Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq
Türk dünyası

Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük fəallıq müşahidə olunmaqdadır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa sövq edir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər birgə əməkdaşlığa ən yaxşı nümunədir. Son dövrlər Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. 2022-ci ildə dövlət başçısı bu regionda yerləşən ölkələrə 7 dəfə səfər edib. Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının da Azərbaycana səfərlərinin sayında artım müşahidə edilir.

Prezident İlham Əliyev bununla bağlı deyib: "Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik".

Ümumiyyətlə, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub. Türkdilli dövlətlərin birliyinin təməli 1992-ci ildən başlayaraq keçirilən Zirvə görüşləri ilə qoyulub. Bu prosesdə fəal iştirak edən ölkələrdən biri Azərbaycandır. Keçirilən görüşlərin və aparılan danışıqların nəticəsi olaraq 2009-cu ildə məhz Azərbaycanda, Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. O vaxt Sazişi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar.

Son illər Azərbaycanın və Türkiyənin fəal səyləri nəticəsində Türk Şurasının tərkibi genişlənib. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib. Hazırda təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yer alır. Macarıstan və Türkmənistan isə müşahidəçi dövlətlərdir. TDT-yə üzv ölkələrin yerləşdiyi coğrafiyaya nəzər yetirsək görərik ki, onların mövqeyi Şərqdən Qərbə tam bir marşrut təşkil edir. Azərbaycan isə bu marşrutda açar mövqeyə sahibdir.

Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə", Özbəkistanla imzaladığı "Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə" və Qazaxıstanla imzalanan "Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə"də öz əksini tapır. İkitərəfli kontekstdə möhkəmlənən bu əlaqələr sonda bir mərkəzdə birləşərək vahid gücə çevrilib. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi təşəbbüsləri və qətiyyəti dayanır. Dövlətimizin başçısına Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi, həmçinin onun Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanın ali ordeni ilə təltif edilməsi Prezident İlham Əliyevə beynəlxalq platformada verilən yüksək dəyər, Azərbaycanın türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin inkişafına göstərdiyi səylərin ifadəsi kimi qiymətləndirilməlidir.

Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm və intensivliyin artmasını zəruri edən amillərdən biri də Ukraynadakı müharibə fonunda regionun nisbətən fərqli tranzit-kommunikasiya "xəritəsi"nin formalaşmasıdır. Azərbaycan mövcud imkanlardan bəhrələnərək bölgədə tranzit potensialını möhkəmləndirməyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağı və körpü rolunu oynamağa çalışır. İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqların yarandığı Cənubi Qafqaz regionu ilə Mərkəzi Asiya arasında tarixən mövcud olmuş nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi strateji məsələ kimi meydana çıxıb. Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır". Bu fikirləri mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışı zamanı söyləyib. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoqun fəal olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu, çox müsbət dinamikadır. Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış əvvəl olduğundan indi daha çox əhəmiyyət kəsb edir.

Bu baxımdan, Orta Dəhlizin cəlbediciliyi xeyli artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi tanınan Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılıb və daha sonra Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutlardan biri hesab edilir. Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Gələn il bu investisiya layihəsinin tamamlanması nəzərdə tutulur. Bununla yük daşımaları bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, "Bir kəmər, bir yol" layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibindəki neft yataqlarının birgə istismarına dair razılıq əldə edilməsi, eyni zamanda "Özbəknefteqaz" və SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı üzrə birgə layihələrin işlənib hazırlanması, təcrübə mübadiləsi, qarşılıqlı investisiyaların və özəlləşdirmələrin təşviqi kimi məsələlərdə fəal əməkdaşlıq Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə yol açıb. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin daha geniş perspektivləri var və gələcək illərdə bu potensialdan tam istifadə üçün böyük addımların atılacağı gözlənilir.

Mustafa KAMAL,

"Respublika".