Ölkəmizə qarşı hər hansı təhlükə yaranarsa, preventiv addımlar atılacaq
Siyasət

Ölkəmizə qarşı hər hansı təhlükə yaranarsa, preventiv addımlar atılacaq

Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanaraq düşmənin 30 illik işğalına son qoydu. Bu məğlubiyyətlə barışmaq istəməyənlərin sonrakı aqibəti də İkinci Qarabağ müharibəsindəkindən heç də fərqli olmadı. Zaman-zaman şərti sərhəd bölgəsində təxribat törədən haylar hələ də revanşizm əhvali-ruhiyyəsində qaldıqlarını faktiki olaraq göstərirdilər. Lakin hər dəfə ağır itkilər verən Ermənistan nəhayət ki, sonda Azərbaycanla problemlərin masa arxasında həll etməyin daha yaxşı variant olduğunu anlamağa başlayıb. Bunu deməyə əsas verən qarşı tərəfin bir neçə müddətdir ki, sərhəd bölgəsində atəşkəsə əməl etməsidir. Xüsusilə Xankəndidə separatizmin məhv edildiyi ərəfədə Ermənistanın siyasi səriştə göstərərək döyüşlərdə iştirak etməməsi də bu qəbildəndir.

Amma bəzi məqamlar Cənubi Qafqazda sakit həyat tərzini təhdid etməkdədir. Buna səbəb ilk növbədə, xarici güclərin regiona müdaxilə cəhdləri edir. Ən əsas da Fransa kimi qan tökməkdən məmnun olan dövlətlərin Bakı ilə İrəvan arasında əldə olunacaq sülhə özlərinin bölgədəki mənafelərinin sonu kimi baxmasının yeni münaqişəyə yol aça biləcəyindən xəbər verir. Buna görə də Fransa aktiv şəkildə Ermənistanı silahlandırır. Həm də nəzərə alsaq ki, Ermənistan müstəqil dövlət olmasına baxmayaraq, qütblərarası ziddiyyət nöqtəsinə çevrilib və ölkənin bəzi siyasi dairələrində revanşizm çağırışları hələ də davam edir, bunu da region üçün digər bir təhlükə mənbəyi hesab etmək olar. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Ermənistanla dayanıqlı sülhə nail olmaq üçün səy göstərməklə bərabər, İrəvanın atdığı addımları da dəqiqliklə izləyir. Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Fransanın sınıq-salxaq "Bastion" maşınları ciddi təhlükə sayılmır, lakin real təhlükə yaransa, Müzəffər Ordumuzun preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcək.

Azərbaycana qarşı hər zaman qərəzli mövqe tutan, düşmən münasibəti bəsləyən Fransa Vətən müharibəsindən sonra məğlub Ermənistan ordusunun maddi-texniki bazasını zənginləşdirmək üçün əlindən gələni əsirgəməyib. Ötən ilin sonlarında "Arquus" şirkətinin istehsalı olan "Bastion" zirehli maşınlarını Ermənistana göndərməsi bunu əyani olaraq sübut edir. Lakin haylara döyüş maşınları göndərən fransızların əsl niyyəti başqadır. Bəlli olub ki, "Arquus" şirkəti tərəfindən istehsal olunan zirehli maşınların Ermənistana verilməsinin səbəbi Fransanın ziyandan qurtulmaq istəyidir. Çünki fransız hərbi texnikası əvvəlcə Ukrayna üçün nəzərdə tutulsa da, onlar Kiyev tərəfindən qəbul olunmayıb. Ukrayna rəsmiləri artilleriya atəşi və tank əleyhinə raketlərdən qorunmaq üçün həmin maşınların çox zəif olduğunu bildirərək onlardan imtina edib. Paris isə daha sonra Ukraynanın zəif hesab etdiyi həmin maşınları himayədarlıq etdiyi Ermənistana göndərib.

Fransanın Ermənistana sınıq-salxaq texnikalarla yanaşı, zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparması region üçün bir qədər ciddi təhlükə hesab oluna bilər. Geridə qoyduğumuz il iki ölkə arasındakı razılaşmaya əsasən Ermənistan "Thales"dən üç ədəd GM2 200 radarı üçün sifariş imzalayıb və "Mistral" 3 zenit-raket komplekslərinin idxalı ilə bağlı fikir mübadiləsi aparılıb. Həmin vaxt açıqlama verən Fransanın müdafiə naziri Sebastyen Lekörnü Fransanın üç ədəd GM 200 radarının satışı və "Mistral" zenit raketlərinin gələcək tədarükü ilə Ermənistana hava hücumundan müdafiə potensialını yaxşılaşdırmağa kömək etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrinin hazırlanmasına kömək edəcək və ölkənin silahlı qüvvələrini islah etmək və modernləşdirmək səylərini dəstəkləyəcək.

Fransa rəsmilərinin verdiyi açıqlamalardan da aydın olur ki, hazırda region üçün real təhlükə məhz Parisdən gələ bilər. Məlumdur ki, Fransa bu günə kimi nəinki Ermənistanı silahlandırmaqla kifayətlənib, hətta Azərbaycana qarşı proksi müharibə aparmaqdan belə çəkinməyib. Söhbət may ayında şərti sərhəd zonasında başladılan təxribatda erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçısının aşkar edilməsindən gedir. Həmin vaxt Ermənistanla baş tutan silahlı toqquşmada NATO hazırlığı olan "mülki" mütəxəssislərin olması videogörüntülərlə aşkar edilmişdi.

Musa BAĞIRLI,

"Respublika".