Paşinyan ikili yanaşmalar məngənəsində
Siyasət

Paşinyan ikili yanaşmalar məngənəsində

Noyabrın 23-də Minskdə keçirilən KTMT sammitindən sonra Belarusun xarici işlər naziri Sergey Aleynik bəyan etmişdi ki, təşkilatın Baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edəcək. O, iclasda qəbul olunmuş qərarları İrəvana gətirəcəkdi ki, Paşinyan imzalasın. Amma sammitin başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq, Tasmaqambetov Ermənistana səfər etməyib. Buna səbəb kimi baş nazirin onunla görüşmək istəməməsi göstərilir.

Əslində, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına destruktiv münasibəti Nikol Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən özünü büruzə verir. Baş nazir hər zaman bildirib ki, KTMT ölkəsinin təhlükəsizliyinə təminat verə bilmir. Hökumət rəhbəri bu barədə İrəvan daxilində ictimai rəy formalaşdırmağa çox çalışıb. Onun həm münaqişə, həm də postmüharibə dövründə atdığı addımlar da eyni məqsədə xidmət edib. Bununla belə, Ermənistan təşkilatdakı mövcudluğunu qoruyub saxlayıb, faktiki olaraq hər hansı bir formada fəaliyyət göstərməsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı rəsmi müraciət etməyib, hətta erməni rəsmilər dəfələrlə bildiriblər ki, indiki dövrdə alyansı tərk etmək məsələsi gündəlikdə yoxdur. Sözsüz ki, İrəvanın yürütdüyü siyasət isə səbəbsiz deyil. Bu, ilk növbədə KTMT-yə etirazını çatdırmağa xidmət edir, eyni zamanda qərbə mesaj xarakteri daşıyır. Ümumilikdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılmamasının səbəbləri çoxdur.

KTMT-nin Nizamnaməsində üzv dövlətin çıxarılması proseduru bir qədər mürəkkəbdir. Belə ki, qurumdan ayrılmaq istəyən hər hansı bir ölkə bu niyyəti barədə altı ay öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəsmi müraciət ünvanlamalıdır. Yəni Ermənistan KTMT-dən çıxa bilər, amma sadəcə alyansın fəaliyyətini boykot etməklə kifayətlənir. Görünür, Paşinyan hökuməti bu altı ayda nələrin baş verə biləcəyini proqnozlaşdırmır. İrəvan Moskvanın təhlükəsizlik qarantı olmadan nə edəcəyini bilmir. Ermənistan bununla təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünü deyil, MDB məkanında, eləcə də Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqında da mövqelərini itirə bilər. Bu isə Ermənistan üçün fəlakətli son deməkdir. Çünki sözügedən iqtisadi birliklərə üzvlük İrəvana öz ərazisi üzərindən ittifaqa üzv olan digər dövlətlərə malları heç bir rüsum ödəmədən göndərməyə imkanlar yaradır. Bu faktor ölkədə ümumdaxili məhsulun həcminə ciddi təsir göstərir. Ona görə də bu fürsətləri əldən vermək maliyyə cəhətdən Kremldən asılı olan Ermənistan üçün çox ciddi problemlərə yol aça bilər. Aydındır ki, İrəvan rəhbərliyi risklərdən sığortalanmağın yollarını tapa bilmədiyi üçün hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı rəsmi olaraq müraciət etmir.

Yekunda aydın olur ki, Nikol Paşinyan Ermənistanı KTMT-dən çıxarmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. Əvəzində isə sözügedən təşkilatı legitimlikdən çıxarmaq üçün hər şey edir. Ermənistanın baş naziri bir növ NATO-Rusiya qarşıdurmasının indiki mərhələsində Moskvanın rəhbərlik etdiyi blokun hüquqi qərarlar qəbul etmək iqtidarında olmadığını, alyansın üzvlərinin də ona qarşı çıxdığını öz davranışı ilə göstərir. Amma bu, Ermənistanı daha təhlükəli oyuna sürükləyir. Belə bir şəraitdə Kremlin İrəvana qarşı siyasətini gündən-günə sərtləşdirməsi təəccüblü görünmür. Növbəti mərhələdə Paşinyan iqtidarını hədəf alan addımların atılması, eləcə də Ermənistana sanksiyaların tətbiq edilməsi istisna deyil.                                                                     

Elçin MİRZƏBƏYLİ,

Əməkdar jurnalist.