Mədəniyyət Nazirliyində UNESCO-nun Baş direktorunun müavini ilə görüş keçirilib
Mədəniyyət

Mədəniyyət Nazirliyində UNESCO-nun Baş direktorunun müavini ilə görüş keçirilib

İyunun 24-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktorunun müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində olub. 24 iyun MN-dən bildirilir.

Öncə nazir Adil Kərimli səfərin UNESCO ilə ölkəmiz arasında münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.

Mədəniyyət sahəsində mövcud əməkdaşlıq istiqamətlərindən danışan nazir, bu çərçivədə “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının önəmini xüsusi qeyd edib. Qlobal pandemiya ilə əlaqədar yaranmış fasiləyə baxmayaraq növbəti – VI Forumun 2024-cü ilin may ayında Bakıda keçirilməsi üçün hazırlıq işlərinə artıq başlanıldığı qeyd edilib. Forumun ənənəvi olaraq əsas tərəfdaşlar, o cümlədən UNESCO ilə birgə təşkil edildiyini nəzərə alaraq, növbəti foruma hazırlıq prosesində də təşkilatın müvafiq töhfə verəcəyinə ümid ifadə olunub.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən xanım Ramos, mədəniyyətlərarası dialoq sahəsində Bakıda keçirilən forumların önəmini təsdiq edib və növbəti forumda UNESCO-nun fəal iştirak edəcəyinə və dəyişən dünyamıza daha praktik həllər göstərən, müsbət fərqlər yarada bilən müzakirələrlə zəngin olacağına inandığını bildirib.

“Respublika”.