Müdrik dövlət xadimi, Ümummilli Lider
Digər xəbərlər

Müdrik dövlət xadimi, Ümummilli Lider

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsi ilə ölkəmizin tarixində yeni dövr başlandı. 1969-cu ilin 14 iyulu Azərbaycan xalqının tarixinə özünəqayıdışın, o cümlədən dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşdü. Həmin tarixdən etibarən Ulu Öndər qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızın qorunmasını təmin etmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra Ulu Öndərin Azərbaycan Respublikası Milli Məclisinin sədri, daha sonra isə ölkə prezidenti seçilməsi bu istiqamətlərdə onun imkanlarını daha da genişləndirmiş, dövlətçiliyin inkişafında amallarını gerçəkləşdirməyə real imkan yaratmışdır. O illərin şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılmışdır. Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə haqqın və ədalətin carçısı, düzgünlüyün tərəfdarı olmuşdur. Ədalətli olmaq, zəiflərin haqqını müdafiə etmək, humanizm, insanpərvərlik kimi ali insani keyfiyyətlər onun müdrik rəhbər obrazının parlaq cizgiləridir. Məhz bu keyfiyyətlər Ulu Öndər Heydər Əliyevi dünya miqyasında azərbaycanlıların lideri kimi qəbul edilməsinə əsas vermişdir. Ümummilli lider Heydər Əliyevin ölkəmizin minilliklər boyu davam edən dövlətçilik tarixində rəhbərlik etdiyi müddətdə xalqımızın arzuları gerçəyə çevrildi. Ulu Öndər bütün bu uğurlara məhz xalqına söykənərək nail oldu. Bu, bir daha sübut edir ki, azadlıq uğrunda bütün səylərini səfərbər edən bilən xalqın ümumi amal uğrunda mübarizəsi sarsılmazdır və onun dəyəri heç nə ilə ölçülə və müqayisə edilə bilməz.

Qeyd etmək lazımdır ki, bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət kimi mövcudluğuna qədər inkişafı kimi mühüm tarixi prosesi əhatə edir. Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin ilk illərində milli dövlətçiliyimizi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq da onun yüksək liderlik əzmini bir daha nümayiş etdirdi. Xüsusən, 1992-1993-cü illərdə xalqı, dövləti yaşanan sarsıntı və çuğlayan təlatümlərdən bacarıqla çıxarması təsdiqlədi ki, yalnız praktiki idarəçilik səriştəsi, dəmir iradə, geniş siyasi dünyagörüşü kimi keyfiyyətlərə malik olan Heydər Əliyev fenomeni Azərbaycanın dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Buna görə də müdrik xalqımız canı-qanı hesabına əldə etdiyi müstəqilliyi növbəti dəfə itirmək təhlükəsi ilə üzləşəndə böyük ümidlə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən qurtardı, tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu.

Azərbaycanda dövlət quruculuğu, onun inkişafı və təminatı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun əməli fəaliyyəti, ideya-siyasi baxışları və tövsiyələri əsasında qurulan müasir Azərbaycan Respublikası bu gün dünyanın seçilib-sayılan dövlətinə çevrilmişdir.

Dövlət müstəqilliyinin ilk günlərində ölkədə baş verən hadisələri dərindən təhlil edən Ulu Öndər yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. Bunun üçün hər şeydən əvvəl ölkənin Əsas Qanununu - Konstitusiyasını qəbul etmək lazım idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası dövlət müstəqilliyimizin məqsəd və vəzifələrinə cavab vermirdi. Digər tərəfdən, müstəqillik şəraitində Azərbaycan Respublikasının iqtisadi, siyasi və ideoloji sisteminin əsaslı surətdə dəyişməsi hüquq sisteminin də dəyişdirilməsini zəruri edirdi. Ulu Öndərin təşəbbüsü ilə bu mühüm vəzifənin icrasına dərhal başlanıldı. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may qərarı ilə konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfərdən ibarət tərkibi təsdiq edildi. 1995-ci il iyunun 5-də komissiyanın ilk iclası keçirildi. İclasa sədrlik edən Ulu Öndər Heydər Əliyev öz çıxışında Konstitusiyanın layihəsində əks edilməli olan müddəalara diqqət yönəltdi. O, Konstitusiyada "hakimiyyətin bölünməsi" prinsipinin qabarıq əks olunmasını tövsiyə edirdi. Ulu Öndər qeyd edirdi ki, "hakimiyyətin bölünməsi - qanunvericilik, ali icra və məhkəmə hakimiyyətləri xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin edilməlidir". Dahi rəhbər Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq".

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmiş İstiqlal Bəyannaməsinin müddəalarını və prinsiplərini özündə əks etdirir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin bu tarixi nailiyyətinə Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 noyabr tarixli iclasında qiymət verərək demişdir: "Yeni Konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan mühüm vəzifələrdən biri yeni hüquq sisteminin formalaşması, bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazasının yaradılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Konstitusiyanın qəbulundan ötən müddət ərzində bu istiqamətdə də çox ciddi addımlar atılmışdır. Azərbaycanda aparılmış qanunvericilik islahatı nəticəsində hüquq sisteminin müxtəlif sahələrini tənzimləyən normativ baza formalaşmışdır. Ölkəmiz artıq qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq çoxtərəfli beynəlxalq müqaviləyə tərəfdar çıxmışdır və xüsusilə diqqətəlayiqdir ki, bu sənədlərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Dövlətin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təsir mexanizmləri vasitəsilə təmin edilməsində maraqlı olduğu qeyd olunan qanunvericilik aktlarının, o cümlədən bir sıra konstitusiya qanunlarının qəbul edilməsi ilə bir daha təsdiqlənir.

Müasir məhkəmə sisteminin təşkili və formalaşması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk gündən dövlət hakimiyyətinin demokratik üsul və vasitələrlə təşkilinə xüsusi diqqət verildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının layihəsini hazırlayan zaman tövsiyə etdiyi "hakimiyyətin bölünməsi" prinsipi məhkəmələrin səlahiyyətlərinin müəyyən edilməsi üçün də zəruri hesab edildi. Beləliklə, Ulu Öndərin bu tövsiyəsi Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapdı və qətiyyətlə həyata keçirildi. Çoxşaxəli islahatların məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi və bu tarixi hadisə respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmasına səbəb oldu. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycanın qısa müddət ərzində bir çox Avropa Konvensiyalarına, o cümlədən 2001-ci il 25 dekabr tarixli qanunla "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında" Avropa Konvensiyasına qoşulması, insan hüquq və azadlıqlarının qorunması və inkişafı istiqamətində yeni mərhələ oldu və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ölkənin hüquq sistemində mühüm rol oynamağa başladı.

2023-cü il mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü ili "Heydər Əliyev İli" elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncam imzaladı. Sərəncamda vurğulanır ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Tarixi torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması və uzun müddət bu vəziyyətin qalması Ulu Öndərin ürək ağrısı idi. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün ömrünün son gününə kimi çalışıb-vuruşsa da obyektiv səbəblərdən mümkün olmadı. Ulu Öndər o günün gələcəyinə əmin olaraq demişdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik!". Bu kəlam Ulu Öndərin təkcə arzusu deyildi, Azərbaycan xalqına vəsiyyəti idi. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin arzularını və vəsiyyətlərini müvəffəqiyyətlə həyata keçirir. Təkcə bunu demək kifayətdir ki, 28 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımız məhz onun komandanlığı ilə cəmi 44 gün ərzində işğaldan azad olunmuş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. 28 il məğlubiyyət acısından əziyyət çəkən Azərbaycan xalqı qalib və məğrur bir xalqa çevrilmişdir. Bu tarixi hadisəni iftixarla qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyev Şuşa azad edildikdən sonra qürurla demişdir: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları". 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Qarabağın ermənilərin məskunlaşdığı ərazisi erməni separatçılardan təmizlənərək Xankəndi və digər rayonlarda da dövlət müstəqilliyimiz tamamilə bərpa olundu. Böyük iftixar hissi ilə qeyd edilməlidir ki, bu tarixi hadisə məhz Ulu Öndər "Heydər Əliyev İli"ndə baş verdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə bu şərəfli vəzifə və ata vəsiyyəti yerinə yetirildi.

Ulu Öndər Heydər Əliyevin ideya-siyasi baxışları və tövsiyələri Azərbaycan xalqına miras qalan milli sərvət olub, dövlət quruculuğumuzun inkişaf etdirilməsində, milli şüurumuzun formalaşmasında, əsl vətəndaş kimi yetişməyimizdə müəyyənedici rol oynayır. Ümummilli lider Heydər Əliyev tarixi şəxsiyyət, ideal vətəndaş və Azərbaycan dövlətinin banisi kimi xalqın ürəyində yaşayır və Azərbaycan xalqı var olduqca yaşayacaqdır.

Kamran ƏSƏDOV,

Bakı şəhəri Qaradağ Rayon

Məhkəməsinin hakimi.