“Orientalizm
Digər xəbərlər

“Orientalizm" müstəmləkəçilik siyasəti qərbə inamı azaldır

"Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev hərəkatın Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı bildirib. Həmçinin, İlham Əliyev Fransa dövləti fonunda bəzi nəhəng güclərin neokolonializm siyasətinə meyillərindən narahatlığını ifadə edib. Çıxış zamanı işlədilən "orientalizm" ifadəsi isə məsələdə açar rolunu oynayır.

Avropanın orta əsrlərdən başlayaraq öz mədəniyyətini, incəsənətini, hakimiyyət formasını və digər dəyərlərini şərqdən əxz edərək formalaşdırması məlum məsələdir. Məhz bu dövrdən sonra güclənən qərb dövlətləri şərqə marağını artırır və bu maraq "Orientalizm" müstəmləkəçilik siyasətinin əsasını qoyur. XX əsrin əvvəllərindən koloniyalaşdırma cəhdləri daha da güclənir. Osmanlı dövlətinin zəifləməsindən istifadə edən Britaniya və Fransa 1916-cı ildə Sayks-Piko müqaviləsi imzalayır. Müqavilənin mahiyyəti o dövrün dili ilə desək "müasir Avropa müstəmləkəçiliyinin əsasını qoymaq, "yaxın" və "uzaq" şərq ifadələrini ortaya ataraq Şərqin guya Avropa tərəfindən "ixtira olunduğunu" təşviq etməkdən ibarətdir. Müqaviləyə əsasən, hər iki dövlət şərqdə öz dairəsinə daxil olan dövlətləri paylaşır. Britaniyanın təsir dairəsinə İraq, Trans-İordaniya və Fələstin, Fransanın təsir dairəsinə Livan və Suriya da daxil idi. Bu baxımdan "orientalizm" ifadəsinin əsl mahiyyəti Şərq üzərində hökmranlıq etmək, yenidən strukturlaşdırmaq və hakimiyyətə sahib olmaq üçün Qərb üslubuna çevirmək" fikirləri ilə səsləşir. Qərb tərəfindən Şərqlə bağlı verilən bir çox "bəyanatlar" və ya ilkin mülahizələr bu regionda formalaşan dövlətlərin şərq üzərində öz üstünlüyünü artırmağa imkan verir. Şərqin müəyyən dövrdən sonra geriləməsinin əsl səbəbkarları kimi qərbi göstərmək olar. Məhz bundan sonra Britaniya və Fransa müstəmləkəçi dövlətləri "Avropanın Şərq geriliyi üzərində üstünlüyünü formalaşdırmaq" siyasətini həyata keçirməyə başladı.

Bu nüansda tarixə söykənərək məsələyə daha geniş aspektdən yanaşmaq mümkündür. Lakin Prezident İlham Əliyevin Fransa ilə "orientalizm" sözünü bir işlətməsi tarixi ismarıcdır. Yəni müstəmləkəçilik siyasətini bu gün də davam etdirən Fransanın çirkin planları artıq ifşa edilib. "Non-France" təbliğatının geniş yayıldığı bu dövrdə Fransaya nifrəti artıb. İlk dəfə orta əsrlərdə italyalı filosof Françesko Petrarka tərəfindən işlədilən "Qərbdə qaranlıq dövr" ifadəsi bu gün Fransa üçün keçərlidir. Geriləmə dövrünə girən Fransa yenidən keçən əsrə qayıtmaq arzusu ilə alışıb yanır.

Prezident İlham Əliyev həmçinin Fransa fonunda şərqə qarşı müstəmləkəçilik siyasəti yürüdən digər qərb dövlətlərini də tənqid edib. Qərbin şərqdən daha üstün olduğunu göstərmək məqsədilə işlədilən "avrosentrizm" ifadəsi başdan-başa müstəmləkəçilik və koloniyalaşdırma cəhdlərinin bariz nümunəsidir. "Avrosentrizm" termini günümüzdə iki məqsədə xidmət edir: Şərq dövlətlərində mümkün münaqişə ocaqları yaratmaq və bu münaqişələrdə guya "vasitəçi" qismində iştirak edərək  öz təsir dairəsini artırmaqdan ibarətdir.

Fransa və bəzi qərb dövlətləri bu gün də şərqə qarşı açıq "orientalizm" siyasəti yürüdürlər. Qarabağ məsələsində bu siyasət açıq-aydın hiss olunur. Vasitəçi qismində iştirak etmək niyyətinin altında "qərbin şərqdən üstünlüyü və münaqişələri həll etmə" ideologiyası yatır. Ancaq görünən odur ki, bu mexanizm getdikcə öz təsirini itirməyə başlayır. Rusiya-Ukrayna münasibətlərində vasitəçi olmaq rolunu Türkiyəyə uduzan Qərbi Qarabağ münaqişəsində də eyni sonluq gözləyir. Qərb mediasının "neytral yanaşma" adı ilə apardığı ikibaşlı siyasət əslində elə bütövlükdə Qərbin özünü təmsil edir.

Artıq Azərbaycan öz müqəddəratını özü həll etmək qətiyyətindədir. Rusiya və Türkiyənin vasitəçiliyi məsələnin şəffaflığını daha da geniş əks etdirə bilər. Ancaq Qərbin bu missiyasının fiaskoya uğradığını demək olar. Azərbaycan-Ermənistan münasibətlərinin nə vaxtsa həll olunaraq sülh danışıqlarına çevriləcəyi aydındır. Lakin unutmaq olmaz ki, şərq daima qərb dövlətlərinin diqqətindədir. Həll olunan bir münaqişə bəzi hiyləgər qərb dövlətləri üçün şərqdə yeni iğtişaş ocaqlarına zəmin yaratmağa başlanması deməkdir.

Tacir SADIQOV,

"Respublika".