Ölkəmizdə ahıllar dövlət qayğısı ilə əhatə olunub
Sosial həyat

Ölkəmizdə ahıllar dövlət qayğısı ilə əhatə olunub

1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı qətnamə"yə əsasən 1 Oktyabr  - Beynəlxalq Ahıllar Günü Azərbaycanda 1993-cü ildən başlayaraq qeyd edilir. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa  əsasən, 70 yaşına  çatmış Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.

Yaşadığımız bu cəmiyyət hamı üçündür, gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində iştirak etməlidirlər. Təbii ki, yaşlı insanların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər  arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Cəmiyyətdə yaşayıb kənarda qalmaq isə mümkün  deyil. Ahılların məşğulluğu, onların səmərəli fəaliyyət prosesinə cəlb edilməsi həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir.

BMT-nin inkişaf proqramında son illər ahıllar problemi əsas yer tutur. Məhz bu səbəbdən, 2002-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya  məclisi keçirilmişdir. Bu ümumdünya tədbirində belə bir fikir səsələndirildi ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Adı-sanı, nəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar həqiqətən hörmətə layiqdirlər. İnsanın qocalıq dövründə heç nəyə qadir  olmadığını söyləmək böyük səhvdir. Qocaların ən böyük sərvəti elə onların həyat təcrübəsidir. Onlara  qulaq asmaq, öyüd-nəsihətlərinə əməl etməklə bu sərvətə sahib  olmaq  mümkündür.

Hər il oktyabrın 1-nin Ahıllar Günü kimi qeyd olunması da bu kateqoriyadan olan insanlara hörmət və ehtiramın göstəricisidir. Həmin günün qeyd edilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək müəssisə, təşkilat və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Beynəlxalq  Ahıllar Günü ərəfəsində bütün  dünyada  olduğu kimi, respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı qətnamə"nin prinsiplərinə uyğun olaraq həmçinin 1999-cu il "Beynəlxalq Ahıllar ili" elan olunmuşdur.

Bu məsələyə respublikamızda da böyük diqqət yetirilir. Ölkədə ahılların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə hər il təqaüdlər artırılır. Dövlət büdcəsinin sosialyönlü olması da ahılların problemlərinin həlli üçün imkanlar yaradır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 60-dan yuxarı yaşı olanların sayı 2010-cu ildə 650 milyon təşkil edib. 2025-ci ilə kimi bu rəqəmin iki dəfə artacağı bildirilir.

Ölkəmizdə ahıllar tam dövlət qayğısı ilə əhatə olunub. Bu isə Azərbaycanda aparılan sosial siyasətin prioritet istiqamətlərindən biridir. Müstəqil Azərbaycanda ahıllarla bağlı dövlət siyasəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. O, hakimiyyətdə olduğu bütün dövrlərdə cəmiyyətin bu kateqoriyadan olan üzvlərinə həmişə həssaslıqla yanaşıb, dövlət tədbirlərində, ictimaiyyətlə görüşündə yaşlı nəslin nümayəndələri ilə xüsusi görüşüb, problemləri ilə maraqlanıb. Onun 1999-cu ildə Qurban  bayramını Bakının Bilgəh qəsəbəsində yerləşən "Qocalar evi"ndə keçirməsi də cəmiyyətdə xoş təəssürat doğurmuşdu.

Ahıllara dövlət qayğısının ildən-ilə artması ilə müşahidə olunan bu humanist siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının müvafiq fərman və sərəncamlarına, 2004-cü ildə təsdiq edilmiş "Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na və digər sənədlərə əsasən ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyə qədər Azərbaycan Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlarla yaşa görə əmək pensiyasının baza və sığorta hissəsinin mütəmadi olaraq artırılması təmin olunur.

İndiyədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən min nəfərdən artıq İkinci Dünya müharibəsi əlili və iştirakçısı olan ahıl vətəndaş minik avtomobili, həmin təbəqədən olan yüzdən artıq şəxs isə mənzillə təmin edilib. Hər il İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü ərəfəsində  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanaraq həmin müharibə iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir.

Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də tədbirlər görülür. Nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatı tənha ahıl insanların dövlət himayəsində yaşadığı müəssisədir. Son illərdə pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib. Burada ahıl insanların hərtərəfli təminatı üçün hər cür şərait yaradılıb.

Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsi, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəbdən tənha və köməksiz qalmış insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlmiş kompleks işlər davam etdirilir. Bu isə təbiidir. Ahıllara, yaşlılara hörmət milli mentalitetimizdən irəli gəlir. Ağsaqqal, böyük sözünə, məsləhətinə isə həmişə ehtiyac var...

Zümrüd QURBANQIZI,

"Respublika".