BVF qlobal faiz dərəcələrinin uzun müddət yüksək qalacağını proqnozlaşdırır
Dünya xəbərləri

BVF qlobal faiz dərəcələrinin uzun müddət yüksək qalacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondunun (BVF) birinci vitse-prezidenti Gita Qopinath inflyasiyanın hədəflənmiş səviyyəyə qaytarılması üçün mübarizənin davam etdiyi bir vaxtda qlobal faiz dərəcələrinin uzun müddət yüksək qalacağını gözlədiklərini bildirib. 

"Respublika" “Bloomberg”ə istinadla xəbər verir ki, Cənubi Afrika Mərkəzi Bankının təşkil etdiyi konfransdakı çıxışında Qopinath, qlobal maliyyə şərtlərinin çətinləşməsi, geoiqtisadi fərqliliyin artması və iqlim dəyişikliyinin artan xərcləri səbəbindən inkişaf etməkdə olan bazarlar üçün xarici şərtlərin dəyişdiyini deyib. 

Qlobal maliyyə şərtlərinin daha da çətinləşdiyini ifadə edən Qopinath bildirib ki, inflyasiyanın hədəfə qaytarılması üçün mübarizə davam edərkən qlobal faiz dərəcələrinin uzun müddət yüksək qalması gözlənilir. Onun sözlərinə görə, faiz dərəcələri əvvəllər olduğu kimi aşağı həddə düşməyəcək. 

İnkişaf etməkdə olan ölkələr üçün maliyyə şərtlərinin bu mühitdə çətinlik yarada biləcəyini qeyd edən Qopinath, hər cür çətinliyin aradan qaldırılması üçün makro əsasların gücləndirilməsinin kritik əhəmiyyət daşıdığını bildirib. 

O əlavə edib ki, inkişaf etməkdə olan bazarlar çətin iqtisadi mühit qarşısında öz maliyyə buferlərini yenidən qurmalı, ticarətin şaxələndirilməsi və islahatlar vasitəsilə fikir ayrılığına qarşı dayanıqlılığı artırmalı, maliyyə və sosial cəhətdən davamlı iqlim strategiyasını həyata keçirməlidir.