dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. Bundan əvvəl isə 2019 və 2020-ci illərdə ermənipərəst senatora qarşı məhkəmə yenidən araşdırmalara başlayıb. Budəfəki səbəb də əvvəlkilərdən heç də fərqlənmir: yenə rüşvət, yenə erməni dairələrindən alınan "hədiyyələr"...

Qətnamə layihəsi hazırlayan senatorlar da öz həmkarlarından geri qalmırlar. Ed Marki hələ utanmazcasına açıqlama verib ki, Azərbaycan hökumətinin məsuliyyətə cəlb edilməsi zərurəti çoxdan keçib: "Hərbi əməliyyatlar heç vaxt Dağlıq Qarabağda sülh və sabitlik probleminin həlli yolu olmayıb. Bu qətnamə insan haqlarının qorunması və regionda etnik ermənilərə qarşı cinayətlərin dayandırılması üçün Azərbaycan hökumətinə təzyiq məqsədi daşıyır. Biz Dağlıq Qarabağ xalqının iradəsini, hüquqlarını və əsas azadlıqlarını müdafiə etməliyik".

Gülməlidir. Sən demə, "Dağlıq Qarabağ" deyə bir bölgə və onun xalqı da var imiş. 30 il azərbaycanlıların öz torpaqlarından didərgin düşməsinə məhəl qoymayanlar indi xülyalarındakı ərazi və insanlar üçün qondarma bəyanatlar irəli sürürlər. Nəyə əsasən? Hansı haqla? Minlərlə kilometr uzaqlıqdakı rüşvətlə alınmış isti evlərində oturanlar indi əsassız iddialar ortaya atırlar. Ümumiyyətlə, lüğətdə olmayan ifadələrlə, sözlərlə bəyanat vermək Ağ Evin qara adamlarında adət olub. Belə olduğu təqdirdə gərək biz də tarixin dərinliklərinə enək və həqiqətləri bir-bir rəsmi Vaşinqtonun qarşısına qoyaq. Vaxtilə yerli xalqı öz evlərindəcə öldürüb, bölgəyə sahib çıxanlar indi gəlib Cənubi Qafqazda əsassız iddialarla hay-küy salırlar.

Suyu daha çox bulandırmaq istəyən Bill Kesedi isə bir az da qabağa gedərək, guya Azərbaycan tərəfindən "erməni ziyarətgahlarının dağıdıldığını" iddia edib. Buna cavab vermək artıq mənasızdır. Bunun əksini göstərən sənəd və fotofaktlar mövcuddur. Uzun-uzadı yazıb, özümüzü yormağa belə ehtiyac yoxdur. Yox əgər lazımdırsa, biz həmin yazıları ingilis dilinə tərcümə edib, poçt vasitəsilə erməni sevdalılarına göndərərik.

Erməni lobbiçiləri pullarını verir, Ağ Evin "dürüst" senatorları da onlar istəyən kimi oynayırlar. Lakin budəfəki musiqi yarıda kəsiləcək. Çünki Cənubi Qafqaz havası oxunan yerdə ABŞ-ın səs-sədası belə gələ bilməz.

Töhfə SƏMƏDOVA,

"Respublika".