MINA TERRORU DAVAM EDIR
Digər xəbərlər

MINA TERRORU DAVAM EDIR

Azərbaycanın 44 günlük əks-hücum əməliyyatında əzəli torpaqlarımızı işğaldan azad etməsindən sonra ən böyük problem sözsüz ki, ərazilərin minalardan təmizlənməsidir. Birinci Qarabağ müharibəsi dövründən işğal etdikləri əraziləri minalamağa başlayan ermənilər 30 il ərzində Qarabağda addım atmağa yer qoymayıblar.

Hələ 2013-2017-ci illərdə Azərbaycanın cəbhəyanı ərazilərində 19,44 kv. km sahə minalardan təmizlənib. Mütəxəssislər bildirirlər ki, hazırda Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv. km-dən 830 kv. km-dək ola bilər. Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün azı 10-15 il lazım olduğunu bildirmişlər. Əslində maliyyə xərclərini qarşılamalı olan Ermənistan mina xəritələrini belə, təqdim etməyib. Xəbis haylar bu torpaqları bir gün tərk edəcəklərinə o qədər əmin idilər ki, heç basdırdıqları minaların sayını və yerini də dəqiq bilmirlər. Ermənistanın 30 il ərzində Qarabağda mina terroru ilə məşğul olması sülhə mane olan ən preventiv səbəblərdən biridir.

Sentyabrın 10-da Müdafiə Nazirliyi "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə məlumat verib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ötən gün öz sosial hesabında bildirib ki, 1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı ermənilərin basdırdığı minaların qurbanı olub. Rəqəmlər nə qədər dəhşətli səslənsə də, beynəlxalq qurumlar Ermənistana bu barədə təzyiq göstərmək niyyətində deyil. Bunun faktiki nəticəsi kimi aqressor minalama fəaliyyətinə bu gün də davam edir. Hikmət Hacıyev, həmçinin qeyd edib ki, Ermənistan minaları "boz zona"nın hər perimetri boyunca yerləşdirməyə davam edir.

Ötən həftə ərzində ANAMA Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı və Zəngilanda aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları nəticəsində 31 ədəd piyada və 12 ədəd tank əleyhinə mina, 214 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edərək zərərsizləşdirib. Beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq təşkilatlar mina terroru ilə əlaqədar Ermənistana təsir göstərmədiyi zamana qədər haylar bu cür təxribatlar törətməyə davam edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev bu il martın 2-də Qoşulmama Hərakatının Bakıda keçirilən Zirvə görüşündə mina probleminə toxunaraq deyib ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan hazırda daxilində hələ də müharibə gedən Suriya və Liviyadan daha çox mina problemindən əziyyət çəkir. Ermənistan isə hələ də əlini günahsız insan qanına batırmağa davam edir.

"Böyük Qayıdış" konsepsiyası əsasında bu gün işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmiş bölgələrinə qayıdış prosesi uğurla icra olunur. Postmüharibə dövründən bu yana Azərbaycan işğaldan azad olunmuş Laçın şəhərinə və Zabux kəndinə, həmçinin Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərinə və Füzuli şəhərinə qayıdışı təmin edib. Təbii ki, əgər Ermənistan dəqiq olaraq mina xəritələrini təqdim etsəydi, bugünkü reallıq daha çox qayıdışı gerçəkləşdirə bilərdi. Təxminən bir dollara hazırlanan bir minanın təmizlənməsinin 1000 dollara yaxın xərcə başa gəlməsi məsələnin digər tərəfidir. Lakin Azərbaycan bütün bunlara baxmayaraq, bərpa-quruculuq işlərini sürətlə davam etdirir. Mina təmizləməsində tətbiq olunan innovasiyalar bu prosesin 10-15 il ərzində deyil, daha tez başa çatmasına imkan yaradır...

Tacir SADIQOV,

"Respublika".