Qərbi Azərbaycana qayıdış reallığa çevriləcək
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış reallığa çevriləcək

44 günlük Vətən müharibəsində Qarabağın düşmən tapdağından azad edilməsi xalqımızı tarixi torpaqlarına daha da yaxınlaşdırdı. Azərbaycan işğal edilən ərazilərini azad etməklə milli qürurunu bərpa etdi. 27 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda ədalət qələbə çaldı, Qərbi Azərbaycanda da haqq öz yerini tapacaq.    

Qərbi Azərbaycan - indiki Ermənistan azərbaycanlıların min illər boyu sıx şəkildə yaşadığı coğrafi məkandır və burada xalqımızın çox zəngin mədəni-tarixi irsi var.

XX əsrdə mərhələli şəkildə azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində soydaşlarımız doğma yurdlarından didərgin düşmüşlər. Ermənistan ərazisində azərbaycanlılara  qarşı 1905-1907-ci və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə  kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirilmiş və nəhayət, 1988-1989-cu illərdə etnik təmizləmə başa çatdırılmışdır.  

Azərbaycanlıların qədim ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailənin 300 minə yaxın üzvü zorla qovulmuş, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, 400 nəfərdən çox insan yaralanmış, soydaşlarımızın evləri, əmlakları yandırılmış, yandırılmayanlar ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilmişdir.

Ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşündə Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsi, soydaşlarımızın ata yurdlarından zorla çıxarılması ilə bağlı tarixi faktları xatırladan Prezident İlham Əliyev daşnakların xalqımıza qarşı həyata keçirdikləri deportasiyaları cinayət adlandırmışdır.

Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın təşkilatlanması istiqamətində mühüm addımlar atılır. Qərbi Azərbaycan İcmasının yaradılması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması doğma yurd həsrəti ilə yaşayan Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışını şərtləndirən mühüm amildir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə reallığa çevrildisə, çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıdış arzularımız da gerçək olacaq. Əlbəttə, bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var. Lakin bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. İlk növbədə, Qərbi Azərbaycan həqiqətlərini, o torpaqların azərbaycanlılara məxsus olmasını, ermənilərin soydaşlarımıza qarşı törətdiyi  cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, bu istiqamətdə fəal iş aparmalıyıq. Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq miqyasda təbliği istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür.  Qərbi Azərbaycanda - hazırkı qondarma Ermənistanda Azərbaycan xalqının əsrlər boyu mövcudluğunu sübut edən materiallar, tarixi faktlar toplanılır və müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılır.  

Dəfələrlə deportasiyaya məruz qalan Qərbi azərbaycanlıların zorla qovulduqları dədə-baba yurdlarına qayıdacaqları gün uzaqda deyil. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qərbi Azərbaycana qayıdış prosesi reallığa çevriləcək, pozulan hüquqları bərpa ediləcək.

M.MİRZƏ,

“Respublika”.