Kreslosunu itirməkdən qorxan Paşinyan siyasi həbslərə başlayıb
Dünya xəbərləri

Kreslosunu itirməkdən qorxan Paşinyan siyasi həbslərə başlayıb

Ermənistanda "Respublika" Partiyasının sədr müavini Armen Aşotyan həbs olunaraq İstintaq Komitəsinə aparılıb. İki ay müddətinə həbs olunan Armen Aşotyan təhsil naziri kimi fəaliyyət göstərdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur. Amma müxalifət nümayəndəsinin həbsinə reaksiyalar birmənalı deyil.

Siyasətçinin vəkili Tiqran Atanesyan bildirib ki, Aşotyan keçmiş təhsil naziri və tibbi xidmətin polkovnik-leytenantı olmasına baxmayaraq, cəzaçəkmə müəssisəsinə yerləşdiriləcək. Onun cinayətkarlarla birlikdə saxlanılması isə bir növ qisasdır. Erməni İnqilabi Federasiyası da Armen Aşotyanın siyasi qurban olduğunu və hüquq-mühafizə orqanlarının rejimin siyasi sifarişi əsasında onu həbs etdiyini açıqlayıb. Həmçinin, "Respublika" Partiyasının daxilində də Aşotyanın siyasi təqibə məruz qaldığı düşüncəsi güclüdür, onlar bu addımla Paşinyanın Rusiya meyilli müxalifəti tam zərərsizləşdirmək istədiyini deyiblər. Ümumi rəy bundan ibarətdir ki, Armen Aşotyan hər zaman Ermənistanın maraqlarından çıxış edən, xarici siyasətdə baş verən prosesləri ilk şərh edən şəxs olub. O, həm də müxalifət düşərgəsinə hansı tezislərin irəli sürülməli olduğunu göstərib. Amma bunlar hakimiyyətin maraqlarına cavab vermədiyindən Paşinyan sabiq naziri azadlıqdan məhrum edib. Erməni lider bu addımı ilə siyasi rəqiblərinin təmsil olunduğu müqavimət mərkəzlərinin növbəti imkanlarını da əlindən almağa çalışır. Yəni Aşotyanın həbsi düşünülmüş siyasətin tərkib hissəsidir.

Məlum məsələdir ki, Serj Sarkisyanın silahdaşının həbsi müxalifəti sıradan çıxarmaq xarakterlidir. Hökumətin rəqibini çökdürmək üçün nəyə görə məhz Aşotyan faktorundan istifadə etməsinə gələndə isə xeyli maraqlı məqamlar üzə çıxır. Belə ki, Armen Aşotyan ölkəsində Paşinyanın gizli planlarını ifşa edən şəxs kimi tanınır. Elə onun paylaşdığı "Sülh danışıqlarının başlanmasının elementləri" adlı sənəddə Paşinyanın Qarabağı tam şəkildə təslim etmək istədiyi bildirilmişdi, hətta qeyd olunmuşdu ki, mətndə əsas diqqət edilməli məqam Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsinin Azərbaycanın Konstitusiyasına və onun beynəlxalq öhdəliklərinə uyğun olmasıdır. Bütün bu faktorları nəzərə alanda erməni ictimaiyyətində belə bir fikir formalaşıb ki, Paşinyan isteblişmenti sülh danışıqlarında irəliləyiş əldə edib və müqavilənin imzalanması üçün güzəştə getmək öhdəliyi götürüb. Erməni politoloq Naira Zöhrabyan da bu gedişatı Nikol Paşinyanın təslim olması kimi şərh edib: "Nikol Paşinyan təslim olmaq üzrədir. İctimaiyyətin bundan xəbər tutmaması üçün də yalançı sülhün kodlarını başa düşən bütün siyasətçiləri susdurmaq, hətta məhv etmək istəyir. Aşotyan da Paşinyanın ictimaiyyəti çaşdırmaq üçün istifadə etdiyi bütün hiylələri hərtərəfli arqumentlərlə məhv edən nadir siyasətçilərdəndir. O deyirdi ki, sülh müqaviləsi ermənilər üçün ölüm şəhadətnaməsidir. Görünür, Paşinyan bu prosesi inkişaf etdirib ki, Aşotyanı sıradan çıxarmaq üçün qəti addımlar atıb".

Buradan o nəticəyə gəlmək mümkündür ki, Paşinyan hökumətinin razılaşmalara getməsi növbəti mərhələdə sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması ilə nəticələnəcək. Bu səbəbdən, iqtidar ölkə daxilində narazılığın qarşısını almaq üçün müxalifətin tanınan simalarını həbs etməyə start verib.

Jalə QASIMZADƏ,

"Respublika".