NƏSİLLƏRƏ YADİGAR
Region

NƏSİLLƏRƏ YADİGAR "YAŞIL AVTOQRAF"

3 mart 1979-cu il... Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə Gəncədə yeni parkın salınması ilə bağlı ümumşəhər toplantısı və istifadəsiz, şəhərin zibilliyə çevrilmiş "Quru qobu" deyilən ərazisində ilk ağacın əkilməsi münasibətilə aksiya keçirildi. İştirakçılar Ulu Öndərin təşəbbüsünü əsl ümumxalq coşqusu ilə qarşıladı və 30 minə yaxın insanın iştirakı ilə torpağa ilk tinqlər basdırıldı. Qədim şəhərin iməciliyə qoşulan hər bir sakini ilk ağac əkilən həmin günü, o ümumxalq coşqunluğunu indi də yaxşı xatırlayır...

Nəcib əməldən təbiət də öz xeyir-duasını əsirgəməyib, səhərdən qar yağır, sanki göydən nur ələnir - işıqlı, dümağ. Baxımsız, istifadəsiz torpağın ağ sinəsinə min-min iz düşür - insan izləri. Bu izlər şəhərin "Quru qobu" adlanan sahəsinə doğru gedən bütün yol boyu nəhəng bir axın yaradır. Xəyal qanadlanır, sanki hər izin yerindən bir çinar, bir qovaq, bir yasəmən boylanır. Getdikcə artır, çoxalır, Yaşıl dünyaya, gözəl bir bağa dönür bu pöhrələr. Yağan qar da elə bil ki, arzuların, niyyətlərin aydınlığına nur səpir.

Ürəkləri riqqətə gətirən musiqi sədaları altında gələcək parkın ilk ağacları əkilir. Hamı işləyir, minbir sevinc və fərəhlə! Yüz illərdir boş səhranı xatırladan "Quru qobu" düzünə ilk pöhrələr basdırılır. Torpağa basdırılan hər ağac gözəl niyyətin həqiqiliyindən xəbər verən təntənə nidasını, gələcək yaşıllığın salnaməsini yazacaq "qələmi" xatırladır. Yeni parka həyat verəcək artezianların fəvvarəsi ağac budaqları kimi şaxələnir, susuzluqdan cadar-cadar olmuş torpağa çökür...

...3 mart 2024-cü il. ...Yeni Gəncə qəsəbəsinin yaraşıqlı göydələnlərinin ucaldığı yamacda durub baxanda parkın geniş ərazisi göz önündə canlanır. Nəhəng ağaclar göz oxşayır. Mart günəşinin şəfəqləri körpə budaqları "tumarlayır". Hər yarpaqdan bir günəş boylanır. İşıqlı yarpaqlar sayrışır, nəhəng park işıq dənizini xatırladır. Dünyanın 5 ən böyük parkından biri - Heydər Əliyev Park-Kompleksi göz oxşayır. Adi həqiqətdir: Torpağın qədri-qiyməti ona üz tutanda bilinər. Torpağın səxavəti əl yetirəndə görünər.

Üz tut, əl yetir, alnından düşən tər damlası torpağın hənirindən buxarlanıb üzünə vursun. Bil ki, torpağa borclu qalmırsan, sevirsən onu, doğma balan kimi qulluq göstərməyi bacarırsan. Torpaq da borclu qalmır, birə-beş əvəzini görərsən, birin beşə nemətini dərərsən...

Bu gün o qarlı qış səhəri gəncəlilərin böyük coşqu və fərəh hissilə həmin parkda ilk ağacın torpağa basdırılmasının 45 ili tamam olur.

Gəncəlilər bu nəhəng bağa öz halal adının verilməsi təşəbbüsü ilə çıxış etdilər. Təşəbbüs layiqli də qiymətini aldı: Bağın adı dəyişdirildi və HEYDƏR ƏLİYEV ADINA PARK KOMPLEKSİ kimi tarixə yazıldı.

45 illik tarixə nəzər salmaq, bu möhtəşəm Park-Kompleks barədə yazı hazırlamaq məqsədilə yolumuzu park-kompleksə saldıq. Gözoxşayan yaşıllıq, möhtəşəm çinar ağacları, həmişəyaşıl küknarlar, gül-çiçək göz oxşayır. Parkda əsaslı yenidənqurma və təmir işlərinə 2012-ci ildə başlanıb və iki il sonra Prezident cənab İlham Əliyev əsaslı şəkildə yenidənqurma işləri aparılmış parkın açılışında iştirak edib. Bu münasibətlə toplantıya qatılan insanları təbrik edərək demişdi: "Bu gözəl hadisə münasibətilə sizi və bütün gəncəliləri təbrik edirəm!".

Kompleksin girəcəyində möhtəşəm "Zəfər tağı" ucaldılıb. 1100 kv.m ərazidə inşa edilən "Zəfər tağı"nın hündürlüyü 40 metrdir. 7 mərtəbədən, 6 açıq eyvandan ibarətdir. Ətrafı seyr etmək üçün burada 35 metr hündürlüyündə meydança var. Parka gələn qonaqlar "Zəfər tağı"nın üstündə yaradılmış seyrəngahdan baxanda şəhərin və Heydər Əliyev Park-Kompleksinin geniş mənzərəsi açılır.

Parka uzanan mərmər döşəməli yolla irəlilədikcə, milli ornamentlərlə bəzədilmiş işıq dirəkləri, ekzotik görkəmli fənərlər, 17 fəvvarə, 32 bəzəkli guşə, zeytun ağaclarını əhatələyən gül-çiçək göz oxşayır. Ağacları işıqlandıran kiçik şamdanlar, şamlar fontanlara və parka xüsusi gözəllik verir.

Xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri görülüb, istirahət və əyləncə üçün hər cür şərait yaradılıb. Park boyunca irəlilədikcə, ilk nəzəri cəlb edən Heydər Əliyev Sarayının möhtəşəm binası olur. Mərkəzin tikintisində şəhərsalma memarlığının ən son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Ağ mərmərlə bəzədilmiş bina səmaya açılan nəhəng tağı xatırladır. Mərkəz səkkizguşəli sütunlarla əhatə olunub.

Üçmərtəbəli mərkəzin birinci mərtəbəsində Heydər Əliyevin uşaqlıq və gənclik dövrü ilə yanaşı, onun çoxşaxəli, zəngin və titanik fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat verən stendlər nümayiş etdirilir.

Möhtəşəm Mərkəz Ulu Öndər Heydər Əliyevin xatirəsinə gözəl abidədir, burada dahi rəhbərin həyat və fəaliyyətinin bütün anları, ömrün yaddaqalan mərhələləri əks olunub. Muzeydə nümayiş etdirilən ekspozisiyada Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri və Azərbaycan Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, ölkəmizin rifahı, gözəl gələcəyi naminə apardığı uzaqgörən siyasət, respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara geniş yer ayrılıb.

Birinci mərtəbədə Ulu Öndərin Gəncə şəhərinə müxtəlif illərdəki tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər nümayiş etdirilir.

Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının inkişafından da peşəkarlıqla istifadə olunması diqqəti cəlb edir. Burada oxu zalı, elektron kitabxana, xarici dil kursları, "İDEA" İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hərtərəfli təchizatı olan iclas və konfrans zalları vardır. Akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu da muzeyin layihəsinin orjinallığını göstərir.

Muzeyin sol yanında ulu öndər Heydər Əliyevin 1980-ci ildə Gəncəyə səfəri zamanı əkdiyi çinar ağaclarının möhtəşəmliyi diqqəti cəlb edir. Həmin səfər, çinar ağaclarının basdırıldığı tarix ağ mərmər lövhədə əks olunub: "Ulu Öndər Heydər Əliyev 1980-ci ildə burada Gəncənin simvolu olan çinar ağaclarını əkmişdir".

Tarixi səfərin şahidi olan gəncəlilər həmin gün Ulu Öndərin dediyi sözləri, o iradı da bugünkü kimi xatırlayırlar. Ulu Öndərə əkmək üçün küknar ağacları təqdim ediləndə: "Çinar verin, dedi, çinar bu torpağın əzəməti, gücü-qüdrəti, vüqar rəmzidir. O bu bağa daha çox yaraşır".

İndi Gəncənin simvolu olan həmin çinar ağaclarının kökləri Ulu Öndərin idealları kimi torpaqdan güc alaraq göy üzünə ucalır.

Mərkəzlə üzbəüz sağ tərəfdə isə Amfiteatr tikilib. 3 min 500 tamaşaçı tutan amfiteatrda dünyanın ən məşhur ifaçıları çıxış edib, sənətdə ilk kövrək addımlarını atan istedadlı yeniyetmələr də... Qədim antik mədəniyyətinin nümunələrini əks etdirən tikilinin 22 tumbası üzərində alova bənzər işıqlar bərq vurur. Amfiteatrla yanaşı yaradılan süni göl və şəlalə parka xüsusi gözəllik verir.

Mərkəzin arxa qapısından baxanda parkın geniş ərazisi göz önündə canlanır. Buradakı 7 hektarlıq sahəni əhatə edən "Gəncland" istirahət və əyləncə mərkəzi körpələrin ən sevimli yerinə çevrilib. İki il ərzində tikilib istifadəyə verilən istirahət mərkəzində uşaqlar üçün amfiteatr da fəaliyyət göstərir. Ərazidə 20 ədəd müxtəlif attraksionlar quraşdırılıb. Bundan başqa, Qərb bölgəsində ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, eləcə də Amerika attraksionu da uşaqların istifadəsindədir. "Gəncland"ı gəzdikcə sanki nağıllar dünyasına düşürsən. 60 ədəd heyvan fiquru, matador, çoban, kovboy və digər heykəl nümunələri, 15 maşın olan avtodrom və oyun meydançası kiçikyaşlı körpələri ecazkar nağıllar dünyasına aparır.

Nəhəng alleyanı "Gənclər Evi"nin yaraşıqlı binası tamamlayır. Ən müasir memarlıq ənənələrində tikilən "Gənclər Evi"ndə müxtəlif səviyyəli tədbirlərin, yığıncaq və simpoziumların keçirilməsi məqsədilə iclas zalları, hərbi-vətənpərvərlik guşəsi, karyera mərkəzi və studiyalar yaradılıb. Bundan başqa, burada kitabxana, kafe, mehmanxana və digər sosial-mədəni xidmət sahələri də fəaliyyət göstərir. "Gənclər Evi"ndə gənclərin maariflənməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, layihə və təşəbbüslərinin dəstəklənməsi üçün də lazımi tədbirlər görülüb.

Ümumiyyətlə, park-kompleksə gələnlərin istirahəti, boş vaxtlarını səmərəli keçirməsi, həm də dünyagörüşlərini daha da zənginləşdirməsi üçün hər cür şərait yaradılıb. Burada kafe, əyləncə mərkəzi, velosiped kirayəsi məntəqəsi də fəaliyyət göstərir. 7 kilometrlik rahat yol velosiped sürmək istəyənlər üçün nəzərdə tutulub. Yürüş həvəskarlarına həmişəyaşıl şam ağacları bələdçilik edir. Ümumiyyətlə, park-kompleks əsl sağlamlıq mərkəzidir.

Uzunluğu 2 kilometrdən çox olan nəhəng park-kompleksin daha da gözəlləşdirilməsi və genişləndirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyəti Park Xiyaban İstismarı və Mühafizə İdarəsinin əməkdaşları xüsusi fəallıq göstərirlər. Onların hər biri ilə söhbətdən alınan qənaət odur ki, bu park-kompleksə qədim şəhərə daim diqqət və qayğı göstərən, "Gəncənin Azərbaycanda öz yeri var" - deyən Ulu Öndərin əmanəti kimi baxır və ona ürəklə qulluq göstərməyi yüksək vətənpərvərlik nümunəsi kimi qiymətləndirirlər.

Vaqif TANRIVERDİYEV,

"Respublika".