Qardaşlaşmış şəhərlərin “Dostluq parkı”
Region

Qardaşlaşmış şəhərlərin “Dostluq parkı”

Lənkəran 12 il əvvəl ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri ilə qardaşlaşıb. Bu illər ərzində şəhərlər arasında qarşılıqlı əlaqələr, sıx ünsiyyət yaranıb. Lənkəranın nümayəndələri dəfələrlə Monterey şəhərinə qardaşlıq görüşünə gedib, Montereydən də Lənkərana görüşə gəliblər. Biri-birilərindən ölkələrinin tarixi, mədəniyyətləri, adət-ənənələri haqqında öyrənib, milli mətbəx nümunələri ilə yaxından tanış olub, yeni dostlar qazanıblar.

Lənkəranın səfalı, füsunkar təbiətə malik İstisu qəsəbəsində qardaşlaşmış şəhərlər şərəfinə "Dostluq parkı" salınıb. Parkın açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov, rayonun ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurlarından, şəhərlərin qardaşlaşmasına göstərilən dövlət dəstəyindən söhbət açıb. Bildirib ki, ölkələrimiz arasında iqtisadi, mədəni əlaqələrin inkişafında, adət-ənənələrin, milli dəyərlərin təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında qardaşlaşmış şəhərlərin böyük rolu vardır. İcra başçısı yeni salınmış parkda Monterey günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, bunun hər iki toplum arasında münasibətlərin yaxınlaşmasına xidmət edəcəyini söyləyib.

Ölkəmizin Los-Anceles şəhərində baş konsulu Ramin Qurbanov Lənkəranla Monterey şəhərlərinin qarşılıqlı əlaqələrinin, əməkdaşlığının inkişafının qardaşlaşmış şəhərlərə nümunə olduğunu, Amerikadakı diasporamızın fəaliyyətinə müsbət təsir etdiyini vurğulayıb.

Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric Lənkəranda olmağından məmnunluğunu ifadə edib. Parkda görülmüş quruculuq işlərindən, yaradılan şəraitdən razı qaldığını bildirib. Cənub diyarına xüsusi sevgisini vurğulayan xanım Nensi qarşılıqlı əlaqələrin inkişafında, milli adət-ənənələrin təbliğində maraqlı olduqlarını, gələcəkdə Montereydə də Lənkəran günlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, "Dostluq parkı" İstisu qəsəbəsində "Yaşıl çay" fermer təsərrüfatının rəhbəri Araz Yaqubova məxsus sahədə salınıb. Ümumi ərazisi 5 hektar olan park iki hissədən - göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildə başlanılıb. Ərazidə süni göl yaradılıb, göldə katamaranlar qurulub, istirahət guşələri tikilib, yaşıllıqlar salınıb. Burada Lənkəran-Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfricin hədiyyə etdiyi "Cırtdan" heykəli qoyulub.

Parkın bağ hissəsində meyvə ağacları, lavanda, rəngbərəng güllər əkiləcək, gənclərin istirahəti üçün guşələr qurulacaqdır.

Mərasimdə yeni salınmış gölə balıq körpələri buraxılıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".