Jan-Viktor Kastor: Fransa hazırda vaxtilə yürütdüyü müstəmləkə siyasətinin cəzasını çəkir
MÜSAHİBƏLƏR

Jan-Viktor Kastor: Fransa hazırda vaxtilə yürütdüyü müstəmləkə siyasətinin cəzasını çəkir

Azərbaycana ilk dəfədir səfər edirəm. Burada ilk günlərim olmasına baxmayaraq, əminliklə deyə bilərəm ki, Bakı şəhəri Parislə müqayisədə çox təmiz, modern və gözəl şəhərdir. Qoşulmama Hərəkatının nazirlər görüşü Azərbaycanda çox gözəl təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Fransanın müstəmləkə siyasəti ilə bağlı danışdı, bu ölkənin müstəmləkələri ilə bağlı fikirlər söylədi. Bütün bunlar həqiqəti əks etdirir və biz də bunu təsdiqləyirik. Bizim ölkəmiz də Azərbaycan, Braziliya, Venesuela kimi neft və qaz ehtiyatına malikdir. Bütün bunlara baxmayaraq, Fransada olan qanunlara görə ölkəmiz təbii sərvətlərindən istifadə edə bilmir, əksinə, fransızlar onlardan yararlanır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransa Milli Assambleyasının Fransız Qvianasından olan deputatı Jan-Viktor Kastor söyləyib.

O qeyd edib ki, ölkəsi hər bir sahədə Fransa tərəfindən idarə olunur. “Torpaq bizimdir, lakin ölkəmizlə bağlı qərarlar Parisdə qəbul olunur. Fransanın Qvianada rəsmi nümayəndəsi var və bütün qərarlar onun tərəfindən verilir. Biz ölkəmizdə kollec, məktəb, bağça tikməyimiz üçün də Parisdən rəsmi olaraq icazə almalıyıq. Onların icazəsi olmadan təəssüf ki, heç nə edə bilmirik”.

Jan-Viktor Kastor diqqətə çatdırıb ki, hər hansı bir qərara etiraz bildirilərkən Fransa Qviananın qarşısını müxtəlif yollarla kəsir. “Onlar bizi əsasən iqtisadi cəhətdən çökdürürlər. 2017-2022-ci illərdə Fransanın bu amansız siyasətinə görə Fransız Qvianasında yoxsul təbəqə 30 faizdən 54 faizədək artıb. İllər keçdikcə Fransa bizi hər bir sahədə daha da zəiflədir. Fransada son seçkilərdə Emannuel Makronun prezident seçilməsindən sonra hər kəs bilirdi ki, bu ölkə tənəzzülə doğru gedir. Makronun islahatları müsbət effekt vermədi. Bu gün Fransaya getsəniz görərsiniz ki, tələbələr, kasıb ailələr aşağı büdcəli yemək almaq üçün növbələr yaradır, uzun sıralar əmələ gətirirlər. Səhiyyə, təhsil və digər sahələrdə hər şey mənfiyə doğru gedir. Hazırda insanlar Parisdə üsyan edirlər. Fransa hazırda vaxtilə yürütdüyü müstəmləkə siyasətinin cəzasını çəkir. Bu gün orada baş verən hadisələr Fransa üçün “əkdiyini biçmə zamanı” olduğunu göstərir”, - deyə o qeyd edib.