Makronun Cənubi Qafqaza son təsir imkanı da əlindən alındı
Siyasət

Makronun Cənubi Qafqaza son təsir imkanı da əlindən alındı

Dekabrın 26-sı Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunduğu səfirin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Bu addımın atılmasına səbəb odur ki, diplomatlar fəaliyyət göstərdikləri ölkələrdə toxunulmazlığa malikdirlər və onlar yerli qanunlarla cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Amma diplomatik missiyanın fəaliyyət göstərdiyi ölkə qanunlarını pozan və cinayət başında yaxalanan səfirlik işçilərini ölkəsindən çıxara, "arzuolunmaz şəxs" elan edə bilər. Yəni rəsmi Bakının atdığı addım qanunauyğundur, eyni zamanda zəruridir. Bunun zəruriyyətdən  doğan qərar olduğunu demək üçün xeyli əsaslar var. Belə ki, səfirlik əməkdaşları ilə  bağlı tədbir görülməsi tək diplomatik deyil, eyni zamanda siyasi, hərbi və regional təhlükəsizlik baxımından da önəmlidir. Çünki rəsmi Paris Cənubi Qafqazda yaranmış yeni geosiyasi konfiqurasiyada öz yerini tutmağa çalışır. Bunu da regionun zəif bəndi olan Ermənistan üzərindən reallaşdırmaq istəyir. Yelisey Sarayının məqsədlərinə çatması isə regionda sülhün əldə olunmaması deməkdir. Bu səbəbdən də Makron hökuməti hər cəhdlə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına, yekun razılıqların əldə olunmasına maneçilik törədir. Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yönəlmiş qətnamələr qəbul etdirmək cəhdləri, eləcə də separatizmə dəstək verməsi bu planın tərkib hissəsi kimi şərh olunmalıdır. Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan belə bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris qərara qarşı çıxıb. Amma Makron hökumətinin bu cəhdləri də nəticəsiz qalıb.

Görünür, bunların fonunda Azərbaycana qarşı siyasi-diplomatik cəbhədə uğursuzluğa düçar olan, Cənubi Qafqazda təsirini itirən Fransa diplomatiya pərdəsi altında hərbi-kəşfiyyat metodlarına əl atıb. Təsadüfi deyil ki, Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" elan olunan diplomatların Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları olduqları və regiondakı kəşfiyyat fəaliyyətini kurasiya etdiklərinə dair iddialar var. Bu hadisənin Fransanın agentura və rezidentura şəbəkəsinin ifşa olunmasından sonra gündəmə gəlməsi və Emmanuel Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad etməsi  sözügedən iddiaları gücləndirir.

Fransa uğursuz xarici siyasi kursuna görə qısa zamanda Niger, Qabon, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində təsir imkanlarını itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri fiaskoya uğrayıb. Azərbaycanın da Parisi Ermənistanla normallaşma prosesindən kənarlaşdırması, casus şəbəkəsini ifşa etməsi və diplomatlarını "persona-non-grata" elan edərək ölkədən çıxarması Makron Administrasiyasının Cənubi Qafqazdakı siyasi nüfuzunun tam iflası deməkdir. Fransa kəşfiyyatının son illərdə uğradığı ən böyük uğursuzluq isə Azərbaycan xüsusi xidmət orqanlarının növbəti peşəkarlıq nümunəsi, qələbəsi hesab olunmalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".