Qədim və zəngin mədəniyyətə malik Türkmənistan
Digər xəbərlər

Qədim və zəngin mədəniyyətə malik Türkmənistan

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfər edib. Səfərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı, birinci xanım Mehriban Əliyeva da iştirak etmişdir.

Azərbaycan-Türkmənistan münasibətləri hər zaman dostluq və qardaşlıq şəraitində olub. Ümumiyyətlə, Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli ölkələri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni mərhələdə inkişaf edir. Onu da qeyd edək ki, bu səfərdən öncə, Türkmənistan Prezidentinin Azərbaycana səfəri və Azərbaycan Prezidentinin isə Aşqabada səfəri olmuşdur. Səfər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətində və perspektivlərində mühüm rol oynayacaq.

İki ölkə arasında əlaqələrin tarixi qədimdir. Eyni kökdən, eyni soydan olan xalqlarımızı dil və din birliyi də birləşdirir. Hər iki xalq qədim türklərin oğuz boyundandır. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, 2002-ci ildə isə Azərbaycanın Türkmənistanda səfirliyinin fəaliyyətə başlaması ilə qurulub. Son illərdə isə bu münasibətlər daha da yaxınlaşaraq sıx xarakter alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il Türkmənistana artıq ikinci səfəridir. Hər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. 2017-ci il avqustun 8-də Bakıda "Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. Hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Beynəlxalq parlament təşkilatında bir-birinə dəstək verir, uğurlu əməkdaşlıq həyata keçirir. Bu yaxınlarda Azərbaycan Milli Məclisi və Türkmənistan Milli Qenqeşi Xalq Məsləhəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Həqiqətən də bu iki xalqı təkcə Xəzər dənizi və eyni coğrafiya birləşdirmir. Azərbaycan və Türkmənistan arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan səfərində birinci xanım Mehriban Əliyeva da olduqca maraqlı tədbir və görüşlərdə iştirak etmişdir. Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Türkmənistan dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.

Qədim və zəngin mədəniyyətə malik Türkmənistanın təsviri və dekorativ sənət əsərləri sərgisi 11 bölmədən ibarət olub. Hələ qədim zamanlardan türkmənlərin əsas məşğuliyyətlərindən biri də heyvandarlıq olub. Heyvandarlığın geniş inkişafı ölkədə bir çox mədəniyyət sahələrinin də yüksəlməsinə şərait yaradıb. Belə ki, ölkədə xalçaçılıq, tikmə sənəti artıq yaradıcılığın bir hissəsinə çevrilib. Sərginin bölmələrində türkmən xalqının bütün dünyada məşhur xalça və xalça məhsulları, keşdə üslubunda hazırlanmış milli qadın geyimləri, qadınlar üçün milli zinət əşyaları, o cümlədən üzük, sırğa, bilərzik və digər aksesuarlar, türkmən qadın rəssamlarının əsərləri və əl işləri nümayiş olunub. Eyni zamanda, sərgidə milli "ume" ayini icra edilib. Türkmənistan təbiətinin gözəlliklərini, əsrarəngizliyini, rəng çalarlarını və xüsusiyyətlərini əks etdirən xalçalar təqdim edilib. Daha sonra qədim türkmən folklor mahnılarından ibarət mahnılar türkmən qızların ifasında səslənib. Türkmən xalqının zəngin toy adət-ənənələri də nümayiş edilib. Həmçinin yerli qadınların hazırladıqları keramika nümunələri, tikmələr, keçə xalçalar qonaqlarda xoş təəssürat yaratmışdır. Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim olunmuşdur. Daha sonra isə konsert proqramı və Türkmənistan milli geyimləri də nümayiş olunub.

Sərgi ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova və Türkiyənin birinci xanımı Əminə Ərdoğan çay süfrəsi arxasında söhbət ediblər.

 Ramidə YAQUBQIZI,

 "Respublika".