Makronun növbəti uğursuz planı
Siyasət

Makronun növbəti uğursuz planı

Fransanın keçmiş müstəmləkə ölkələrindən qovulması onun durumunu daha da çətinləşdirib. Siyasi və diplomatik sahədə uğursuzluqlar ölkəni iqtisadi baxımdan da iflic vəziyyətinə salıb. Erməni lobbisinin əlində oyuncağa çevrilən Fransa prezidenti bu gün ölkəsindəki etirazlara yalnız tamaşa edir.

Artıq Afrika dövlətləri də Fransanın müstəmləkə siyasətinə son vermək üçün ayağa qalxıb. Nigerdəki dövlət çevrilişindən sonra yeni hakimiyyət Fransaya yeraltı sərvətlərin xüsusən də uran və qızılın ixracını dayandırıb. Qeyd edək ki, rəsmi Parisin elektrik istehsalında istifadə etdiyi uranın təxminən 17 faizini Niger təmin edirdi və mövcud durum Fransaya baha başa gəlir. Nigerin bu addımından sonra Makronun yeni mənbə axtarışına çıxması təsadüfi deyil. Bu məsələdə İrəvandan kömək uman Fransa əfsuslar olsun ki, əliboş qayıdacaq. Çünki Ermənistanın nə uran yatağı, nə də digər zəruri faydalı qazıntıları var. Vəziyyətin gərginliyini anlayan Makron hökuməti üzünü Mərkəzi Asiya regionuna tutub.

Qazaxıstan və Özbəkistan uran ehtiyatlarına görə lider dövlətlər sırasındadır. Fransanı uçurumdan xilas etməyə çalışan Makronun bu ölkələrə səfəri də eyni məqsəd daşıyır. Bu gün "ermənidən daha çox türk düşməni" olan Makronun türk dövlətlərindən "dilənməsi" onun rəzilliyini bir daha göstərir. Hətta Fransa prezidenti bu ölkələrə səfərindən "məmnunluğunu" da diqqətə çatdırıb. Son dövrlərdə türkofob, Azərbaycanofob siyasətini daha da artıran rəsmi Paris bu ölkələrdə də müzakirə mövzusuna çevrilib. Makronun səfərindən dərhal sonra istər Fransa, istərsə də türk dövlətlərinin mediasında yayılan yazılarda Makronun bu səfərinin mühüm nəticə verməyəcəyi də qeyd edilib. Əslində, Fransa prezidentinin bölgəyə nüfuz etmək şansı yoxdur. Çünki burada Çin, Rusiya kimi fövqəldövlətlərin maraqları var. Fransanın Ermənistanı Rusiyaya qarşı qızışdırdığı da məlumdur. Qazaxıstan və Özbəkistanın Rusiya ilə sıx münasibətləri var. Fransa Rusiyanın ən böyük rəqiblərindən olan NATO kimi bir təşkilatın üzvüdür. Bundan başqa, rəsmi Parisin həmin regionla siyasi, tarixi, mədəni bağları da yoxdur. Yəni Makronun bu səfəri daha çox "vaxt itkisi" idi.

Həmçinin istər Özbəkistanın, istərsə də Qazaxıstanın Azərbaycan və Türkiyə ilə əlaqələri möhkəmdir. Bu baxımdan Cənubi Qafqaz regionunun iki ən böyük aparıcı güclərinə qarşı mübarizəni prioritet hesab edən Makron üçün "Mərkəzi Asiya planı" baş tutmayacaq. Fransanın neokoloniolist siyasətinin əksinə, bu gün türk dövlətləri balanslaşdırılmış siyasət yürütməklə bütün ölkələrlə dostluq münasibətləri saxlamağın tərəfdarıdırlar.

Digər bir məqam isə Qərb və Rusiya dairələrində Fransanın Mərkəzi Asiyadan uran tədarükü istəyinə çatmayacağı ilə bağlı fikirlərin səsləndirilməsidir. Çünki uranın hava nəqliyyatı ilə daşınması qadağandır və Fransa quru yolların keçdiyi ölkələrlə problem yaşayır. Digər tərəfdən Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut məhz Rusiya ərazisindən keçir. Rusiya isə yollarını Fransanın üzünə çoxdan bağlayıb. Belə olduğu halda, Fransanın Azərbaycandan keçən Orta Dəhlizdən istifadə etmək variantı qalır. Amma bu zaman rəsmi Paris iqtisadi cəhətdən ölkəmizdən asılı duruma düşə bilər.

Bütün bunlar bir daha Fransa prezidentinin Qazaxıstan və Özbəkistana baş tutan səfərlərinin ölkə üçün heç bir perspektiv vəd etmədiyini söyləməyə əsas verir. "Mərkəzi Asiya planı"na görə sözügedən ölkələrdən faydalanmaq istəyən Makronun bu arzusu da ürəyində qalacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".