Muğam aləminin mükəmməl bilicisi
Mədəniyyət

Muğam aləminin mükəmməl bilicisi

5 sentyabr Əhməd Bakıxanovun doğum günüdür

Azərbaycanda tar ifaçılarından danışarkən ilk sırada adıçəkilənlərdən biri də Əhməd Bakıxanovdur. Onun dahi bəstəkar Üzeyir Hacıbəyovun yaxın sənət yoldaşlarından biri kimi Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri var. Muğam sənətinin tədrisinə dair proqramın hazırlanmasında, mahir tar ifaçılarının yetişməsində, ilk xalq çalğı alətləri ansamblının yaranmasında, Azərbaycan Dövlət Filarmoniyasının təşəkkülündə və ümumən milli və professional musiqi sənətimizin inkişafında Əhməd Bakıxanovun rolu böyükdür.

O, ilk musiqi təhsilini İranda alıb, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib, 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs deyib. 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaradan Əhməd Bakıxanov ömrünün sonunadək bu ansambla rəhbərlik edib. Ölümündən sonra sənətkarın xatirəsini əbədiləşdirmək məqsədilə ansambla onun adı verilib. Ansambl bu günə kimi respublikanın görkəmli xanəndələrini məharətlə müşayiət edib. Fatma Mehrəliyeva, Rübabə Muradova, Qulu Əsgərov, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Sara Qədimova, Zeynəb Xanlarova, Arif Babayev və s. görkəmli sənətkarlar bu ansamblın solistləri olublar.

Prezident İlham Əliyev sənətkar haqqında bu fikirləri deyib: "Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir".

Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd Bakıxanovun ifasında bəstəkar Nəriman Məmmədov tərəfindən bir çox instrumental muğamlar nota salınaraq çap olunub. Bunlara "Rast", "Şur", "Bayatı-Şiraz", "Segah-Zabul", "Rahab", "Şüştər", "Hümayun", "Şahnaz" muğamlarını misal göstərə bilərik. Əhməd Bakıxanovun oğlu, bəstəkar, xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək, "Dügah", "Nəva", "Şahnaz", "Hümayun", "Rahab" simfonik muğamlarını bəstələyib. Qeyd etmək lazımdır ki, Əhməd Bakıxanov "Azərbaycan xalq rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) kimi not nəşrlərinin də müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.

Nuranə DAXİLQIZI,

"Respublika".