Qalib xalqın qəhrəmanlıq salnaməsi
Tarix

Qalib xalqın qəhrəmanlıq salnaməsi

2020-ci il sentyabrın 27-nə qədər hər ilin müəyyən günləri tarix səhifəmizdə qan yaddaşı kimi qalmışdı. Lakin İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuzun döyüş meydanında qazandığı Şanlı Zəfər və dövlətimizin ali siyasi rəhbərinin diplomatik masadakı uğuru həmin günlərin mahiyyətini təzələdi. Beləliklə, dövlət başçısının 31 iyul 2023-cü ildə imzaladığı Sərəncama əsasən Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edildi.

Ermənistan ordusunun təxribatlarına qarşı ordumuzun əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti sinəsini qabağa verərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, eləcə də Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Noyabrın 8-də isə Ermənistanın məğlubiyyəti daha da yaxınlaşdı. Çünki həmin gün hərbçilərimiz inanılmaz şücaət göstərib alınmaz qala hesab edilən, xalqımız üçün böyük mənəvi dəyərə malik olan Şuşa şəhərini Azərbaycanın nəzarəti altına aldılar. Şuşanın azad edilməsindən sonra isə faktiki olaraq Ermənistanın ordusu diz çökdü və bir gün sonra kapitulyasiya aktını imzalamağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən işğalçı ölkə Ağdam, Kəlbəcər və Laçın rayonlarını qeyd-şərtsiz Azərbaycana təhvil vermək öhdəliyini üzərinə götürdü. Qeyd etmək lazımdır ki, çox mühüm strateji önəmə sahib olan üç rayonumuzun bir güllə atılmadan, şəhid verilmədən geri qaytarılması Prezident İlham Əliyevin yüksək siyasi səriştəsinin göstəricisidir.

Üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı və Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 23-də Ağdam şəhərində üçrəngli Dövlət bayrağımızı ucaltdı. Nəhayət, 27 il sonra Qarabağın ən böyük rayonu yenidən dövlətimizin yurisdiksiyasına döndü və həmin tarix xalqımızın hər bir fərdinin, xüsusilə də ağdamlıların yaddaşında əbədi olaraq məskən saldı. Bu münasibətlə ölkə başçısı 2020-ci il noyabrın 20-də xalqa müraciət edərək bildirmişdi ki, əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.

Xatırladaq ki, 1930-cu ildə yaradılan Ağdam rayonunun böyük bir hissəsi - 1 şəhər və 80 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt olunmuşdu. 1993-cü il iyulun 23-də itirilən Ağdam mənfur düşmən tərəfindən 13 milyard 135 milyon ABŞ dolları məbləği dəyərində zərərə məruz qalmışdı. 27 il işğal altında qalan rayon misli görünməmiş vəhşiliyə, mənəvi dəyərlərə sığmayan dağıntılara şahidlik edib. Məhz buna görə də Ağdamı Xirosima ilə müqayisə edirlər.

Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində düşmənə layiqli müqavimət göstərmiş, minlərlə şəhid vermişdir. Birinci Qarabağ müharibəsində 6 000 ağdamlı Vətən uğrunda canından keçmişdir. Onlardan 16 ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adı almışdır.

Artıq Ağdam üçün kədərli günlər arxada qalıb və böyük səbirsizliklə öz doğma sakinlərinə qucaq açmağa hazırlaşır. Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işlərinə əsasən 2026-cı ilədək Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün beş yaşayış məhəlləsi və rayonda 12 kənd tikiləcək. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə sənaye parkı yaradılır.

İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdısa, hazırda onun sakinlərinin sayı 204 mindir və onlardan 160 000-ə yaxını doğma yurduna köç edəcəyi günü səbirsizliklə gözləyir.

Musa BAĞIRLI,

"Respublika".