Moratinos: Azərbaycan beynəlxalq proseslərdə fəal, qabaqcıl rol oynayır
Digər xəbərlər

Moratinos: Azərbaycan beynəlxalq proseslərdə fəal, qabaqcıl rol oynayır

Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Migel Anxel Moratinos Azərbaycana hər səfərinin, burada görüşlərinin onun üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb. X Qlobal Bakı Forumunun qonağı olan ali nümayəndə Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər kimi, budəfəki Forumun da yüksək səviyyədə və aktual mövzu ətrafında keçirilməsini yüksək dəyərləndirib. Azərbaycan dövlətinin bu proseslərdə fəal, qabaqcıl rol oynadığını xüsusi vurğulayan Sivilizasiyalar Alyansının ali nümayəndəsi dövlətimizin başçısının bu istiqamətdə qlobal səylərinin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Dinlərarası dialoqun dünya miqyasında önəm və əhəmiyyətindən ətraflı danışan Moratinos müasir dönəmdə bunun xüsusi aktuallıq və zərurət xarakteri daşıdığını ifadə edib. O, bu baxımdan QMİ sədrinin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq müstəvisində tanınmış dini lider kimi dəyərli xidmətlərinin olduğunu vurğulayıb. Azərbaycanın dini liderinin sülhyaratma yönündə onilliklər ərzində davam etmiş fəaliyyətinə toxunan ali nümayəndə bu səylərin aktuallığını qoruyub saxladığına diqqət çəkib.

Söhbət zamanı, həmçinin Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə dinlərarası dialoq və əməkdaşlıq müstəvisində gələcək işbirliyi layihələri müzakirə olunub. Bildirilib ki, Azərbaycan dövlətinin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlıq mühitinin inkişafına real və dəyərli töhfələr verən dövlət kimi dünya birliyi üçün mühüm tərəfdaş ölkədir və bu əlaqələrin davamlı inkişafı və dərinləşməsi prioritetdir.