Kosmonavtikanın inkişafında müstəsna xidmətləri olan görkəmli alim və hərbi xadim
Sosial həyat

Kosmonavtikanın inkişafında müstəsna xidmətləri olan görkəmli alim və hərbi xadim

14 noyabr 1917-ci ildə Sovet İttifaqının kosmik proqramının banilərindən biri, idarəolunan gəmilərin sınaq uçuşları üzrə Dövlət komissiyasının sədri, artilleriya general-leytenantı, sovet mühəndisi və alimi Kərim Abbasəli oğlu Kərimov Bakıda anadan olmuşdur. K.Kərimov uzun illər sovet kosmonavtikasında əsas simalardan biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı. O, kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatlarına layiq görülüb.

1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Artilleriya Akademiyasında təhsilini davam etdirən K.Kərimov bununla gələcək həyat yolunu kosmik-raket sistemlərinin yaradılması ilə bağladı. 1946-cı ildən ballistik raketlərin radio-ölçü sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Elmi-texniki araşdırmalar nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən "Don" radio-ölçü sistemi yaradılıb və kosmik raketlərdə tətbiq olunub. Ötən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşməsində və süni peyklərin yaradılmasında bir alim və yüksək səviyyəli mütəxəssis kimi qiymətləndirilərək "Molniya-1" - rabitə, "Meteor" - meteroloji və Yerin məsafədən zondlama süni peyklərin uçuşu üzrə Dövlət komissiyasının sədri vəzifəsinə təyin olunub və 1961-ci ildə insanın (Y.A.Qaqarin) kosmosa ilk dəfə uçuşu ilə əlaqədar "Lenin" ordeni ilə təltif edilib, Yerin məsafədən zondlama sistemlərinin və istiqamətləndirilmiş süni peykin yaradılmasına görə “Lenin” mükafatına layiq görülüb. K.Kərimovun görkəmli alim və mütəxəssis kimi tanındığını və hərtərəfli biliklərə malik olduğunu nəzərə alaraq 1966-cı ildə o, kosmik uçuşlar üzrə Dövlət komissiyasının sədri vəzifəsinə təyin olundu. Unikal biliyə malik olan həmyerlimiz fasiləsiz olaraq 25 il bu məsul vəzifədə çalışıb.

1967-ci ildə "Soyuz" kosmik gəmilərinin birinci avtomatik birləşməsinin uğurla həyata keçirilməsi münasibətilə K.Kərimova general-leytenant rütbəsi verilib. 1979-cu ildə isə orbital stansiyalarda beynəlxalq uçuşlar silsiləsinin müvəffəqiyyətlə həyata keçirilməsi münasibətilə ona Dövlət mükafatı təqdim olunub. Hər dəfə kosmik uçuşlara, o cümlədən aya və başqa planetlərə kosmik raketlərin göndərilməsi haqda sonuncu qərarı məhz o qəbul edirdi. 1987-ci ildə general-leytenant K.Kərimov çoxmodullu "Mir" stansiyasının yaradılması, beynəlxalq ekipajların uçuşlarını həyata keçirməsi və anadan olmasının 70 illiyi münasibətilə ikinci dəfə “Lenin” ordeni ilə təltif edilib.

Qeyd etmək lazımdır ki, kosmik fəzanın tədqiq edilməsi məqsədilə güclü "Soyuz" raket daşıyıcılarının yaradılması, "Salyut" orbital stansiyasının qurulması bilavasitə K.Kərimovun rəhbərliyi ilə həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu "Mir" orbital stansiyası yaradılıb. 1991-ci ildə təqaüdə çıxan Kərim Kərimov ömrünün sonunadək Rusiyada Uçuşu İdarəetmə Mərkəzində məsləhətçi vəzifəsində çalışıb. Kərim Kərimov 2003-cü il martın 29-da ömrünün 86-cı ilində Moskva şəhərində vəfat edib və orada da dəfn olunub.

Bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr edən K.Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. K.Kərimovun adı keçmiş SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, 2 dəfə dövlət mükafatı alıb. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə dövlət mükafatlarına layiq görülən K.Kərimov müstəqil Azərbaycanın "Şöhrət" ordeni ilə də təltif edilib.

Əmək fəaliyyəti Moskva ilə bağlı olan Kərim Kərimov doğma Vətəni Azərbaycanla əlaqəsini kəsməyib, 1978-ci ildən sonra fəaliyyətə başlayan Azərbaycan Milli Aerokosmik Agentliyinin kollektivinə dəyərli tövsiyə və məsləhətləri ilə yaxından kömək edib. K.Kərimovun Azərbaycan Respublikasında kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi nəzərə alınaraq görkəmli alimi Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçmişdilər. Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə o, "Şərəf" ordeni ilə təltif edilib. Prezident İlham Əliyev 2017-ci il yanvarın 30-da "Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il noyabrın 17-də AMEA-da görkəmli alim və hərbi xadim, general-leytenant Kərim Kərimovun anadan olmasının 100 illiyi qeyd edilib.

Mustafa KAMAL,

"Respublika".