Ölkəmizin innovativ notariat sisteminə beynəlxalq maraq artır
Digər xəbərlər

Ölkəmizin innovativ notariat sisteminə beynəlxalq maraq artır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar çərçivəsində notariat fəaliyyəti müasirləşdirilir, xüsusi notariat institutu geniş tətbiq olunur, əhaliyə rəqəmsal innovasiyalar əsasında elektron və mobil notariat xidmətləri göstərilir.

Bu sahədə yeniliklər beynəlxalq aləmdə böyük maraq doğurur, ölkəmiz Beynəlxalq Notariat İttifaqı çərçivəsində, həmçinin yenicə yaradılmış Türk Dünyası Notariuslar Birliyinə daxil olan dövlətlərlə səmərəli təcrübə mübadiləsi aparır. Müxtəlif ölkələrin nümayəndə heyətləri Azərbaycana səfərlər edərək notariat sahəsində aparılan mütərəqqi islahatlarla tanış olur, nailiyyətlərimizdən bəhrələnir, müxtəlif aktual mövzular üzrə təşkil olunan konfrans və seminarlarda iştirak edirlər.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatında bildirilir ki, bu günlərdə Rusiya Federasiyasının müxtəlif vilayətlərindən olan notariuslarından ibarət geniş nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Səfər zamanı qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edərək bu il 100 illiyini geniş qeyd etdiyimiz Ümummilli Liderin həyat və fəaliyyətini, zəngin irsini əks etdirən maraqlı ekspozisiyalarla tanış olublar.

Azərbaycan Notariat Palatasında "İnnovativ notariat" mövzusunda keçirilən tədbirdə Ədliyyə Nazirliyi tərəfindən dövlət başçısının tapşırıqlarına uyğun olaraq innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilərək əhaliyə daha asan, şəffaf və əlçatan hüquqi xidmətlərin göstərilməsi ilə bağlı aparılan islahatlar barədə məlumat verilib, notariat xidmətlərinin innovativ həllər əsasında göstərilməsini təmin edən "Elektron notariat" informasiya sistemi, geniş populyarlıq qazanan və məmnunluq doğuran "Mobil notariat" brendi, "ƏN TEZ" (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət konsepsiyası ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, bu innovativ xidmət məkanı ilk olaraq respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzində əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə istifadəyə verilib.

Nümayəndə heyəti həyata keçirilən islahatları və tətbiq olunan yenilikləri böyük maraqla qarşılayaraq təqdir edib, ölkəmizdə notariat sisteminin qabaqcıl təcrübələrə əsaslandığını, elektron notariatın sürətli inkişafını vurğulayıblar.

Rusiyalı notariuslar həmçinin, respublikamızın müxtəlif bölgələrinə səfər edərək ölkə Prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın "ixrac olunan" brendinə çevrilmiş "ASAN xidmət"in Şəki regional mərkəzində fəaliyyət göstərən notariat ofisində olub, notariat hərəkətlərinin, o cümlədən sənədlərin "Elektron notariat" informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsi imkanlarına maraq göstəriblər. Eyni zamanda nümayəndə heyəti Şəki Məhkəmə Kompleksinə baş çəkərək məhkəmənin müasir infrastrukturu, yüksək texnoloji (hi-tech) məhkəmə zalları, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə tanışlıqdan heyranlıqlarını ifadə edib, mediaya müsahibə veriblər.

Qonaqlar digər dövlətlərdə notariat sisteminin inkişafını çox maraqla izlədiklərini, Azərbaycanda bu sahədə yeniliklərdən heyrətləndiklərini qeyd edib, dünyanın istənilən yerindən notariat əməliyyatlarının mobil və rəqəmsal notariat üzərindən aparılmasını mühüm nailiyyət kimi qiymətləndiriblər.

Səfər çərçivəsində həmçinin, paytaxtımızın və bölgələrimizin tarixi və mədəni abidələri ilə tanışlıq nümayəndə heyətində xoş təəssürat yaradıb, onlara ölkəmizin hərtərəfli davamlı tərəqqisi, Vətən müharibəsində Böyük Qələbəsi barədə ətraflı məlumatlar verilib.

“Respublika”.