O hadisələri xatırlamaq ağırdır
Sosial həyat

O hadisələri xatırlamaq ağırdır

Azərbaycan xalqının başına gətirilən müsibətlərdən biri də 1991-ci il dekabrın 23-də Xocalı rayonunda baş vermiş Meşəli kənd hadisələridir. Meşəli kəndinin sakinlərinin evləri yandırılmış, mülki əhaliyə qarşı qətliam törədilmişdi. Qətliam zamanı 28 nəfər öldürülmüş, 14 nəfər yaralanmışdır. Meşəli əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd məhv edilmişdir.

İyulun 29-da həmin qətliamın iştirakçılarından olan Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanmasından sonra bu hadisələr aktuallığını bir qədər də artırmış oldu. Vaqif Xaçaturyan həbs olunaraq Bakıya gətirilmişdir.

Hadisə şahidləri də həmin şəxlərin məsulliyətə cəlb olunmasında yaxından iştirak edir və erməni vəhşiliyini dünyaya tanıtdırmaq üçün cəhd göstərirlər. Bu şəxslərdən biri də 1967-ci il təvəllüdlü Eldar Qənimət oğlu Quliyevdir. Həmin vaxt könüllü hərbçi kimi Meşəli kəndinin müdafiəsində iştirak edib. Gördüklərinin bir qismini belə xatırlayır: "1991-ci il dekabrın 23-də səhər 05:00, 06:00 radələrində kənd ermənilər tərəfindən mühasirəyə alındı. Təxminən bir saat sonra səsucaldıcı ilə əhaliyə xəbərdarlıq etdilər ki, kimdə silah varsa dərhal tərk-silah olsun və kəndi boşaltsınlar. Onların hədələyici sözlərinə baxmayaraq, kənd əhalisi silahı yerə qoymadı. Bundan sonra atəş səsləri eşidildi və döyüş başladı. Rusiyanın 366-cı motoatıcı alayı da onlar tərəfdən döyüşürdü. Hardasa günorta saatlarına qədər fasiləsiz olaraq şiddətli döyüşlər getdi. Göstərdiyimiz müqavimətə baxmayaraq, ermənilər kəndin aşağı və yuxarı hissəsindən iki-üç yerdən Meşəliyə daxil oldular. Vaqif Xaçaturyan, Armayis də hücum edən silahlı dəstələrin tərkibində idi. Atamı həmin o Armayis adlı erməni vəhşicəsinə qətlə yetirdi. Meşəlidəki bütün evləri yandırdılar, ətraf ərazilərdən minaatanlar və digər ağır texnikalarla kənd atəşə məruz qalmışdı. Artıq tanklar da kəndin 200-300 metr yaxınlığında idi. Yandırılan evlərdən birincisi elə bizim evimiz oldu. Mən özüm də könüllülər dəstəsində döyüşlərdə iştirak edirdim. Həmin vaxt ordumuz olmadığından kənd əhalisini könüllü dəstələr müdafiə edirdi. Sona qədər iki qardaşımla birlikdə döyüşmüşəm. Ermənilərin azərbaycanlılara qarşı amansız qətliamlarının hamısına şahid oldum. Onlar üçün fərqi yox idi, əlisilahlı və ya silahsız. Qoca, cavan, qadın, uşaq hər kəsi güllələyirdilər. Ailə üzvlərimin hamısı ermənilərin vəhşiliyinin qurbanı oldu. Anam, atam və iki qardaşım - Mətləb və İsmayıl Meşəlidə ermənilər tərəfindən qətlə yetirildi. Hətta qardaşımı yandırıb polis bölməsinin qabağına qoymuşdular. Yalnız üzünün bir hissəsindən İsmayılın olduğunu bildim. Ona görə də bu hadisələri təkrar xatırlamaq mənim üçün çox ağırdır".

Musa BAĞIRLI,

"Respublika".