Ötən il Azərbaycan Stronqmen Federasiyasının idmançıları 41 medal qazanıblar
İdman

Ötən il Azərbaycan Stronqmen Federasiyasının idmançıları 41 medal qazanıblar

Azərbaycan Stronqmen Federasiyasının 2023-cü ilin yekunlarına həsr olunmuş iclası keçirilib.

Bu barədə “Respublika”ya federasiyadan məlumat verilib. Federasiyasının prezidenti Bəxtiyar Quliyev ötən il əldə olunan nailiyyətlər və idmançıların qazandığı uğurlar barədə məlumat verib.

Ötən il federasiyanın idmançıları 7 beynəlxalq turnirdə güclərini sınayıblar. Həmçinin Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə 6 yarış təşkil olunub. İdmançılar beynəlxalq turnirlərdə 35 qızıl, 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 41 medal əldə ediblər. Ötən ilin yerli yarışlarına noyabrda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən turnirlə yekun vurulub.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ötən il mühüm addımların atıldığını diqqətə çatdıran federasiya prezidenti Dünya Stronqmen Federasiyasına vitse-prezident təyin olunmasını Azərbaycan idmanına növbəti etimadın göstəricisi olduğunu bildirib.

Bəxtiyar Quliyev cari il üçün yarış təqviminin artıq hazır olduğunu diqqətə çatdıraraq qeyd edib ki, martda idmançılarımızı Qırğızıstanın paytaxtı Bişkekdə açıq Asiya çempionatı və Dubayda dünya çempionatı gözləyir. İdmançılar artıq bu iki yarışın hazırlığına start veriblər. Ölkəmizdə də yerli yarışlarla yanaşı, mötəbər beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub.

Federasiyanın bir qrup idmançısına “İdman ustası” fəxri adı təqdim olunub.

Sonda cari ilin təqvim planı, təlim-məşq toplanışları və digər məsələlər barədə müzakirələr aparılıb.