Müəllimə yüksək ehtiramın Heydər Əliyev örnəyi
Elm və təhsil

Müəllimə yüksək ehtiramın Heydər Əliyev örnəyi

Böyük şəxsiyyətlər, dahi insanlar dövlətin qiymətli varidatı, xalqın, millətin genefondudur. Bu mənada Azərbaycan dövlətinin ta qədim zamanlardan davam edən ənənəvi zəngin milli irsi, genefondu var. Xalqın taleyində, millətin dirçəliş və azadlığında misilsiz xidmətləri olmuş şəxsiyyətlər dövlətin tarixində böyük rol oynayırlar. Bəşəriyyətin şərəf salnaməsində əbədiləşən şəxsiyyətlərdən biri də ulu öndər Heydər Əliyevdir.

Ümummilli liderin fəaliyyət dövrünün bir hissəsinin şahidi olmaq bizim də payımıza düşüb. O, gənc nəslin həyatına işıq salmaqla yanaşı, yüzlərlə gəncin, ixtisaslı kadrların yüksək səviyyədə hazırlanmasına böyük səy göstərmişdir. Məhz onun sayəsində Azərbaycan bir çox sahələr üzrə mükəmməl kadrlara sahib olmuşdur. Ölkəmiz keçmiş sovet dövründə inkişaf baxımından digər ittifaq dövlətlərindən olduqca geri qalırdı. Ulu öndərin 1969-cu ildə ilk dəfə Azərbaycana hakimiyyətə gəlməsi bütün sahələrin canlanmasına və ölkənin çiçəklənməsinə zəmin yaratdı. Nəticədə on beş respublika arasında bizim də dövlətimiz öncüllərlə birgə addımladı. İqtisadi inkişafa nail olundu, sənaye müəssisələri genişləndirildi, istehsal sahələri artırıldı. Artıq Azərbaycan digər dövlətlərin marağını cəlb etməyə başladı. Zəngin tarixə, ənənələrə malik Azərbaycan mədəniyyətinin də inkişafında intibah dövrü başladı. Musiqimiz, ədəbiyyatımız, teatr və kinomuz dünya arenasına çıxarıldı. Milli musiqi, muğamlarla yanaşı, simfonik musiqi də təşəkkül etdi. Hətta Heydər Əliyevin o dövrdə hakimiyyətdə təmsil olunan, mühüm vəzifə tutan şəxslərə xüsusi tapşırığı, tövsiyəsi olmuşdur ki, mədəni tədbirlərdə, simfonik və orkestr konsertlərində iştirak edin. Bununla o, millətin musiqi zövqünü və savadını artırmağa çalışmışdır.

Ötən il ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd edildi. 2023-cü il "Heydər Əliyev İli" elan olunmaqla yanaşı, həm də istər siyasi-mədəni, istərsə də pedaqoji sahədə bir çox tədbirlər planı həyata keçirildi. Ulu öndərin həyat fəaliyyətinin bütün istiqamətləri müxtəlif aspektlərdən işıqlandırıldı, gənc nəslin gələcək həyat yolunda əhəmiyyətli təsiri önə çəkildi. Orta məktəblərdə Heydər Əliyevin şərəfli həyat yoluna və gərgin siyasi fəaliyyətinə həsr edilmiş dərslər keçirildi. Ulu öndərin dediyi kimi, təhsil millətin gələcəyidir. Onun misilsiz xidmətləri və müstəqil Azərbaycan naminə etdiyi bütün fədakarlıqlar bu gün gənc nəslin yol xəritəsinə çevrilib. Ümumiyyətlə, ulu öndərin ən ümdə məqsədlərindən biri xalqın, millətin maariflənməsi, savadlanması idi. Buna görə də o, hər zaman pedaqoji sahəyə xüsusi önəm verirdi. Müəllimlərə qayğı və diqqətlə yanaşırdı. Əlbəttə ki, müəllim müqəddəsdir və bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm işlərin öhdəsindən layiqincə gəlmək məhz onların fəaliyyətinin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmişdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların haqqında ürəkdolusu danışardı. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşır, onların qayğısına qalırdı. "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".

Ulu öndərin müəllimə, onun əməyinə verdiyi qiyməti əsas götürərək dahi şəxsiyyətin bu sahənin təmsilçilərinin onunla bağlı xatirələrini, təəssüratlarını qələmə almaq qərarına gəldik. Bakı şəhəri Yasamal rayon 158 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xuraman İsmayılqızının ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini görüşlərdəki təəssüratlarını oxucuların nəzərinə çatdırmaq istəyirik. Xuraman müəllim 1991-ci ildən 158 saylı məktəbdə çalışır. Pedaqoji fəaliyyəti dövründə bir çox tədbir və iclaslarda ümummilli liderlə görüşləri olub. Özünün də dediyi kimi, bu görüşlər bir müəllim kimi onun taleyində böyük əhəmiyyət kəsb edib, həm də əsaslı dönüş yaradıb. Şagirdlərini daim Heydər Əliyev ideologiyası əsasında yetişdirməyi qarşısına məqsəd qoyub. Bütün dərslərini və Yasamal rayonu Heydər Əliyev adına Mərkəzdə keçdiyi açıq dərslər məhz bu fəaliyyətə həsr edib. Xuraman müəllim dəfələrlə müsabiqə və tədbirlərin iştirakçısı, qalibi olub. Bütün dövrlərdə ulu öndərin müəllimlərə olan qayğı və diqqətindən güc alıb. Xuraman müəllim böyük ehtiramla qeyd edir ki, Heydər Əliyevin həyatımda, pedaqoji fəaliyyətimdə böyük rolu olub. Onun müəllimə verdiyi qiymət bizim üçün stimula, dayaq nöqtəsinə çevrilib. Sadə bir vətəndaş kimi hər zaman bu qayğının məsuliyyətini öz üzərində hiss edən müəllim şagirdlərini ulu öndərə, onun qurduğu müstəqil Azərbaycana məhəbbətlə tərbiyə olunması üçün çalışıb. Dərs dediyi şagirdlər dəfələrlə ulu öndərə həsr edilmiş inşa müsabiqələrinin qalibi olub.

Heydər Əliyevlə bağlı müsabiqələrin qalibi olan Xuraman müəllim hər qazandığı uğurunda ona borclu olduğunu xüsusi olaraq qeyd edir. Ulu öndərin anadan olmasının 75 illiyi münasibətilə İncəsənət Gimnaziyasında keçirilən müsabiqənin qalibi olub. 1998-ci il sentyabr ayının 25-də müəllimlərin XI qurultayında iştirak edən Xuraman müəllim burada dahi şəxsiyyət Heydər Əliyevlə görüşünü böyük ehtiram hissilə xatırlayır: "Belə bir qurultayın nümayəndəsi və iştirakçısı olmaq çox xoş və məsuliyyətli idi. İlk dəfə Azərbaycan müəllimlərinin himni məhz bu qurultayda səsləndi. Eyni zamanda, qurultayda ulu öndər Heydər Əliyev də iştirak edirdi. Dahi şəxsiyyət bir neçə çıxışdan sonra tribunaya qalxdı. O öz çıxışında müəllim, bu peşənin dəyəri, əhəmiyyəti barədə böyük nitq söylədi. Əlbəttə ki, onun hər bir sözü, münasibəti biz müəllimlərə verilən dəyər idi.

Bütün bunlar işimizə, peşəmizə qarşı məsuliyyət hissimizi daha da artırırdı. Çünki bu dahi şəxsiyyət müəllimliklə bağlı o qədər gözəl çıxış etdi ki, bu, bizə bir dönüş nöqtəsi oldu. Onun dediyi sözlər heç vaxt yadımdan çıxmaz. İstər qurultayın gedişi, istərsə də fasilə zamanı Heydər Əliyev bizə qarşı çox həssas, mülayim davranırdı və bu diqqət qarşısında özümüzü daha güclü hiss edirdik. Fasilədə biz onun ətrafına toplaşır, maraqlı söhbətlərini diqqətlə dinləyirdik. Zalda mənim oturduğum sıra ilə ulu öndərin əyləşdiyi cərgə çox yaxın idi. Mən ona həsrətlə baxırdım, sevincimi necə bildirəcəyimi bilmirdim ki, onunla eyni məkandayam. Sadə, adi müəllimlərlə bu qədər səmimi davranışı gələcək fəaliyyətimiz üçün tarixi bir material, əyani vəsait idi. Peşəmizə, fəaliyyətimizə qarşı həvəsimizi daha da artırdı. Sonrakı illərdə də dəfələrlə ulu öndərin iştirak etdiyi bir çox tədbirlərdə olmuşam. Onunla olan görüşləri, söhbətləri, təəssüratları hər zaman şagirdlərimə böyük məhəbbətlə danışmışam. Çünki ulu öndər həmin qurultayda çox böyük hörmət hissilə öz müəllimlərini xatırladığını bildirdi ki, mən öz müəllimlərimə çox borcluyam. Daha sonra Azərbaycan dilinin saflığından danışdı, bizi bu dilin qorunub, təbliğ edilməsində daha mətin olmağa səslədi. Həmin tövsiyələrə sadiq qalaraq şagirdlərə Heydər Əliyevin dahi şəxsiyyət, qətiyyətli, iradəli dövlət başçısı olması ilə yanaşı, həm də səmimi, sadə insan olduğunu söyləyirəm.

Hər il biz bu böyük insanın anadan olduğu günü təntənəli tədbir proqramları, inşa müsabiqələri ilə qeyd edirik. Çünki Heydər Əliyevin sayəsində Azərbaycan ədəbiyyatına diqqət artdı. Dilimiz dövlət səviyyəsində önə çəkildi. Biz ilk dəfə ölkə rəhbərinin müəllimə olan sonsuz hörmətini məhz onun simasında gördük. Ümumiyyətlə, ulu öndər təkcə müəllimlərə deyil, sadə insanlara, zəhmət adamlarına diqqətlə yanaşardı. Biz hələ uşaq olanda televiziya ekranlarından onun zəhmətkeş pambıqçılarla, neftçilərlə necə səmimi görüşüb, söhbət etdiyinin şahidi olurduq. Şükürlər olsun ki, bu gün onun ideyalarını davam etdirən layiqli davamçısı İlham Əliyev var".

Ramidə YAQUBQIZI,

"Respublika".