Laçın əzəli sahiblərini qarşılamağa hazırlaşır
Siyasət

Laçın əzəli sahiblərini qarşılamağa hazırlaşır

Gələcəyə inamla baxan, düşməndən intiqam alan, doğma yurd yerlərinə qayıtmağa hazırlaşan laçınlılar həyatın bütün sınaqlarına mərdliklə sinə gəriblər, ən çətin günlərdə ruhdan düşməyərək sıx birləşib, erməni işğalının gətirdiyi çətinliyi, kədəri birlikdə dəf edib və bircə gün də olsun doğma yurd yerlərini unutmayıblar. Erməni işğalından əziyyət çəkən laçınlılar xoşbəxt günlərinə qovuşur.

Azərbaycana qarşı hərbi təcavüz həyata keçirən, 44 günlük müharibədə başı əzilən, ordusu fərarilər yığnağına çevrilən, sülh danışıqlarından yayınan, sözü ilə əməli düz gəlməyən, başqalarının əlində oyuncağa çevrilən Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən açıq-aşkar yayınır. Son vaxtlar isə həm Ermənistan ərazisindən, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulur, ermənilər təxribat-diversiya hərəkətlərindən əl çəkmirlər.

Məlum olduğu kimi, rəşadətli Azərbaycan Ordusu Laçın rayonunun cənub hissəsini 44 günlük müharibə ərzində azad etdi. Ermənistan məğlub oldu və kapitulyasiyaya qol çəkdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan sənədə görə dekabrın 1-dən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycanın nəzarətinə keçdi. Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət ünvanlayaraq, Laçını tərk etmələri üçün onlara 2022-ci il avqustun 25-nə qədər əlavə vaxt verilməsini xahiş etdilər. Halbuki, bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan, daha çox xaricdən - Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Azərbaycan humanistlik göstərərək onlara bu imkanı yaratdı. Ermənilər isə öz xislətlərinə uyğun olaraq faşist təfəkkürü ilə uzun illər yaşadıqları evlərə od vuraraq yandırdılar və heç utanmadan bu vəhşiliyi lentə aldılar. Həyasız, idbar ermənidən bundan artıq nə gözləmək olardı?!

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bütün baş verənlər azərbaycanlılarla ermənilər arasındakı fərqi anlamaq üçün hazırda ermənidən çox ermənilik edən dövlətlər üçün əyani bir nümunədir. Erməni havadarlarına səslənirəm, bəs buna nə ad vermək olar ki, Azərbaycan dövlətinin bu humanist addımına qarşı erməni tərəfi həmin müddətdə təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşəyib və bu minalar müharibədən sonra - 2021-ci ildə basdırılıb. Laçında, Sarıbaba yüksəkliyinin şimal istiqamətində aşkarlanmış və Ermənistan istehsalı olan piyada əleyhinə minalar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən 44 günlük müharibədən sonra basdırılıb. 2022-ci il noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E fuqas tipli piyada əleyhinə mina zərərsizləşdirilib. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb.

 

Tarixin və zamanın sınaqlarından keçən Laçın

Dağlar qoynunda qartala bənzəyən Laçının başı üzərindən zamanın sərt küləkləri əsib, yadellilərin hücumlarına məruz qalıb, lakin heç vaxt dəyanətini itirməyib.

Qocaman tarix heç nəyi unutmur. Bu bir həqiqətdir ki, XX əsrin əvvəllərində Zəngəzur, İrəvan və Arazboyu ərazilərdə dəhşətli vəhşiliklər törədən erməni silahlı dəstələrinə həlledici və öldürücü zərbəni Xalq qəhrəmanı Sultan bəyin rəhbərliyi ilə Laçının igid övladları vurub. Zabux dərəsində erməni silahlı birləşmələrini mühasirəyə alaraq düşmənə sarsıdıcı zərbələr endirib. Beləliklə də Qarabağda yaşayan Azərbaycan əhalisini gözləyən böyük bir təhlükə aradan qaldırılıb.

30 ilə yaxın idi ki, laçınlılar doğma torpaq nisgili ilə qovrulurdu. Nəhayət, gün gəldi ki, bu nisgilə, ədalətsiz ayrılığa, yurd həsrətinə son qoyuldu. Azərbaycan öz tarixi ərazilərini özünə qaytardı, ərazi bütövlüyünü təmin etdi. Qeyd etmək yerinə düşər ki, 44 günlük müharibə təkcə döyüşlərdən ibarət olmadı, müharibə həm də siyasi arenada, informasiya cəbhəsində aparıldı. Fəxrlə demək lazımdır ki, qazanılan böyük qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlara söykənən müstəqil siyasətinin, beynəlxalq arenadakı yüksək nüfuzunun, rəşadətli əsgər və zabitlərimizin, xalqımızın sarsılmaz birliyinin məntiqi nəticəsidir.

Uzun illərdən bəri Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün həyatı yaşayan laçınlılar Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Ən ağır illərdə belə torpaq və yurd həsrəti ilə yaşayan Laçın camaatı həmişə güclü inam, dövlətçiliyimizə sədaqət və fəal vətəndaş mövqeyi nümayiş etdirib, birmənalı olaraq iqtidarın müdafiəsində dayanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ölkəmizdə, o cümlədən işğaldan azad edilən torpaqlarda sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulur, sabitlik və təhlükəsizlik təmin edilir. Məhz buna görə laçınlılar dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyir və müdafiə edirlər.

Həmsöhbətim, laçınlı Məhəmməd Şahbazov deyir:

- 1992-ci ildə müharibənin dəhşətləri, doğma yurd yerlərinin itirilməsi, igid oğulların şəhid olması, torpaqlarımızın işğala məruz qalması insanları ümidsizliyə, ruh düşgünlüyünə düçar etmişdi. Digər tərəfdən isə o vaxtkı rəhbərliyin günahı üzündən respublikada aclıq, səfalət hökm sürürdü. Bütün bu özbaşınalığa, hərc-mərcliyə, anarxiya və xaosa görə laçınlılar da sabaha olan ümidlərini itirmişdilər. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün bəlalara son qoydu. Ölkə parçalanma təhlükəsindən xilas oldu. Vətəndaş müharibəsinin qarşısı alındı. Qanunsuz silahlı dəstələr ləğv edildi. Cəbhə xəttində atəşkəs elan olundu. Ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olmağa başladı. İtirilmiş ümidlər yenidən dirçəldi. Ölkədə güclü qayda-qanun yaradıldı. Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkünə çevrilmiş insanlara diqqət və qayğı artırıldı. Yüzlərlə laçınlı torpaqların işğaldan azad edilməsi üçün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşlərdə iştirak etdi.

Laçın rayon sakini Güllü İbadova yenidən Laçına dönə biləcəyinə görə özünü xoşbəxt hesab etdiyini bildirir və deyir:

- Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərini nəzarətə götürməsi barədə xəbəri eşidəndə keçirdiyimiz sevinc hissini sözlə ifadə etmək çətindir. Çünki bu xəbəri 30 il gözləmişik. Nəhayət, arzularımız çin oldu. Artıq təkcə laçınlılar üçün deyil, bütün azərbaycanlılar üçün çox əlamətdar olan hadisəyə - doğma Laçınımıza qayıdışın başlanmasına hazırlıqlara şahidlik edirik. Biz laçınlılar ötən illər ərzində doğma yurdumuza qayıdacağımıza heç vaxt şübhə etmədik. Tezliklə Laçına qayıdışın sevincini də yaşayacağıq. Mən də bir həkim kimi istəyirəm fəaliyyətimi doğma rayonumda davam etdirəm, sakinlərimizin sağlamlığının keşiyində duram. Bu möhtəşəm tarixi bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətdarlığımı bildirir, şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram.

Başqa bir həmsöhbətim, rayon ziyalısı Nicat Həsənov deyir:

- Laçın şəhərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsini tarixi hadisə kimi qiymətləndirirəm. Laçın Azərbaycanın ən böyük strateji əhəmiyyətə malik rayonlarından biridir. Ali Baş Komandanın həm müharibə meydanında, həm də diplomatik müstəvidə göstərdiyi qətiyyət və qazanılmış uğurlar həmin ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsini təmin etdi. Prezident İlham Əliyevin rəsmi tvitter səhifəsində etdiyi paylaşım hər bir laçınlıya böyük sevinc, qürur yaşatdı. Bu sevinci, bu qüruru bizə bəxş etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirəm.

Qarabağ iqtisadi rayonunda olduğu kimi, Şərqi Zəngəzur zonasında da avtomobil yolları salınır, bu yolların çətin keçilən hissələrində tunellər tikilir, Laçın hava limanı inşa olunur, enerji təsərrüfatı qaydaya salınır, bir sözlə, misli görünməyən genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə və proqramlara, çoxyönlü tədbirlərə Prezident İlham Əliyev birbaşa özü rəhbərlik edir. Dövlət başçısının sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa ediləcək. Yol üzərində 3 tunelin tikintisi aparılır. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Bundan başqa, İstisu-Minkənd yolu da inşa olunur. Qeyd edək ki, keçmişdə bu yol olmayıb, indi yenidən çəkilir, uzunluğu isə 51 kilometrdir. Yeni yol Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirəcək. Həm də, bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda yol boyunca işlər sürətlə aparılır.

Dövlətimizin başçısı İlham Əliyevlə birinci xanım Mehriban Əliyevanın 2021-ci il avqust ayının 16-da Laçına səfəri zamanı Qorçu kəndində təməlini qoyduqları Laçın Beynəlxalq Hava Limanının əhəmiyyəti bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada belə vacib hava nəqliyyatı infrastrukturunun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın hava limanı logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Yeni texnologiyalar əsasında inşa edilən hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Burada 3 kilometrlik uçuş-enmə zolağının, 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanının xüsusi əhəmiyyəti ondadır ki, ətraf ərazilərə hava nəqliyyatı ilə yüklərin daşınması və gələcəkdə turizmin inkişafı üçün gediş-gəliş asanlaşacaq.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 2021-ci il fevralın 14-də Laçın rayonuna səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırıb.

Ötən ilin avqust ayında Kəlbəcər və Laçın rayonlarına səfər edən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yaylaqdakı arıçılarla səmimi görüşü və həmin görüşdə dünyada tayı-bərabəri olmayan Kəlbəcər balı haqqında maraqlı söhbət bu yerlərə yeni bir həyatın gəlməsindən xəbər verdi.

Ermənistanın işğalı illərində laçınlıların yaşadıqları bütün kədər və üzüntülər artıq geridə qalıb. Digər azad edilmiş ərazilərimiz kimi, Laçının da yeni dövrü başlanıb.

Salman ALIOĞLU,

"Respublika".