Laçın nəzarət-buraxılış məntəqəsi - suveren hüququmuz
Digər xəbərlər

Laçın nəzarət-buraxılış məntəqəsi - suveren hüququmuz

Terrorizm sözü özündə ekoloji terror ifadəsini də ehtiva edir. Qarabağın və ətrafındakı 7 rayonun rəsmi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində olmasına baxmayaraq, son 30 ildə Ermənistanın qanunsuz işğalı altında qalıb.

İşğal nəticəsində təxminən 30 min insan həyatını itirib və 1 milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb. O vaxtdan bəri Ermənistan təbiətə qarşı təcavüzkar davranışlarından da vaz keçməyib.

Bununla da, bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə ciddi ziyan vurulub.

Qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.

Belə bir zavodun tikintisi insanlara və planetimizə zərər verə bilər. Onun geniş təsirlərini, insan sağlamlığı, ətraf mühit və həqiqi dayanıqlılıq üçün yaratdığı təhlükəni nəzərə alsaq, bu, vətəndaş cəmiyyəti üçün "qırmızı xətt" deməkdir. Zavodun tullantılarının Araz çayına axıdılması potensialı çaydakı vəhşi təbiət, həmçinin Araz çayından suvarma məqsədilə istifadə edən fermer təsərrüfatları üçün narahatlıq yaradır. İçməli su tədarükünün çirkləndirilməsi sərhəd kəndlərində yoluxucu xəstəliklərin yayılmasına səbəb ola, insanların sağlamlığına və su təhlükəsizliyinə ziyan vura, potensial olaraq bu həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai sağlamlıq böhranı yarada bilər. 2022-ci il dekabr ayında Şuşa şəhəri yaxınlığında yüzlərlə azərbaycanlı fəal etiraz edərək ətraf mühitin qorunması tələbiylə aksiya keçirməyə başladı. Keçirilən aksiyanın səbəbi Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqinin növbəti təxribat nəticəsində baş tutması ilə əlaqədar olmuşdu. Aksiya 138 gün davam etdi. 138 günün sonunda ekoloji aksiya iştirakçıları aksiyanın dayandırılması ilə bağlı qərar qəbul etdi.

Bu hadisələrin sonunda Azərbaycanın qüdrəti bir daha dünyaya bəlli oldu. Belə ki, Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu məntəqəni yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısı alınmadı, həm də Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdiyini bir daha təsdiqlədi. Bununla, Prezident İlham Əliyevin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!" sözləri bir daha öz təsdiqini tapdı. Bu, Azərbaycan Prezidentinin ardıcıl şəkildə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsi və növbəti təntənəsidir. Azərbaycanın Laçın yolunun girişində sərhəd-nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərinin mühafizəsi üzrə suveren hüququdur.

Həmçinin qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycanda həyata keçirdiyi təxribatlara və qeyri-qanuni fəaliyyətlərə son qoymaq məqsədilə Laçın yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə Azərbaycanın təklifinə müsbət cavab vermək əvəzinə, Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu ilə bağlı qərarını da təhrif etməkdən çəkinmir.

Röya RÜSTƏMLİ,

"Respublika".