Qərb İrəvanı Moskvadan qoparmaq istəyir
Siyasət

Qərb İrəvanı Moskvadan qoparmaq istəyir

Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Ermənistan təhlükəsizlik məsələsi ilə bağlı ciddi problemlə üzləşib. Rəsmi İrəvan hesab edir ki, "əsas tərəfdaşı" olan Rusiya üzərinə götürdüyü sülhməramlı funksiyaları yerinə yetirmir. Bu səbəbdən də Qərbdə yardım axtarır.

Ermənistan Rusiyanın siyasi orbitindən uzaqlaşır və Qərbə inteqrasiya edir. Lakin bu inteqrasiya iki ölkə (Rusiya-Ermənistan) arasındakı münasibətlərin gələcəyi ilə bağlı suallar doğurur. İqtisadi baxımdan Rusiyadan kritik asılılığın mövcud olduğu şəraitdə Ermənistanın bu məqsədinə nə dərəcədə nail ola biləcəyi də sual altındadır. Xarici ticarətdən söz açsaq burada Rusiyanın Ermənistanın əsas ticarət tərəfdaşı olduğunu görürük. Əsas strateji məhsulların idxalında Ermənistanın Rusiyadan böyük asılılığı vardır və bu məhsullar üçün alternativ mənbələrin tapılması asan deyil. Rusiyaya isə yenidən ixrac üçün Ermənistana alternativ ölkə tapmaq çətin deyildir. Eyni zamanda asılı olduğu digər bir sahə enerji sektorudur. Son üç ilə nəzər salsaq istər enerji sektorunda, istər neft və qaz idxalında Rusiyanın rolu əsaslı şəkildə artmışdır. Göründüyü kimi, həm qeyd etdiyimiz sahələrdə, həm də investisiya və digər strateji məhsulların ticarətində Rusiyanın payı daha böyükdür. Bir sözlə, Rusiyanın özəl və dövlət şirkətləri Ermənistan iqtisadiyyatının bütün əsas sahələrində mövcud olan şirkətlərdə böyük paya sahibdirlər.

Ermənistanın Rusiya əleyhinə atdığı digər bir addım da bölgəyə Aİ missiyasının çağırılması oldu. Rus sülhməramlılarını heçə sayan Paşinyan Qərb qüvvələrinə ölkəsinin qapısını sonuna qədər açaraq missiyanı sərhədə gətirib.

Əgər Ermənistan doğrudan da tam olaraq Qərbə inteqrasiya etmək istəyirsə o zaman həm də Ermənistan-Rusiya münasibətlərində hüquqi dəyişikliklər edilməlidir. Lakin Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), Müstəqil Dövlətlər Birliyinin, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olmaqda davam edir.

Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın hərbi olaraq Rusiyadan uzaqlaşıb iqtisadi baxımdan bu ölkəyə bağlı qalması da mümkün deyildir. Məsələn, əgər Ermənistan KTMT-dən ayrılarsa o zaman ona iqtisadi baxımdan böyük fayda verən AİB-nin üzvü olaraq qalması siyasi baxımdan qeyri-mümkündür. Ona görə də Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq istəyirsə, bunu həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan etməyə məcburdur.

Bütün bunlar onu göstərir ki, Ermənistanın Qərbə inteqrasiya etməsi və bu yolu seçməsi ilə bağlı səsləndirilən fikirlər sadəcə olaraq fikir kimi qalmaqdadır. Real olaraq istər iqtisadi, istərsə də institusional baxımdan ciddi bir addım atılmamışdır. Ümumiyyətlə, Ermənistanın Rusiyadan tam olaraq uzaqlaşması hazırkı şəraitdə qeyri-mümkündür və Qərb də bununla bağlı Ermənistana hərtərəfli dəstək vermək imkanlarına malik deyildir.

Qərb Ermənistanda anti-Rusiya parlamenti yaratmaq istəyir, Paşinyandan "sədaqət andına" əməl etməyi və bu yöndə addımlar atmağını tələb edir. Onların istəyi Ermənistanın Rusiyadan ayrılıb Avropadan asılı vəziyyətə düşməsidir. Öz rəhbərliyi altında sülh bağlanmasını istəyən Qərb dairələri Rusiyanı Cənubi Qafqazdan birdəfəlik çıxarmaq niyyətindədir. Əgər haylarla aramızda sülh müqaviləsi Avropa İttifaqı və ya Amerikanın rəhbərliyi ilə baş versə, Rusiya kənarda qalacaq. Bütün bu proseslər sülh sazişini ləngidir. Paşinyan isə zamanın onun əleyhinə işlədiyini anlamalıdır. Çünki Rusiya bölgədə mövcud olduğu müddətdə Ermənistan tam formada əsla Avropadan asılı ola bilməz. Nəticədə iki tərəf arasında qalan Paşinyan hakimiyyətinin başı aradakı mübahisələrə qarışacaq, sülh məsələsi yadına düşməyəcək. Belə olduğu təqdirdə nə ölkəsi inkişaf edəcək, nə də xalqı rifah içində yaşayacaq. Yaxşısı budur ki, Ermənistanın siyasi elitası özünə himayədar axtarmaq əvəzinə, sülh müqaviləsini imzalasın və Cənubi Qafqaz regionunun lehinə addım atsın.

Röya RÜSTƏMLİ,

"Respublika".